Muəllif:

Gülsüm

Daşnaklar kəndə hücum edərək evləri talan edib yandırdılar. Kənddən tək-tük adam meşəyə qaçaraq xilas oldu. 15 başlıq külfətdən bircə buxarıda gizlənmiş 12 yaşlı Gülsüm sağ qaldı. Onu da erməni çavuşu gizləndiyi yerdən tapıb özüylə apardı.
Qız ha çırpındı, ha ağladı, ha köməyə çağırdısa bir xeyri olmadı. Erməni onu atın belinə atıb yola düzəldi. Nə qədər və hansı tərəfə getdiklərini bilmədi. Bir də dayananda anladı ki, artıq alatorandı. Bütün bədəni sızıldayırdı. Yorğunluqdan aclıq da hiss etmirdi, amma susuzluq və qorxudan dili-dodağı təpimişdi. Az keçməmiş nəhayət onu atdan düşürdüb büküldüyü xalçadan çıxartdılar. Tezcə də əl-qolunu bağlayıb heyvan kimi cidarladılar. Su istəyəndə erməni bardağdakı suyu içib dibini onun başından aşağı tökdü və tənbəkidən sapsarı olmuş dişlərini ağardaraq hırıldadı. Gülsüm başından aşağı yuvarlanan su damcılarını diliylə tutmağa çalışdı. Elə dodaqlarınıca islada bildi. Erməninin üzünə tüpürmək istədisə, alınmadı. Ağzının içi qupquru idi.
Bir azdan ocaq çatıb yemək hazırladılar, içki içdilər və nəsə danışıb gülməyə, arada bir də Gülsümə tərəf boylanıb hırıldamağa başladılar. Uşağınsa heç halı özündə deyildı. Nəm torpağın soyuğu ayaqlarından yuxarı qalxaraq iliyinə qədər işləmişdi – titim-titim titrəyirdi. Huşunu itirməkdə idi. Elə bu vaxt üzündə erməninin soğanqarışıq içkili murdar nəfəsini hiss etdi. Ürəyi bulandı. Bilmədi nə etsin. Çığırıb çapaladı və imdad istədi. Cavabı ermənilərin qəhqəhəsi oldu. Çavuşun əlləri onun sinəsində gəzdi, təzəlikcə çırtlamaqda olan döşlərini əzişdirdi və baldırlarına doğru endi. Qızcığaz var qüvvəsini toplayıb erməninin ağzına keçən iri və ətli burnunu dişlədi. Ağzı qanla doldu, erməninin çığırtısına isə yoldaşları tökülüşüb gəldi…
Özünə gələndə ətraf sakitlikdi. Ermənilər hərəsi bir tərəfdə xoruldayırdı. Ətrafa boylanmaq istəyəndə başının zoqqultusundan az qala qışqıracaqdı. Burnu sındırılmış, üz-gözü şişmiş, dodaqları partladılmışdı. Paltarı cırma-cırıqdı. Alt-tumanı da əynində yoxdu. Baldırları laxta qan içində idi. Uşaq olsa da, nə baş verdiyini anladı. Çığırıb ağlamaq istəsə də, alınmadı. Boğazı da, gözünün yaşı da qurumuşdu. Taqətsiz halda uzanıb göydəki ulduzlara baxdı. Sakitcə, heç nə olmamış kimi sayrışırdılar. Kim bilir onlar nələrə şahid olmuşdular…
Bütün bu baş verənlərdə Gülsüm üçün bircə müsbət məqam vardı. Əl-qolunun iplərini açmışdılar. Sərbəstdi. Görünür, onlar üçün daha əhəmiyyətini itirmişdi. Elə bu vaxt ermənilərdən biri yerindən qalxıb səldirləyə-səldirləyə qızcığazın yanından ötərək yarğanın başındakı qayanın üstünə qalxdı. Elə həmin an Gülsümün burnuna sidik iyi gəldi. Bu o idi – çavuş. Ona qədər 5-10 addım vardı. Qızın beyni birdən saat kimi işləməyə başladı. Nə etmək istədiyini anlayan kimi tərəddüd etmədən bədəninin bütün ağrılarını unudub çavuşa doğru yürüdü və özünü zərblə onun üstünə atdı. Gecənin sakitliyini boğuq çığırtı və tappıltı pozdu…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 507