Nə üçün
Onlar İçərişəhər metrosuna tərəf gedirdilər. İti addımlarla gəzməyə alışmış Jalə oğlunun əlindən tutmuşdu, onu az qala darta-darta ardınca aparırdı. Bir an dönüb əsəbi halda oğluna baxdı, amma uşağın məsum üzünü görən kimi ürəyi yumşaldı, hətta onun halına gülümsədi: — Röyal, yəni məktəbdə o qədər yorulmusan ki, indi ayağını sürüyə-sürüyə gedirsən? Mızıltı eşidildi. İçərişəhər metrosunun qarşısına çatanda Röyal qəflətən dartınıb anasının əlindən çıxdı və üzüaşağı, parka tərəf qaçmağa başladı. Jalə özünü itirdi.