Muəllif:

Nə üçün

Onlar İçərişəhər metrosuna tərəf gedirdilər. İti addımlarla gəzməyə alışmış Jalə oğlunun əlindən tutmuşdu, onu az qala darta-darta ardınca aparırdı. Bir an dönüb əsəbi halda oğluna baxdı, amma uşağın məsum üzünü görən kimi ürəyi yumşaldı, hətta onun halına gülümsədi:

— Röyal, yəni məktəbdə o qədər yorulmusan ki, indi ayağını sürüyə-sürüyə
gedirsən?

Mızıltı eşidildi.

İçərişəhər metrosunun qarşısına çatanda Röyal qəflətən dartınıb anasının
əlindən çıxdı və üzüaşağı, parka tərəf qaçmağa başladı.

Jalə özünü itirdi. Oğlu heç vaxt belə şey eləməmişdi – sözəbaxan və mülayim
uşaq idi. Hara qaçırdı? Nə istəyirdi?

O, qeyri-ixtiyari uşağın ardınca götürüldü. Çantasını yelləyə-yelləyə qaçır, “Röyal!” qışqırırdı. Dikdaban ayaqqabıları sürətlə qaçmağa mane olduğundan Jalə onları çıxarıb əlinə aldı.

Oğlunu parkın girəcəyində haqladı. Pencəyindən tutub hirslə uşağı özünə tərəf çəkdi.

Onlar qarşı-qarşıya dayandılar. Hər ikisi tövşüyürdü.

— Bu nə deməkdir?! Başa sal görüm…

Yoldan ötənlər çevrilib onlara baxırdılar. Qulaqlarına qədər qızarmış Röyal
başını sallayıb anasının yalın ayaqlarına nəzər saldı.

— Ayaqqabılarını geyin!…

Jalə bir az özünə gəlmişdi. Ayaqqabılarını yerə qoyub geyindi.

— Hə, de görüm bu nə oyundu çıxardın?!

— İstəmirəm…

— Nəyi istəmirsən?

— Metroya istəmirəm!

Jalə duruxdu.
— Niyə? Hər gün evə metro ilə gedirik. Bu gün niyə istəmirsən?

— … .

— Yoxsa qorxursan? Nə eşitmisən metrodan?

— Qorxmuram! Metroya minməyəcəm! İstəmirəm!

Jalə udqundu. Səsinə yumşaqlıq verməyə çalışaraq uşağı qılıqladı:

— Bəs evimizə getməyək? Burda qalaq?

— Gedək, amma metro ilə yox. — Röyal bir az aralıda dayanıb müştəri gözləyən
taksiləri göstərdi. – Taksi ilə gedək!

Jalənin çantasında cəmi səkkiz manat pul vardı. “Taksi ilə getsək, 6, ya 7 manat yazacaq, — ani olaraq düşündü, — bazarlığa pul qalmır”.

— Bu da təzə çıxıb? Metrodan evimizin lap yanında çıxırıq, taksiyə niyə pul
verək ki?

— Bizim maşınımız niyə yoxdur?

— Nə?

— Onlar mənə gülürlər! Metro ilə gedirik deyə, məni lağa qoyurlar!

— Kim?…

— Turqut, Nurlan! Hamı!

Göz yaşları uşağın yanağından aşağı süzüldü. O, burnunu çəkib səssizcə ağladı.
Yumruqları ilə gözünü silir, hıçqırırdı.

Jalə donub qalmışdı. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Vaxtında uşağı evlərinin yaxınlığındakı məktəbə qoymaq istəmişdi. Əri isə şəhərin mərkəzindəki məktəbləri daha səviyyəli hesab edib öz bildiyini eləmişdi. Maaşa baxan ailənin sürücü tutmağa imkanı yox idi, məktəbin tələblərini də çətinliklə qarşılayırdılar. Evdə dəfələrlə söz-söhbət olmuş, Jalə ərini məzəmmət etmişdi.

“ — Arxasında dura bilməyəcəkdinsə, niyə bizi dağa-daşa salırdın?

— İkimiz də işləyirik, yəni bir uşağı istədiyimiz məktəbdə oxuda bilməyəcəyik?

— Görmürsən, çatmır!

— Bütün maaşımı evə gətirirəm, daha oğurluq etməyəcəm ki!

— Bəs başqaları necə çatdırır?

— Bilmirəm! Hərə özünə cavabdehdir! ”

Jalə boğazına yığılan qəhəri boğub hirsini elə oğlunun üstünə tökdü:

— Röyal! Sən indi hər uşağın sözü ilə belə oyun çıxarıb ağlayacaqsan?! Yekə
oğlansan! Demişəm, hər sözə fikir vermə!

— …Saatım da yoxdur, ayfonum da!

— Sən dərslərini…

— Yaxşı oxuyuram, amma almırsız…

Jalənin içində sanki bir şey qırıldı. Oğlunun başını qucaqlayıb köksünə sıxdı.

— Alacağıq… . Hər şeyin olacaq… . Mənim balam… . Onların hamısından yaxşı
oxuyursan, sən onlara lağ eləməlisən, onlar sənə yox!

…Taksidə yanyana oturmuşdular. Röyalın qırışığı açılmışdı, ötüb keçən rəngarəng vitrinlərə baxır, sevinirdi.

— Ana, hər gün evə taksi ilə gedəcəyik?

Jalə cavab vermədi. Onun gözünə hər şey qara rəngdə görünürdü. “Günü sabah
uşağı evimizin yanındakı məktəbə keçirəcəm. Bizə ora uyğundur”, — qərar vermişdi. Bu an o hər şeyə, hər kəsə — ərinə də, bu cəmiyyətə də, bu şəhərə də nifrət edirdi. “Bu əskikliyi bizə necə rəva gördün?” — ürəyində ərini yamanladı…

Röyal diqqətlə anasına baxdı, sanki onun ürəyindən keçənləri oxudu. O, ağıllı, həssas və mehriban uşaq idi, hər şeyi başa düşürdü və anasını incitdiyinə görə artıq peşman olmuşdu. Ona qısılıb əlindən öpdü, dizini sığalladı.

“Allah, mənim balamı saxla… Ona ürəyincə ver… Bizi uşağın yanında xəcil eləmə…Onu xoşbəxt eləmək çətindimi məgər?” – Jalə pəncərədən çölə baxsa da heç nə görmür, ürəyində öz-özü ilə danışırdı. Uşaq onu dümsükləyib baxışlarını özünə çəkməyə nail oldu.

— Sabah yenə metro ilə gedərik. Sevinc də metroya minir.

Qucaqlaşdılar. Jalənin göz yaşları durmaq bilmir, hey axır, axırdı…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 649