Muəllif:

Ruhla duyulan Vətən sevgisi

Üz-gözündən tarixilik yağan Bursa şəhəri Osmanlı imperiyasının ilk paytaxtı olub. Böyük mədəniyyətlərin izləri yaşayır burda, sanki hər daşdan qədim Bizans, Roma, Səlcuq və Osmanlı  imperiyalarının canlı tarixi boylanır Bursada.

Məşhur Uludağın ətəklərində salınmış şəhər, həm də Türkiyə təbiətinin  əsrarəngiz mənzərələrini, yaşıl ormanlarını nəqş edir yaddaşlara. Hələ yüz illərdir buralarda pıqqıldayan termal qaynaqları, şəfalı suları demirəm, əsl möcüzədir.

Axşam Bursadakı otelə gələndə termal qaynaqlardan gələn həmin o möcüzəli suyun faydalarından danışıb, çimməyi məsləhət gördülər. Böyük hovuzda çiməndən sonra rahat çarpayıda uzanıb milləti tarix səhnəsinə çıxaran siyasətin fəlsəfəsi, “torpaq, uğrunda ölən varsa, vətəndir” hikməti və Vətən sevgisi haqqında dərin düşüncələrə dalmışdım. Məni nə vaxt yuxu apardığını hiss etmədim…

Türkiyənin dövlət himninin sədalarına oyandım, amma bir anlığa bunun yuxu, yoxsa gerçəklik olduğunu kəsdirə bilmədim. Qalxıb pəncərədən boylandım. Sən demə, otel düz məktəbin yanında imiş və şagirdlər siniflərə keçməzdən əvvəl həyətdə çevrə vurub şövqlə dövlət himnini oxuyurdular. Uşaqların gözləri gülür, üzlərindən qəribə sevinc yağırdı. Qarşımda açılan bu gözəl mənzərə mənə Bursanın o möhtəşəm tarixi qədər cazibədar görünürdü… Bir anlığa ürəyimdən gizilti keçdi ki, bəs nəyə görə bizim məktəblərdə də şagirdlərə dövlət himnimizi belə məhəbbətlə  oxutmurlar?

*   *   *

Son günlər məmləkət mediasında və sosial şəbəkələrdə ən çox  yol polisinin qurduğu əcaib cərimələr barədə danışılır. Bir də büdcədən və banklardan davamlı  oğurluqlar və imicimizin dəyişməz “bəzəyi” sayılan rüşvət və korrupsiya barədə dartışılır. Qəribədir ki, bu utandırıcı mövzulara yanaşmada ən çox “dövlətçilik” və “vətənpərvərlik” kimi ifadələr işlənir. Bəziləri düşünür ki, ana Vətənimizdə bir çox müşküllərin çarəsi sayılan rüşvət də, çiçəklənən korrupsiya da insanların hakimiyyətə inamını sarsıdır və dövlətçilik düşüncəsi bundan ciddi zərər çəkir.

Başqa cür düşünənlərin fikrincə isə, rüşvət və korrupsiya dünyanın hər yerində var.  Oğurluğa və əyri yolla pul qazanmağa xüsusi fərasət kimi baxan belə adamlar düşünür ki, korrupsiya faktlarını açıb-ağartmaq, üstəgəl bu barədə mətbuatda danışmaq vətənpərvərlikdən uzaq hərəkətdir, hətta xəyanətdir. Təbii ki, belə incə məsələlərdə hamı hər şeyi bilir, hətta oğruların da kimliyini bilirlər, amma arada “vətənpərvərlik” anlayışı zərər çəkir.

Bizdə vətənpərvərlikdən həm çox, həm də yeri gəldi-gəlmədi, danışırlar və danışıldıqca da bu anlayış xeyli mücərrədləşir, əsl mahiyyətini itirir. Bəzən müşahidə edirsən ki, hər hansı kollektivdə nöqsanları deyən adamlara da “qeyri-vətənpərvər” damğası vurulur, gözdən salınır, az qala onlara düşmən kimi baxırlar. Özü də, bir qayda olaraq, vətənpərvərlikdən dəm vuranlar, heç bir xüsusi qabiliyyəti ilə fərqlənməyən, sadəcə  əllərindəki hansısa mövqe və ya üstünlükləri saxlamağa çalışan yaltaq və simasız adamlar  olur.

*   *   *

Lügətlərdə vətənpərvərlik anlayışı “vətəninə, xalqına sədaqət və məhəbbət bəsləmək, onun yolunda hər bir fədakarlığa hazır olmaq” kimi izah olunur. Bir qədər pafoslu izahdır, amma müasirimiz Mübariz İbrahimovun qəhrəmanlıq nümunəsi göstərdi ki, vətənpərvərlik insanın fərdi hiss və həyəcanlarıdır, ruhi vəziyyətlə  bağlı olan ilahi məqamdır. Bəzilərinin düşünüb təlqin etmək istədiyi kimi, bu məqam vəzifə adamları və hakimiyyət qarşısında üzüyolalıq,  etiqad deyil. Vətənpərvərlik yaşadığın ölkənin dərdini duymaq, hayqırtılarını eşitmək, onu düşdüyü bəlalardan xilas etmək üçün əl uzatmaq, qanı axan yaralarını sarımaqdır.

Qərb ölkələrində vətənpərvərliyin çox sadə bir izahı da var. Bu, hər kəsin öz işini yüksək səviyyədə, peşəkarlıqla görməsi deməkdir. Danışmaq yox, məhz öz işini yaxşı görməkdir. Yəni müəllim yaxşı dərs demirsə, tələbə yaxşı oxumursa, jurnalist həqiqəti yazmırsa, mühəndis binanı keyfiyyətli tikmirsə, alim gününü sovmaqla məşğuldursa, məmur öhdəsinə düşən işi yaxşı görmürsə, deməli, o, vətənpərvər deyildir.

Vətənpərvərlik də, Vətən sevgisi də, də şüar deyil, sevgidən qaynaqlanan əməldir. O sevgi gözlə görünməz, qəlbin gözü ilə, könüllə görünər, yalnız ruhla duyular. Və bu sevgi insanın ürəyinə, qəlbinə lap uşaqlıqdan, damcı-damcı, qətrə-qətrə hopdurulmalıdır.

*   *   *

Bugünlərdə Yutubda bir videoya rast gəldim: iki məktəbli uşaq – oğlan və qız küçədə Türk bayraqlarının yanından keçib gedərkən, oğlan birdən ayaq saxlayıb geri qayıdır və bayrağı dönə-dönə öpüb çox təbii bir şəkildə bağrına basır. Bəlkə də o uşaq Bursada əlini sinəsinə qoyub şövqlə dövlət himnini oxuyan şagirdlərdən idi, bəlkə də tamam başqa bir məktəblidir. Amma bütün hallarda uşaq təbii bir fəhmlə bayrağa bürünmüş Vətəni duyur, bayrağa sarılır, çünki artıq onun ürəyində həqiqi Vətən sevgisi adlı toxum cücərdilib…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 836