Muəllif:

Pərviz Cəbrayılın üç oğurluq etirafı

Deyəsən, məhərrəmlik ayıydı. Həm də deyəsən qış idi. “Deyəsən”i ona görə deyirəm ki, “məhərrəmlik” deyəndə adamın xəyalında qora bişirən aylar, səhranın qır kimi qaynar qum cəhənnəmi canlanır.

Ancaq qış idi. Üç adamdıq. Qarlı, sürüşkən yolda qarı xırçıldada-xırçıldada qaranlıqda necə addımladığımızı xatırlayıram. Bəlkə üçüncü, bəlkə dördüncü sinifdə oxuyurdum. Atam əlimdən tutmuşdu. Bəzən məni qucağına götürür, hansısa arxın, çala-çökəyin üstündən atlanıb keçirirdi. Yıxılacağımdan çox qorxur, ancaq səsimi çıxarmırdım.

Anamın kəndin bizdən xeyli aralıda yerləşən qohumunun evinə gedirdik. O zaman adi bir şey idi. Uzun qış gecələri hamı bir-birinin evinə gələrdi. Oturub nədənsə danışardılar. İşıqlar tez-tez sönərdi. Lampa işığına oturardıq. Bəzən külək qapıdan-bacadan soxular, lampanı söndürmək istər, ancaq sönməz, dirənər, yenidən şölə saçardı. O arada evdə gedən qəribə söhbətlərdə danışılan əhvalatlara uyğun qorxulu kölgələr oynaşar, lampa küləyə qalib gələn kimi hər şey öz yerini alardı.

Başına araqçın qoyan mömin qohumumuz o gecələrə bəzən kəndin mollasını, o nurani saqqallı kişini də çağırardı ki, imamlardan rəvayətlər danışsın, dinləyənlərin imanı daha da kamilləşsin.

Hamı yerdən oturmuşdu. Mən də kürəyimi döşəmədən qarış yarım hündürlükdə düzəldilmiş ləmənin üstünə yığılan yorğan-döşəyə söykəyib bardaş qurmuşdum. Hər dəfə qohumumuz mənim necə qəşəng bardaş qurmağımdan danışır, məni bir az da həvəsləndirirdi. Öz bacarığımla fəxr edirdim. Ona görə də onlara getmək həmişə ürəyimdən olurdu.

Molla imam Həsəndən, onun sevgisini, həyatını oğurlayıb evdən qaçan, Müaviyyəyə sığınan arvadından danışırdı.

“İmamın xəyanətkar arvadı onu zəhərləyib gəldiyi Müaviyyəgillə oturmuşdu. Axşam hava qaralandan sonra ortalığa lampa gətirib yandırdılar. İmamın arvadı soruşdu ki, ya Müaviyyə, bu lampa nə üçündü? Müaviyyə cavab verdi ki, axşam düşüb, qaranlıqdı, bəz siz gecələr lampa yandırmırdız orda? Arvad qayıtdı ki, yoo, biz imam Həsənin üzünün nuruna otururduq elə… – Bu yerlərdə elə bilirdim onlar da eynən bizim kimi oturublar, qışdı, soyuqdu, evdə bizdəki kimi çıtırtıyla odun sobası yanır və orda da molla belə şirin-şirin söhbət eləyir, ev əhli də cınqırını çıxarmadan dinləyir və bizim kimi imamlar üçün göz yaşı tökürlər.

Molla davam eləyirdi:

— Onda Müaviyyə əmr elədi ki, aparın bunun boynunu vurun. O cür nurlu kişinin qədrini bilməyən, bizimkini heç bilməz!

Təbii ki, bundan sonra Molla hönkürtüylə ağladı, lampa işığında bərq vuran göz yaşları ağ saqqalına süzüldü, sonra da hamı ağlamağa başladı.

Mən isə təsirlənsəm də, ağlaya bilmirdim. Əlim haçandandı ləmənin altında bir qənimət tapmışdı; heç kim görməsin deyə, hamının gözündən oğurlanıb əlimi arxaya ləmənin altına salmış, dayanmadan qurcuxur, gözümü mollanın ağzından ayırmadan əl havasına onu oradan çıxarıb cibimə soxuşdurmaq üçün tər tökürdüm. Nəhayət alındı. Mürəkkəblə (çernil) yazan qəşəng avtoqələm bir qom karandaşın içində əlimə keçdi və axır ki, cibimə soxa bildim. Onda biz uşaqlar hələ pero ilə yazırdıq, beləsi isə hər kəsə qismət olmazdı, ya da ancaq böyük siniflərdə oxuyanlarda olardı. Özümü çox xoşbəxt sayırdım. Nə ədalarla yazacaqdım onunla dərsdə!

Sabah yerdən duranda qələmi çantamda tapmadım. Gecə o qədər baxmışdım ki üzünə! Ancaq mürəkkəbim olmadığından yoxlaya bilməmişdim.

Anam dedi ki, Dilrüba qələmi yadından çıxıb bizdə qalıbmış, gəldi, apardı…

***

Bizim ev nənəmgilinkindən arxadaydı, aramızdan arx axırdı. Atam məni nə üçünsə danlamışdı. Nənəm əsəbiləşdi, gəlib məni qoltuğuna vurub dədə evimizə apardı. Bundan belə onlarda qalacaq, dərslərimi də kiçik bibimlə hazırlayacaqdım.

Həmin o kədərli qış bitmişdi.

Bir gün yaz ağzı evi tökmüşdülər. Yorğan-döşəyi günə verir, otaqları, pəncərələri sil-süpür edir, bayrama hazırlaşırdılar. Mən də əl-ayağa dolaşa-dolaşa aralıqda vurnuxurdum.

Cavan əmimin otağı töküləndə birdən gözümə yaraşıqlı bir şey sataşdı. Nöyütlə işləyən qırmızı şirmayı, gözəlliyi ilə işıq saçan alışqandı. Nöyütü yoxuydu. O çağlar üçün beləsi əsil möcüzəydi. Alışqanı fəndlə götürdüm, ürəyim sərçə balasının ürəyi kimi çırpına-çırpına ümumi böyük otağa keçib divarın dibində oturdum, sonra ustufluca xalçanın altına soxdum alışqanı…

İki gün sonra alışqan əmimin cibindəydi. Nöyüt doldurmuşdu, onu tapdığına görə bibimə təşəkkür eləyirdi…

***

Atalar üçdən deyib. Ancaq o gün, bu gün, mənim üçüncü oğurluğum olmadı. Bacarmadığımı, başqalarından çalmağı bacarmadığımı anlamağı bacardım.

Ondan sonra ancaq özümdən oğurladım. Öz ömrümü. Onu isə hələ ki, heç kim məndən alıb aparmır…

Və hələ də o oğurluq ömrü o mürəkkəbsiz qələmlə yazır, siqaretimi o nöyütsüz alışqanla yandırıram…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 9,20 из 10)
Oxunma sayı: 331