Alimin yerində oturan qara pişik
Azı beş ildi onu tanıyıram. Tanıyıram deyəndə, yəni üzdən. Həmişə də elə bilmişəm, Bakı ruslarındandı. Ya da tatardı. Rus ona görə ki, “bomj” deyəndə öz-özünə adamın beynində bir rus canlanır. Dünyanın hər yerində səfil-sərgərdan, evsiz-eşiksiz, küçə sakinləri var, ancaq məhz “bomj” deyəndə xəyala rus gəlir. Hətta bizdə birinin pis görkəmini çatdırmaq istəyəndə belə deyirlər: “Zalım oğlu, rus bomjuna da oxşayır”.