Muəllif:

“Ona de, bura gəlsin”

Başını qaldırdığında qəbul otağının kandarında altmış yaşlarında bir adamın dayandığını gördü. Əslində, kiminsə bu otağa gəlməsində bir elə qeyri-adi şey yoxdu, çünki nazirin qəbuluna düşmək istəyənlər həmişə olur, özü də çox olur. Amma rəsmən qəbul həftədə bir gündü. Onun heç xoşlamadığı gün və prosedur olsa da, işinin bir hissəsi idi. Qəbula düşmək üçün hər kəs problemini izah etməli və nə üçün məhz nazirlə görüşmək istədiyini əsaslandırmalı idi. Olduqca rutin və buna görə də üzücü bir işdi. Bir çoxları problemlərinin həllinin nazirsiz də mümkün olduğuna inanmır, görüşdə israr edir, söz anlamaq istəmirdilər. Bir sözlə, hərə özünə görə haqlı idi.

Bü günsə qəbul günü deyildi. Amma kişinin görkəmi heç kimi biganə qoya bilməzdi, o cümlədən də onu. Yaşı altmışı keçsə də, hündür boylu, şax qamətli, enlikürək idi. Səliqəli çal saqqalı tunc üzünə xüsusi yaraşıq verirdi. Dərin çuxurlarda gizlənmiş gözləri ətrafı maraq və ehtiyatla öyrənirdi. Qalife şalvarının belinə bağladığı qurşağın altında qarın deyə bir şeydən əsər-əlamət yoxdu. Qıçlarına doladığı patavanın üstündən naxışlı toxuma corab geymişdi. Kişinin bu, şəhər adamının gözü öyrəşməmiş görkəmini ayağındakı qaloşlar tamamlayırdı. Sözün əsl mənasında, etnoqrafiya muzeyindən çıxıb gəlmiş birisi təsiri bağışlayırdı.

Onu altdan yuxarı təəccüblə süzən Elxan nəhayət kişinin çiynindən aşırdığı xurcunu da görəndə gözünü yumub başını buladı. Düşündü ki, onu qara basır. Amma çönüb nazirin katibəsinə baxanda anladı ki, kişini qız da görür, çünki elə həmin an qızın əlində tutduğu pudra qabı tappıltı ilə yerə düşdü və içindəki kiçik, yumru güzgü döşəmədə dığırlandı.

Nəhayət Elxan özünü ələ alıb:”Dayı, orda niyə durubsunuz, gəlin içəri”,- dedi.

Kişi ehtiyatla bir addım atıb ayaq saxladı və döşəmədəki xalçaya baxdı. Böyük və üzü ayaqlar görmüş xalça idi. Deyilənlərə görə, 1943-cü ildə Bakıya gəlmiş İran nümayəndə heyəti Xalq maarif komissarlığına hədiyyə etmişdi. Guya həmin xalçadan biri də Yazıçılar İttifaqında imiş. Bir sözlə, xalça yarım əsr idi ki, tapdanırdı.

Kişi isə xalçanı tapdamamaq üçün kürəyini divara verib xalçanın tutmadığı nazik bir zolaqboyu Elxanın masasına doğru irəlilədi. Masaya çatanda Elxan qalxıb ona stul verdi və əyləşməsini xahiş etdi. Ağsaqqal yan-yörəsinə boylanıb xurcununu yerə qoydu və ehtiyatla, utanırmış kimi yanını stulun kənarına qoyub bədəninin ağırlığını ayaqlarına verdi. Bütün bunlar Elxanın nəzərindən yayınmadı. Amma kişinin bütün görkəmi, özünü aparması onun çox xoşuna gəlmişdi. Ümumiyyətlə, belə adamlarla çox nadir hallarda qarşılaşırdı. Özlüyündə belə qərara aldı ki, kişinin hər nə xahişi olacaqsa, yerinə yetirəcək. Bu fikirlərlə gülümsündü və bacardığı qədər nəzakətlə:

— Dayı, Sizə necə kömək edə bilərəm? – deyə soruşdu.

Kişi Elxanın ona mehriban münasibətini görüb stulda yerini azca rahatlayıb:

— A bala, gözümün ağı-qarası bircə nəvəm var. Onun işi üçün gəlmişəm,- dedi. – İnstitutu bitirib, işsizdi. Əskərliyini də çəkib. Mən də təkəm. Kəndimiz də dağ kəndidir. Nə müəllim gəlir, bir il-para ildən sonra qaçır. Məktəbdə tarix müəllimi yeri boşdur. Deyirəm nəvəmi elə ora işə təyin edə nazir. Bir keçim yanına, xahiş edim.

Elxan bir daha gülümsəyib:

— Dayı, darıxma. Görək nə edirəm,- deyib kadrlar şöbəsinin müdirinə daxili telefonla zəng vuraraq məsələni izah etdi.

Nazirin rəsmən üç müavini olsa da, kadrlar şöbəsinin müdiri sanbalı və işğüzarlığı ilə onlar qədər hörmət sahibi idi. Elxanı dinləyib məsələni araşdırmaq üçün azca vaxta ehtiyacı olduğunu bildirdi. Aradan təxminən 15-20 dəqiqə keçmişdi. Elxan həm kişiyə, həm də özünə çay gətizdirmişdi. İşlərini görə-görə kişiylə də aradabir danışırdı. Bir sözlə, hər şey qaydasında idi. Ağsaqqal artıq stula yayxanmış, buxara papağını çıxarıb əvvəlcə dizinin üstünə, sonra da Elxanın masasına qoymuşdu.

Daxili telefon çalanda nazirin qəbul otağında belə bir hüznlü mənzərə vardı. Kadrlar şöbəsinin müdiri idi. Məsələni nazirin müdaxiləsi olmadan da həll etməyin mümkünlüyünü söyləyib kişini yanına yollamağı dedi.

Elxan dəstəyi yerinə qoyub sevincək:

— Dayı, məsələ həll olundu,- dedi. — Siz indi gedin kadrlar şöbəsinə, müdir gözləyir. O hər şeyi həll edəcək. Şöbə dəhlizin o başındadır.

Kişi tələsmədən çaydan xortultu ilə böyük bir qurtum alıb stəkanı nəlbəkiyə qoydu. Nəlbəkini barmağlarının arxasıyla özündən qırağa itələyərək əlini əvvəlcə şalvarına, sonra isə bığları və saqqalına çəkərək qolunu stulun söykənəcəyinə qoyub ayağını ayağının üstünə aşırdı:

— A bala, sən belə elə. Ona de, bura gəlsin.

Araya dərin bir sükut çökdü. Milçək uçsaydı, vızıltısı eşidilərdi. Makinada nəsə çap edən katibənin əli də havada qalmışdı. Elxan qulaqlarına inanmırdı. Bir an içində gözünün önündən kişinin boynunu büküb qapının ağzında durması, sonra xalçanı tapdamamaq üçün divarboyu qısıla-qısıla ona doğru gəlməsi, stulun qırağında fağırcasına oturması keçdi. Demə, insanın gözlənilmədən dəyişməsinə bir ömür yox, yarımca saat da kifayət imiş. İnsanın iç üzü beləcə açığa çıxarmış…

Dünya-aləm Elxanın başına fırlandı. Bir də o zaman özünə gəldi ki, qışqırığına nazirliyin az qala bütün işçiləri dəhlizə tökülüşüb.

Gözüylə kişini axtardı. Yoxdu. İzi-tozu da qalmamaışdı…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 865