“Ona de, bura gəlsin”
Başını qaldırdığında qəbul otağının kandarında altmış yaşlarında bir adamın dayandığını gördü. Əslində, kiminsə bu otağa gəlməsində bir elə qeyri-adi şey yoxdu, çünki nazirin qəbuluna düşmək istəyənlər həmişə olur, özü də çox olur. Amma rəsmən qəbul həftədə bir gündü. Onun heç xoşlamadığı gün və prosedur olsa da, işinin bir hissəsi idi. Qəbula düşmək üçün hər kəs problemini izah etməli və nə üçün məhz nazirlə görüşmək istədiyini əsaslandırmalı idi. Olduqca rutin və buna görə də üzücü bir işdi.