Sənət əbədidir, ömür amanat…
Üç pərdəli sənədli povest (Adil İskəndərovun öz tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlıya 1975-1976-cı illərdə «Sənətkar və zaman» mövzusunda düşüncələr üstündə danışdığı xatirələr əsasında)[2] * Avansəhnə — Mənim vicdanım da, qəlbim də qandır! Dünya qan üstündə bir xanimandır!.. Vəzir yaltaqcasına şaha baş əydi, onun şəninə tərif demək üçün sifətinə şirinlik verib əllərini göyə qaldırdı. Rejissorun yuxusuzluqdan şişmiş göz qapaqları aralandı. Vəzir bunu sezdi, qolları yanına düşdü, amma üzünün ifadəsi dəyişmədi.