Muəllif:

Kino bizə nə deyir

 

Təkcə yolçular yürümür,  yollar da yürüyür                                  

                                                                                    Məhəmməd İqbal

Yimau Zhangin 1994-cü ildə çəkdiyi “Yaşamaq” filmi dünya kinosunda dramaturji istiqaməti və mövzusuna görə seçilən filmlərdəndir. Film Kann festivalında “Qran-pri” — ən yaxşı xarici dilli film kimi “Qızıl Qlobus” mükafatını qazanıb.

İnsanların həyatında xoşbəxt və bədbəxt anlar olduğu kimi, xalqların da həyatında belə anlar olur. “Yaşamaq” filmində bədbəxt həyat – Xui Fuguinin (Ge You) həyatı çin xalqının XX əsrdə keçdiyi həyatla bütövləşir. Film sıradan bir ailə həyati probleminin göstərilməsi ilə başlanır. Qumara qurşanan Xui Fuqui evini uduzur. Həyat yoldaşının ondan ayrılması, atasının qəzəbdən ölümü onu bir növ cəzasını başa düşüb bu yoldan çəkilməsi ilə nəticələnir. Bundan sonra o, dəmirdən hazırlanan milli kukla alətini oynatmaqla, pul qazanmağa başlayır. Oyun pərdəsinin süngü ilə deşilməsi epizodu  Xuinin vətəndaş müharibəsinə atılmasına səbəb olur. O, kuklalarla əsgərlərin qarşısında da çıxış edir. Burada biz müharibənin mədəniyyət qarşısında yenildiyini görürük. Çinin milli kukla teatrı məktəbi bu səhnədə öz əzəməti ilə ortaya çıxır. Vətəndaş müharibəsinin bitməsi Xuinin növbəti dəfə öz aləti ilə əsgərlər qarşısında tamaşa göstərməsi həm də vətəndaş müharibəsinə milli mədəniyyətlə etirazın göstəricisi sayıla bilər.

Müharibə bitdikdən sonra Xui ailəsinə dönür. Bu zaman xanımı və iki övladı ilə yeni bir həyata başlamaq ümidi yaranır, amma Çindəki kommunist rejiminin güclənməsi insanların həyatına ciddi təsir edir. Bununla biz filmdə cəzalandırılma növbəsini görürük. Əvvəlcə Xuinin evini qumardan sonra əldə edən qonşusu kiçik burjua kimi güllələnir. Daha sonra sovetlərdə tətbiq olunmuş hərbi kommunizm siyasətinin iyrəncliklərini görürük. Hökumət nümayəndələri silah hazırlamaq üçün evlərdəki dəmir əşyaları almağa başlayırlar. Xuinin balaca oğlu onun kukla oyuncağını ortaya çıxarır. Məmurlar onun dəmir hissələrini çıxarıb aparırlar və beləliklə kukla isitifadəsiz hala gəlir. Xui isə növbəti itkiyə məruz qalır.

Filmdəki dramaturji gediş sıx şəkildə ictimai-siyasi proseslərlə bağlıdır. Fuqi ailəsi növbəti faciələri ilə qarşılaşır. Yuxarıda dediyimiz cəzalanma növbəsi filmin həm dramaturji, həm də mənəvi istiqamətinin müəyyənləşdirilməsində ciddi rol oynayır. Oğlanları məktəbə gələn komissiya nümayəndəsinin avtomobil qəzası törətməsi nəticəsində həlak olur. Daha sonra isə  ailə həyatı quran qızları dünyaya uşaq gətirəndən sonra ölür. Buna səbəb isə “Mədəni İnqilab” adlandırılan dövrdə aparılan represiyyalardır. Savadlı həkimlərin represiya edilməsi bu faciəyə yol açır.

Yuxarıda XX əsr islam dünyasının fikir adamlarından biri olan M.İqbalın fikrini elə-belədən yazmamışam. Düşünürəm ki, bu kəlam  “Yaşamaq” filminin süjet xətti və mövzusu ilə yaxınlıq təşkil edir. Çünki Fuqilər ailəsi sanki film boyu hərəkət etmirlər. Özlərini həyatın axarına buraxırlar. Filmin sonunda onların həyatda qalan nəvələrini böyütmələri göstərilir. “Yaşamaq”ın bu epizodla bitməsi filmin öz adını doğrultmasının göstəricidir.

“Səhər”ə bu gündən baxış

Sovet hakimiyyəti bədii əsərlər və filmlər vasitəsi ilə, o dövrün dili ilə desək, “zəhmətkeş” təbəqəyə təsir etməyə çalışırdı. 1960-cı ildə Mehdi Hüseyinin ssenari müəllifi, Ağarza Quliyevin rejissoru olduğu “Səhər” filmi bu qəbildən olan filmlərimizdəndir. İdeoloji yüklü olmasına baxmayaraq filmi bu gün baxımından dəyərləndirməyi lazımlı hesab etdim.

Film sinfi mübarizə üzərində qurulmuşdur. Rəhim bəyin (Ələsgər Ələkbərov) neft mədənlərindəki tətillər, özünün dediyi kimi, onu  lap “əldən salımış”dır. Rəhim bəy fəhlələrədən biri olan Bayramı (Giuli Çoxonelidze) pulla ələ almaq istəyinə çatmır. Əksinə, Bayram sahibkara qarşı üsyan bayrağı qaldıran lider kimi meydana çıxır. Filmi bir qədər diqqətlə izləyəndə Rəhim bəyin əslində talesiz durumda olması görsənir. Onun ailəsində də problem var. Qızı digər inqilabçı Aslanı (Lütfi Məmmədbəyov), oğlu Rəşid isə erməni qızı Süsəni sevir. Bu konteksdə Rəhim bəy nə qədər “milli” ifadələr işlətsə də, yenə də uğursuzluğa düçar olur. Bu baxımdan, bu günümüzdən çıxış etsək, filmdəki daxili insani problemlər bir qədər ictimai motivləri ikinci plana sala da bilir. Bununla belə ictimai mübarizə xətti insanların şəxsi xoşbəxtliyinə mane olur.

Bayram həbsxanaya salındıqdan sonra Aslan tətil hərəkatının öncülü olur. Onun atası usta Mirəli mühafizəkar və dindar bir insandır. Ona görə də tez-tez oğlu ilə mübahisə edir. Rəhim bəy Aslanı Abuzər bəyə öldürtdürür. Film boyu oğlu ilə mübahisə edən usta Mirəli isə filmin sonunda oğlunun qisasını alır. Bu isə sovet idelogiyasının filmə təsirindən xəbər verir .

Yuxarıda qeyd etdiyimiz kimi sosial mübarizə insanların xoşbəxtliyini əlindən alır. Bu günkü nəzərlə baxıldıqda aşağı zümrədən olan Usta Mirəli ilə sahibkar Rəhim bəy haradasa ortaq tale yaşayırlar. Bu isə həyatda heç də hər bir hadisənin sinfi mübarizə ilə bağlı olmadığını açıq göstərir. Rəhim övladı Rəşid üçün mal-mülk tiksə belə, onu bir növ çarəsiz hala salır, Rəşidin özünün dediyi kimi o, boğulur. Burada sinif fərqi olmadan iki yazıq ata obrazı da gözümüz önündə canlanır.

Filmin süjet xəttində tarixi-ictimai proseslərə bir baxış var. Bildiyimiz kimi 1905-06 cı illərdə “erməni-müsəlman” davası adlanan qanlı hadisələr baş vermişdir. Filmdə Rəhim bəyin ermənilərlə bağlı mənfi sözlər işlətməsi bu cəhətdən sətiraltı məna daşıyır. Rəhim bəy oğluna görə Süsənin atasından şəhəri bir müddətlik tərk etməyi israrla istəyir. Süsənin atasının “Xozeyin can, mən hara gedim?” sualına “cəhənnəmə” cavabını verir. Təbii, sovet ideologiyası bəy obrazını milli ədavət yaradan mürtecə cəhətdən verir, lakin bu günkü anlamda tam əks bir fikir yaranır.

Daha bir məqam filmin çəkildiyi ildə gedən ictimai proseslərin ekran əsərinə təsiri ilə bağlıdır. Belə ki, Məşədi Əzizbəyov (Nodar Şaşıqoğlu) filmdə Şaumyandan daha parlaq şəkildə göstərilir. Fikrimcə, buna 1954-1960-cı illər arasında ölkəmizdə gedən milliləşmə prosesi təsir göstərmişdir. Hərçənd, Əziizbəyov bu günkü Azərbaycanda müsbət bir tarixi obraz deyil. Lakin o zaman milli  şəxsiyyətlərin təbliğinə doğrudan da, ehtiyac var idi. 1956-cı ildə keçirilən Sov.İKP-nin məşhur XX qurultayının da filmə təsiri olub. Məsələn Koba (Stalin) personajı da sönük göstərilir. Film boyu adı çəkilən Koba yalnız sonda görsənir. Onun Aslanın qəbri başındakı çıxışı buna misaldır. Xatırlatmaq yerinə düşər ki, filmdən bir il öncə millətçilikdə təqsırləndirilərək işdən çıxarılan İmam Mustafayev  “26 Bakı Komissarı” məsələsində də ittiham olunmuşdu. Xruşşov onu Əzizbəyovu Şaumyandan daha çox təbliğ etməkdə ittiham etmişdi. İmam Mustafayev 1989-cu ildə bu barədə danışmışdır.

Gördüyümüz kimi filmin süjet xətti və siyasi mənası bu gün başqa cür qavranıla bilər. Ona görə də, düşünürəm ki, sovet dövrünün tarixi-ideoloji əsərlərinə başqa, fərqli bir bucaqdan da  yanaşmaq lazımdır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 552