Mədəniyyətimiz gödəldiyi üçün «mədəniyət» sözü qısaldılsın!!!
Məncə, Dilçilik İnstitutu təklif etdiyi islahatı belə izah etsəydi, mübahisə yaranmazdı “Dünyanın heç bir yerində görünməyib”… “İkinci belə millət tapmazsınız”… “Analoqu yoxdur” kimi ifadələrin əleyhdarıyam. İstər xeyrimizə, istər ziyanımıza. Bu keçəl dünyada görünməmiş, tapılmayan, analoqsuq heç nə qalmayıb. Amma indi, ən azı, sual şəklində təkrarlamağa məcburam:«görəsən, kainatın hansısa bizə məlum olan, ya olmayan nöqtəsində bir əsrdə dörd dəfə əlifbasını dəyişmiş başqa bir xalq yaşayırmı? «Dörd dəfə» deyəndə, mən yerli-dibli qrafika dəyişikliyini nəzərdə tuturam, aradakı modifikasiyaları saymıram.