Muəllif:

Prokuror və çoban

Mənim diş həkimim çoxlarının görəndə üzünü çevirdiyi şeylər haqqında böyük məhəbbətlə danışır.

— O dişi yonub üst qatı ki götürürsən e! Pah! Qarşında əsrarəngsiz bir mağara açılır! – deyə Ceyhun doktor bor maşınını işə salmazdan əvvəl bir addım geri çəkilib heyran-heyran qarşısında yekə açılmış ağıza baxır. Elə bil Sikstin kapellasında Mikelancelonun «Adəmin yaradılışı» əsərini seyr edir.

Ceyhun doktorun şirin söhbəti iynəni əvəz edir. Ağrı-zad yaddan çıxır. Bir də görürsən, bugünlük işini qurtarıb, amma sənin ağzın hələ açıqdır, çünki işini qurtarsa da, söhbətini bitirməyib.

— Deməli, çağırışı açıb oxuyanda çoban ödünü udur…

Ceyhun doktor böyüdüyü kəndin çobanından danışır. Bu, elə-belə çoban deyilmiş. Sovet vaxtı yüz qoyundan yüz əlli bala alan çobanlardanmış. Sovet höküməti dağıdılanda, sovxoz-kolxozların malı pay-püş ediləndə çobana da sürüdən xeyli heyvan qalıbmış. Onları böyüdüb-bəsləyib ilbəil artırırmış. Çobanın sürüsü rayonda məşhur imiş. Ən dadlı qoyun-quzu ondan alınan qoyun-quzu olarmış. Rayona qonaq gələndə də yerli rəhbərlik ona heyvan gətirtdirib Kürün qırağında, gözəl mənzərəli təpədə, İrasimin restoranında yeyib-içmək məclisi düzəldərmiş.

Yerli ənənəyə görə, qonaqlıq məsələsinə prokuror baxırmış. Adətən, rayonlarda bu işləri polis rəisləri həll edir, amma bizim doktorun rayonunda uzun illər bir zəhmli polis rəisi işləyirmiş, icra başçısı onu çox buyura bilmirmiş, prokuroru üzüyola tapıbmış, sonra isə bu müvəqqəti əvəzetmə, həmişə olduğu kimi, adətə çevrilibmiş.

Rayona Bakıdan növbəti qonaq dəstəsinin gələcəyi xəbəri çıxanda təzə prokuror üçcə gün imiş ki, işə başlayıbmış. Onun da birini xidməti evinə köçməklə məşğul olubmuş. İkincisini — müavinini də çağırıb əvvəlki prokurordan qalma kabinetdə yır-yığış eləyibmiş. İndi isə üçüncü, yəni, əslində, birinci iş günü imiş və prokuror yeni yığışdırılmış, köhnə nə vardısa — atılmış, təzə nə vardısa — gətirilib divardan asılmış, rəflərə düzülmüş kabinetində oturmuşdu. Nədən başlayacağını düşünürdü. O qədər də cavan deyildi, məhkəmədə, respublika prokurorluğunda işləmişdi, amma ilk dəfə idi ki, prokuror təyin olunurdu və «nədən başlamalı» sualı bu saat onun üçün çox mühüm əhəmiyyət kəsb edirdi.

Elə bu vaxt icra başçısı zəng vurmuşdu və sualın cavabını sözün əsl mənasında prokurorun qulağına pıçıldamışdı (o, telefonda çox astadan və yorğun səslə danışırdı, pərəstiş etdiyi rəhbərin məhz belə danışdığını eşitmişdi və işləməkdən yorulduğunun altını xüsusi olaraq cızmaq üçün sözarası «püfff» da eləyirdi).

— Birisigün… püfff… Bakıdan qonaqlarımız olacaq. Çaylıdan çobana denən… püfff… iki yaxşı quzu gətirsin. Özün göz qoy, axşam altıya İrasimin restoranında hər şeyi hazır eləsinlər. Püfff… Dud-dud-dud…

Prokuror hələ nə çoban tanıyırdı, nə də onun quzusunun dadını bilirdi. Amma özünü rayonun kişisinə (onu elə belə də adlandırırdılar, bu da yerli adətlərdən biri idi: «kişi axtarır…», «kişi çağırır…», «kişi soruşur…») yaxşı işçi kimi göstərmək istəmişdi. Odur ki, çobanla şəxsən danışmaq, həm onun üzünü görmək (hələ çox lazım olacaq), həm də özünü ona göstərmək qərarına gəlmişdi, müavininə zəng vurub demişdi:

— Çaylıdan çobanı təcili çağırtdır, sabah səhər tezdən burda olsun.

Müavin illərlə bu rayona can qoyduğuna baxmayaraq, yenə başqasını prokuror təyin etdiklərinə görə növbəti dəfə hökumətdən də, təzə rəisindən də incimişdi. Prokurorun vəzifələrindən birinin qonaqlıq təşkil etmək olduğunu yaxşı bilsə də, çobanın niyə çağırtdırıldığını soruşmamışdı, eləcə, tapşırığı yerinə yetirmişdi, çağırış vərəqi yazıb kəndə göndərmişdi.

Bax, bu yerə qədərini Ceyhun doktor dişimi yona-yona danışmışdı, indisə işini bitirmişdi, kreslosunu arxaya itələyib, əlcəkli əllərini yuxarı tutub söhbətini də axıra çatdırmaq istəyirdi.

— Ağzımı yuma bilərəmmi? – soruşdum.

— Hə, yumun, — həkim dedi və əlcəklərini çıxarıb zibil qabına atdı. — Deməli, çağırış vərəqini açıb oxuyanda çoban ödünü udur. Həmişə onu zənglə çağırtdırıblar, dalınca adam yollayıblar, hətta bir-iki dəfə özləri gəlib yataqda kabab yeyiblər. Amma rəsmi çağırış başqa mətləbdən xəbər verir! Çoban fikirləşir ki, görəsən, hansı pis işinə görə çağırtdırılır? Pis işi isə nə qədər istəsən! Çoban onsuz da köntöy, arsız adam idi, böyüklərin ətəyi əlinə keçəndən bəri isə qabağında durmaq olmurdu. O qədər adamı incitmişdi ki! Samaya arvadın çolaq oğlunun torpaq sahəsini öz adına çevirtdirmişdi, hər yaz camaatla dalaşa-dalaşa, ölü yiyəsinin ağzına-üzünə söyə-söyə sürüsünü qəbirsanlıqda otarırdı…

— Qəbirsanlıqda? – Təəccübləndim.

— Qəbirsanlıqda. Heç kim bilmirdi ki, çobanın quzularının dadlı olmasının bir səbəbi də bu idi. Sonra, sənə deyim… inək örüşə girdiyi üçün çomaqla vurub Həsənin gədəsinin başını yarmışdı və sairə və ilaxır. Görəsən, hansı şikayət edib?

Çoban təzə prokuroru tanımırdı, amma bir-iki dəfə çörək kəsdiyi icra başçısına, polis rəisinə də bel bağlamırdı. Çox şeylər görmüşdü, bilirdi ki, bunların çörəyi dizinin üstündədir. Ya tutub basacaqlar, ya da elə soyacaqlar ki, o boyda sürüdən çobana çomaqdan başqa heç nə qalmayacaq. Arvad-uşaq onun yadına da düşmürdü, amma bir ömürlük zəhmətini zay eləmək istəmirdi.

Çoban gördü ki, yata bilmir. Durub geyindi. Əvvəl getdi Həsəngilə. Çox dil-ağızdan sonra kişinin könlünü aldı, uşağın adına sürüdə bir quzu ayırdığını dedi, barışdı. Ordan keçdi Hüseyngilə, ordan Əligilə, ordan Vəligilə – bütün kəndi dolaşdı, kimə pisliyi keçmişdisə, halallığını aldı, sözarası prokurora şikayət yazıb-yazmadığını öyrəndi. Artıq lap gec idi, fikirləşdi ki, Samaya arvada da ertədən dəyər.

Səhəri o, prokurorluğa gedəndə Samaya arvadın qapısının ağzında ayaq saxladı. Samaya, çolaq oğlu da yanında, inəyi damdan çıxardırdı. Soruşdu ki, «Ay arvad, sənmi məndən şikayət eləyibsən?» Samaya arvad dedi ki, mən eləmişəm və bu yetimin torpağını səndən geri almamış dinc duran deyiləm. Həmin torpağın sənədlərində problem çox idi. Vaxtilə çoban məsələni eləcə rayondan tapşırıqla həll eləmişdi. Sonra isə bu torpaq gərəyi olmamışdı, təzə, daha yaxşı yer götürmüşdü, quruca sahə də kəndin qırağında qalmışdı. «Lazım deyil mənə o torpaq, geri qaytardım, get, sən də ərizəni geri götür». Samaya arvad savadsız idi, amma bilirdi ki, söz sayan kimdir, sözə baxan kimdir, kağız lazımdır. Sənəd! Dedi ki, sən mənə yazılı kağız ver. Çoban da Samayanın çolaq oğluna dəftər-qələm gətirtdi, elə doqqazdaca torpağı geri qaytardığını yazdı, dedi, rayona gedirəm, orada təsdiqlədib gətirəcəyəm. Arvad ona dua elədi və çoban kağızı cibinə qoyub yola düşdü.

Prokurorun otağına girən çoban qapının ağzındaca bürüşmüş dayandı. Amma dünənkinə nisbətən xeyli toxdaq idi. Əlini tez-tez cibinin üstünə qoyurdu.

— Sənsən çoban? — Prokuror yerindən qalxmadan dedi. Qələm götürüb əlində oynatdı. – Cağırtdım ki, bir üzünü də görüm. Sabah günortaya iki yağlı quzu gətirərsən İrasimin restoranına. Bakıdan qonaqlarımız olacaq. Eşitdin? Di get!

Çobanı elə bil ildırım vurdu. Dizləri qatlandı, arxasını qapıya söykədi. Axır ki, nəfəsini dərib qurumuş dodaqlarını yaladı, gözlərinə işıq, dizlərinə taqət gəldi.

— A sənin anacığını mələr qoyum… Ayə, göndərdiyin bu kağızın qulağınaca yazsan ki, mənə iki quzu lazımdır, əlin quruyar? Ayə, sən yaz ki, ikisi lazımdır, mən dördünü gətirim. Bə dünəndən mənim bağrımı nəyə yarırsan? Bütün gecəni ev-ev gəzib camaatın ağzının suyunu yığışdırmışam.

Çoban otaqdan çıxıb hirslə qapını çırpdı. Cibindəki kağızı çıxarıb tikə-tikə elədi və küncdəki zibil qabına atdı.

— Yaxşı, a Samaya! Sənin o çolaq oğlunun ikinci ayağını da sındırmaq mənə borc olsun!..

Mən doktorun yanından çıxanda kabinetin qarşısında əyləşmiş iki qadın və bir kişi, nəsə, üzümə yaxşı baxmadı. Diş həkiminin kabinetindən inilti, zarıltı, hətta qışqırıq səsinin gəlməsi adi hal olardı. Amma otağı titrədən gülüş səslərini, yəqin ki, birinci dəfə eşidirdilər və bunu milli-mənəvi dəyərlərimizə uyğun hesab etmirdilər.

Sabah yenə Ceyhun doktorun yanına getmək günümdür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 9,80 из 10)
Oxunma sayı: 1399