Muəllif:

Hara gedirsiniz gedin, ölkənin imici sizi qabaqlayacaq

Bütün Ukrayna ondan danışır, tərəfdarlarını başına yığıb tezliklə Lvovdan paytaxta yürüş edəcəyini deyirdi. Amma Avropanın müxtəlif ölkələrindən Kiyevə axışan jurnalistlər buraya Saakaşvilini qarşılamağa gəlmirdilər. Noyabrda Brüsseldə dövlət rəhbərlərinin növbəti Şərq Tərəfdaşlıq Sammiti keçiriləcəkdi. Yeni ənənəyə görə, Avropa İttifaqı bu tədbirdən əvvəl həmin dövlətlərin jurnalistlərinin Mediasammitini təşkil etmişdi.

Jurnalistlər Borispol aeroportunda ölkə-ölkə toplaşıb onları Hilton mehmanxanasına aparacaq avtobusları gözləyirdilər. Azərbaycan nümayəndəliyi digərlərindən iki dəfə kiçik idi. Bu, diqqəti dərhal cəlb edirdi və biz Avropa İttifaqının qarasına xeyli deyindik, kimsə elə ilk iclasda Azərbaycana hörmətsizliyə görə təşkilatçıların «payını verəcəyini» söylədi.

Buna ehtiyac qalmadı. Sammitin açılışında bəlli oldu ki, azərbaycanlılar sayca digər ölkə jurnalistlərindən heç də az deyillər. Amma onların tən yarısı başqa yerlərdən – Almaniyadan, İsveçrədən, Çexiyadan, Gürcüstandan, Ukraynanın özündən gəlib. Kimi təqiblərdən qaçıb, kimi həbs təhlükəsi ilə üzləşərək vətəni tərk edib, kimi sığınacaq alıb, kimi də qəzeti-saytı bağlandığı üçün xaricdə iş qurub.

Sammitdə Avropa İttifaqının, beynəlxalq təşkilatların nümayəndələri bizimlə çəkingən davranır, hətta çoxumuza potensial «qurbanlar» kimi baxırdılar. Ona görə ümumi iclaslara Bakıdan çıxışçı salmamışdılar, plenar sessiyalarda tək bircə nümayəndəmizə kifayət qədər mücərrəd mövzuda söz vermişdilər. Bu yolla avropalılar bacardıqları kimi qayğımıza qalırdılar, ehtiyat edir, heç kimə vətənə dönəndən sonra əlavə problem yaratmaq istəmirdilər. Amma belə qayğının özündə nəsə aşağılayıcı bir şey vardı: ukraynalılar, moldovalılar, gürcülər, ermənilər danışırdılar, biz qulaq asırdıq. Adam özünü ikinci dərəcəli iştirakçı hiss edirdi.

***

Müstəqilliyini qazanandan sonra Azərbaycana Avropa millətlər masasının arxasında bərabərhüquqlu yer ayrıldı. Sürətli inkişaf potensialına, Qərblə Şərq arasında mühüm coğrafi mövqeyə malik bu ölkəyə ilk vaxtlar böyük diqqətlə yanaşılırdı, ona strateji tərəfdaş kimi önəm verilirdi. Amma zaman keçdikcə münasibət dəyişdi, Azərbaycanın beynəlxalq imici getdikcə pisləşdi…

Əvvəllər dünyada, ilk növbədə, maddi sərvətləri ilə tanınan ölkəmizin adı indi daha çox transmilli maxinasiyalar, korrupsiya qalmaqalları ilə bağlı çəkilir, tez-tez jurnalistlərin həbsi, insan hüquqlarının pozulması ilə əlaqədar gündəmə gəlir. ATƏT-də, Avropa Şurasında, Parlament Assosiasiyasında, Avropa İttifaqında — hər yerdə tənqidlərlə üzləşirik, beynəlxalq reytinqlərdə hətta özümüzün «qeyri-sivil» adlandırdığımız xalqlarla yanaşı yer tuturuq, artıq dövlətimiz sanksiyalarla, üzv olduğu nüfuzlu qurumlardan kənar edilməklə hədələnir.

Azərbaycanın zədəli, korlanmaqda davam edən beynəlxalq imicinin ağrısını ölkədən kənara ayaq basan hər kəs hiss edir. Utanc gətirən əməllərdə heç bir iştirakı olmayan insanlar da tənə payına şərik çıxmalı olurlar. Çünki, bu, bizim ölkəmizdir, bütün hallarda – istər rəsmi, istər qeyri-rəsmi – hamımız onun təmsilçiləriyik və vətənimizdə baş verənlərə görə məsuliyyətdən qaça bilmərik. Hətta Vətəndən baş götürüb qaçanlar da bu məsuliyyətdən yaxa qurtarmırlar. Bütün dünyanı təsəvvürünüzdə döğulduğunuz kənd boyda kiçildin və özünüzü bu kənddə adı pisliyə çıxmış bir ailənin üzvü hesab edin. Onda nə dediyim aydın olacaq.

İri media şirkətlərinin tənqidi çıxışlarına, beynəlxalq təşkilatların artan təzyiqinə Azərbaycan hökumətinin bir cavabı var: «düşmən şəridir, erməni lobbisinin təxribatıdır». Belə izahat yalnız Azərbaycan parlamentində və cəmiyyətin öz parlamentinə layiq hissəsində keçərlidir. Qərbdə isə o, dərin məyusluq, acı gülüş doğurur: erməni lobbisinin bunca böyük qurumlara, prezidentlər bata bilməyən media nəhənglərinə hökm etmək qüdrəti olsaydı, Azərbaycanla haqq-hesab çəkməzdən əvvəl öz ölkəsinə gün ağlayardı.

***

Desəm ki, xaricdə imicimizi dəyişmək üçün daxildə çox şeyi, bəlkə, həyat tərzimizi dəyişməliyik — yeni fikir söyləmiş olmaram. Amma desəm ki, hətta indiki şərtlər çərçivəsində bunun üçün görülməli olan işlərin heç yarısı da yerinə yetirilmir, sübuta ehtiyac yaranacaq.

Altı-yeddi il əvvəl «Dünya Azərbaycan Mediası» adlı bir layihəyə başlamışdıq. Güclü hazırlıq görmüşdük, ilkin vəsait toplamışdıq. Getdiyimiz ölkələrdə azərbaycanlı jurnalistləri tapıb məsləhətləşmişdik. Onların arasında sanballı nəşrlərin redaktorları, tanınmış radio-televiziya işçiləri var idi. Məqsədimiz dünyadakı azərbaycanlı jurnalistləri, onların idarə etdikləri KİV-ləri vahid şəbəkədə birləşdirmək və bu möhtəşəm resursun səylərini ümummilli maraqlarımızı müdafiə etməyə yönəltmək idi. Bakıda layihədən xəbər tutanlar əməkdaşlığa ikiəlli razı olurdular. İşlər yaxşı gedirdi. Güclü sayt yaradılmışdı, əlaqələr qurulmuşdu, şəbəkəyə 39 ölkədən 160-dan çox üzv yazılmışdı, «D.A.M.» xəritəsi tərtib olunmuşdu, informasiya mübadiləsinə başlanılmışdı, skayp-konfranslar, videomüsahibələr keçirilirdi. Artıq «D.A.M.» Forumunun keçirilməsi və fəaliyyətin növbəti mərhələsinə start verilməsi məqamı yetişmişdi.

Forumun təxmini vaxtı razılaşdırılmışdı. Təşkilati xərcləri fondlardan biri öhdəsinə götürmüşdü — şəbəkə üzvləri kömək etmişdilər. İştirakçıların yol xərclərinin ödənilməsi haqda dost ölkənin Bakıdakı səfirliyi ilə danışıqlar yekunlaşırdı. Elə bu vaxt nazirliklərdən birinin mətbuat xidmətinin rəhbəri zəng etdi. Dedi ki, nazir gözlənilən Forum barədə xəbəri oxuyub, görüşmək istəyir.

Ruhlanmışdım. Belə ambisiyalı planları dövlət orqanlarının marağı və dəstəyi olmadan həyata keçirmək sonda istənilən səmərəni verməyəcəkdi. Əmin idim ki, dəstək alacağıq. Təyin edilmiş vaxtda görüşə getdim.

Əvvəlcə layihə barədə detallı məlumat verdim. Görülən işlərdən, həmçinin öz xəttimizlə Bakıya gətirdiyimiz xarici jurnalistlərdən, İtaliyanın, İspaniyanın, İngiltərənin, Almaniyanın, Danimarkanın, İrlandiyanın, Polşanın və s. nüfuzlu qəzet-jurnallarında, radio-televiziyalarında Azərbaycan haqqında gedən materiallardan danışdım, həmin materialların toplandığı qovluqları göstərdim. Mən danışdıqca nazir də ruhlanırdı. Hətta təkliflər verirdi. Axırda maliyyə məsələləri ilə maraqlandı. Bildirdim ki, Forumun iki günlük işinə 50 min dollar lazımdır, bunun bir qismi tapılıb, əsas xərclər Forum iştirakçılarının yoluna, gecələməsinə, yeməyinə gedəcək, bu məsələ də iki-üç günə başqa mənbədən həll ediləcək. Nazir təəccübləndi:

— Cəmi 50 min? Biz bundan xırda işlərə qat-qat artıq xərc tökürük. Azərbaycan dövləti belə mühüm layihəyə biganə qalmayacaq. Əlavə vəsait axtarışına vaxt sərf etməyin, işinizi görün. Mənə bir həftə vaxt lazımdır ki, məsələni formal olaraq razılaşdırım.

— Yəni bizim başqa mənbəyə müraciətimizə ehtiyac qalmır?

— Arxayın olun, öz fondlarımız Foruma lazımi dəstəyi verəcək. Bir həftəyə zəng edəcəyəm.

Qayıdandan sonra mən dost ölkənin səfirliyi ilə əlaqə saxlayıb dedim ki, problemimiz həll olundu, amma göstərdiyiniz münasibətə görə təşəkkür edirəm.

On gün keçdi. Nazirdən səs-səmir çıxmadı. Mətbuat xidmətinin rəhbərinə zəng etdim (nazir şəxsi nömrəsini vermişdi, amma telefonu qaldırmırdı). Həmin axşam xidmət rəhbərindən cavab gəldi: «Mən ona zəng vurduğunuzu çatdırdım, bir söz demədi».

Necə deyərlər, «soyub-soyub quyruğunda saxlaya» bilməzdik. Şəbəkə üzvləri ilə skayp-konfransda vəziyyəti müzakirə etdik. Forumu ertələdik. Qərara aldıq ki, o vaxtadək maliyyə çətinliyi aradan qaldırılmasa, iştirakçılar yol xərclərini özləri ödəyəcəklər. Bakıda qohumlarıgildə qalacaqlar. Belə imkanı olmayanları həmkarlarımızın evlərində yerləşdirəcəyik.

Amma… Necə deyərlər, sən saydığını say… Bankdan xəbər aldıq ki, QHT-lər haqqında qanuna düzəlişlərə əsasən göstəriş gəlib, qeydiyyatını təzələməyən təşkilatlara hesablarından əməliyyat aparmaq olmaz. Qeydiyyatdan yeni çıxarış üçün müraciət etdik. Dedilər, Nazirlər kabineti üç ay ərzində müvafiq forma tərtib edəcək, müraciətlərə ondan sonra baxılacaq. Üç ay bir il oldu, bir il — iki.

Təbii ki, belə böyük işə girişmiş təşkilat ciddi fondlara deyə bilməzdi ki, hesabımız bağlıdır, yardımı nəğd ödəyin.

Həmin nazir yerində durur. Şəbəkə artıq yoxdur. Sayt dağılıb. Mənim həvəslə nazirlikdə nümayiş etdirdiyim qovluqlar haradasa bir küncdə tozlanır. Avropa mediasında isə yalnız Azərbaycanın «dürlü-dürlü» işləri haqqında məqalələr oxuyuruq.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 693