Muəllif:

XXI əsrdə həyat

“Əlindəki çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək”

L.Zadə

“Səhərdir. Siz fərdi knoubotdan (knowledge robot) bu günün iş cədvəlini, vacib tədbirlərin siyahısını dəqiqləşdirirsiniz. Sonra ALV-yə (Autonomous Land Vehicle) əyləşirsiz və o sizi ən qısa zamanda, optimal yolla ofisinizə aparır. Yolda siz şəbəkə vasitəsilə Havay adalarına tur sifariş edir və online alış-veriş edirsiniz. Aviabiletlər, konsertə və ekskursiyaya bilet, tələblərinizə və büdcənizə uyğun oteldə ismarıc etdiyiniz yerlər barədə bildiriş, həmçinin, aldığınız mallar bir neçə saatdan sonra ünvanınıza çatdırılır. İntellektual agentlər istənilən işinizi görməyə kömək edir…” (Kaliforniya universiteti, “İnformation Technology For Management” və “Expert Systems” mövzusunda deyilən mühazirələrin konspektindən).

Təsvir olunan həyat sürətlə reallaşmağa dogru gedir. Məsələn, ALV Karneqi Melon (ABŞ) universitetində işlənib hazırlanıb, 50km məsafədə şəhər trafiki şəraitində avtonəqliyyatı sərbəst idarə edə bilir. Şəbəkədən sifarişlə isə heç kimi təəccübləndirə bilməzsən.

XXI əsr yüksək texnologiyalar əsridir və bu texnologiyalarin əsasında həmyerlimiz Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) nəzəriyyələri durur.

Dünya elminə L.Zadənin altı mühüm nəzəriyyəsi məlumdur. Onlardan birincisi — L.Zadəyə dünya şöhrəti qazandırmış, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiqdir (fuzzy logic).

Deyilənə görə, günlərin birində gənc Lütfi bir dostu ilə mübahisə edir: kimin xanımı daha gözəldir (O, xanımının gözəlliyi ilə fəxr edirdi). Onlar bir qənaətə gələ bilmirlər, lakin bu söhbət kompüter mühəndisliyi ilə məşğul olan Lütfi Zadəyə “gözəllik”, “cavanlıq” kimi keyfiyyət ifadə edən anlayışları ədədi ifadə etmək üçün konsepsiya işləmək ideyası verir.

L.Zadənin böyük xidməti ondadır ki, o, sözlə ifadə olunan (linqvistik) göstəricilərlə işləmək üçün riyazi aparat verdi (1965): sözlər simvol və rəqəmlərə çevrilir, modelə daxil edilərək emal olunur və alınmış nəticə yenidən sözə cevrilə bilir.  Beləliklə, gözəlliyin, cavanlığın çalarlarını vermək, “çox gözəl” və “daha gözəl”i müqayisə etmək, “gözəl” və “ağıllı”nı toplamaq mümkün oldu. Bu cür göstəricilər çoxluqlar vasitəsilə verilirdi. Zadə ətrafında olan hər şeyə çoxluq kimi baxırdı.

Qeyri-səlis ryaziyyat klassik riyaziyyat qədər ciddi və dəqiqdir, lakin «doğru» və «yalan» («0» və «1») qiymətlərindən başqa onlar arasında olan qiymətlərlə  də əməliyyatlar aparmağa imkan verir.

Sonralar alim təbii dilin qeyri-səlisliyini və insanın düşüncə tərzini modelləşdirmək üçün qeyri-səlis məntiqi yaratdı (fuzzy logic) (1973). Ümumiyyətlə, məntiq mühakimə üsulu olub, sadə təkliflərin birləşməsi yolu ilə yeni, daha mürəkkəb təkliflər qurulması deməkdir. Qeyri-səlis məntiq klassik Bul məntiqini ümumiləşdirərək onun imkanlarını genişləndirdi.

Yeni nəzəriyyə heç də asanlıqla qəbul edilmədi – L.Zadə iyirmi ildən çox gərgin elmi mübahisələrin ortasında oldu. Alimin iradəsi və özünə inamı təqdirə layiqdir. İdeyalarını ABŞ-da reallaşdıra bilməyən Zadə Yaponiyaya üz tutdu. Şərq fəlsəfəsi ilə həmahəng olan qeyri-səlis məntiq yapon elmi cəmiyyəti tərəfindən anlayışla qarşılandı. Onu gələcəyin texnologiyasının açarı hesab etdilər. Yeni nəzəriyyənin ilk praktiki tətbiqləri məhz Yaponiyada həyata keçdi.

Artıq doxsanıncı illərdə qeyri-səlis idarəetmə qurğuları və cihazlarının, məişət texnikasının kütləvi istehsalına başlandı. 1991-ci ildə Matsuhita şirkəti qeyri-səlis məntiqlə idarə olunan “intellektual” paltaryuyan maşını təqdim etdi. Bu maşın qeyri-səlis giriş faktorlarını (paltarların həcmi və keyfiyyəti, çirklilik dərəcəsi, yuyucu tozun növü və s.) avtomatik təyin edərək, 3800 sayda yuyulma rejiminindən birini — ən optimalını seçir.

Qeyri-səlis məntiq nəzəriyyəsi artıq 50 ildən artıqdır ki, bir elm kimi mövcuddur. İlk baxışdan sadə görünən bu elm olduqca mürəkkəb, hətta həlli olmayan hesab edilən məsələləri həll etməyə imkan yaratdı.

Bu gün dünyanın qabaqcıl ölkələri, xüsusilə Yaponiya və ABŞ ictimai və iqtisadi həyatın bütün sahələrində bu nəzəriyyənin geniş tətbiqini həyata keçirirlər. Bu ölkələrin hərbi və müdafiə texnikası demək olar ki, tamamilə qeyri-səlis məntiq üzərində qurulub. Yaponiyanın Senday şəhərində 16 stansiyalı metropoliten qeyri-səlis kompüterlərlə idarə olunur.

Ümumiyyətlə, həyatın bütün sahələrində bu nəzəriyyənin geniş perspektivləri görünür. Bu elmin əsas məqsədi isə elə qurğuların, əqli mühakiməyə malik elə kompüterlərin (robotların) yaradılmasıdır ki, onlar qeyri-dəqiq və qeyri-müəyyən mühitdə insanın qəbul etdiyi qərarlara oxşar qərarlar qəbul edə bilsin.

L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat — «Honda» mükafatı ilə təltif olunub.

Hazırda ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) Zadə nəzəriyyələri əsasında müasir idarəetmə sistemlərini tədqiq edir və layihələndirir.

Düşünə bilirsinizmi, bütün bu deyilənlər və bir çox deyilməyənlər 1921-ci ildə Novxanıda dünyaya gəlmiş azərbaycanlı haqqındadır…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (9 оценок, среднее: 9,11 из 10)
Oxunma sayı: 770