Ruhla duyulan Vətən sevgisi
Üz-gözündən tarixilik yağan Bursa şəhəri Osmanlı imperiyasının ilk paytaxtı olub. Böyük mədəniyyətlərin izləri yaşayır burda, sanki hər daşdan qədim Bizans, Roma, Səlcuq və Osmanlı imperiyalarının canlı tarixi boylanır Bursada. Məşhur Uludağın ətəklərində salınmış şəhər, həm də Türkiyə təbiətinin əsrarəngiz mənzərələrini, yaşıl ormanlarını nəqş edir yaddaşlara. Hələ yüz illərdir buralarda pıqqıldayan termal qaynaqları, şəfalı suları demirəm, əsl möcüzədir. Axşam Bursadakı otelə gələndə termal qaynaqlardan gələn həmin o möcüzəli suyun faydalarından danışıb, çimməyi məsləhət gördülər.