Muəllif:

Xatirələrin plana düşməsi

İsveçdə oteldə işləyən bir qadınla söhbətləşmişdim. Bakı rusuydu. SSRİ dağılandan sonra Azərbaycanı tərk eləmişdi. Gedib İsveçdə həyata sıfırdan başlamışdı. Bakını necə sevirdi, İlahi! Çoxlu suallar verirdi, sanki məndən şəhərin qoxusunu alırdı…

Qadın danışırdı ki, tez-tez yuxusunda Bakını görür. Hava limanında təyyarədən düşür, evlərinə tərəf gedir. Gedir, gedir, amma bir yerdə davam etdirə bilmir. Çünki şəhərin həmin yerində yuxusu yarımçıq qalır. Dəfələrlə eyni yuxunu görüb, hər dəfə də məhz orada xatirələr pərən-pərən düşüb. Sual dolu nəzərlərlə üzümə baxdı…

Həmin yeri sökmüşdülər. Onun uşaqlıq xatirələrini məhv eləmişdilər. Növbəti pul iyi gələn layihəyə qurban vermişdilər. Bunu qadına necə demək olardı?..

Mən uzun müddət susdum…

Mən Kubinkada doğulmuşam. Ətrafımda yaşayan insanların buralarla bağlı bir ömür xatirəsi var. Neçə nəsillər bu yerlərdə yaşayıb, ömrünü başa vurub. Evləri də nəsillər bir-birinə ötürüb. Evini hər hansı səbəbdən satan və ya evi “plana düşən” neçə tanışlar var, sonradan məskunlaşdığı yerə uyğunlaşa bilmir, günü elə Kubinkada keçir. Həmin adamları gözəl anlayıram. Bura xatirələrin arxasınca gəlirlər…

Sovetskini, Kubinkanı sökürlər. Tarixi abidələrə hər cür hörmətsizliyin fonunda sökürlər. Ağına-bozuna baxmadan sökürlər. İnsan haqlarına tüpürərək sökürlər. Adamların bir ömür xatirəsini əlinin arxasıyla vurub dağıdaraq sökürlər…

Mətbuatda dəfələrlə oxumusunuz, oxumuşuq ki, sakin köçmək istəmir, məcbur eləyirlər. Uzağa getməyək, keçən ay Sovetskidə ev partladı. Sonradan məlum oldu ki, ev sahibini bezdirmək üçün zaman-zaman qaz, işıq kəsilir. Elə hadisə də qazın kəsilib bir müddət sonra qəfil verilməsi nəticəsində baş verib. Bir ailə evin içində məhv oldu. Böyük faciə yaşandı, üstündən sükutla keçdilər.

Adamlarda ikili hiss var. Bir tərəfdən şəraitsizlikdən beziblər, daha yaxşı şərtlər altında yaşamaq istəyirlər. Digər tərəfdən də bu qədər xatirələri, yaşantıları qoyub gedə bilmirlər.

Sovetskini, Kubinkanı sökməyə ehtiyac vardımı? Bu boyda tarixi rahatca dağıtmaq asan olmamalıdır. Həmin yerlərin əsas problemi həm də şəraitsizlikdir. Adamların əksəriyyəti pis şərtlər altında yaşayır. Məsələn, bu qəsəbələrdə həmişə yollar bərbad olub. Halbuki söhbət şəhərin mərkəzindən gedir.

Dünyada tarix qoxuyan belə qəsəbələrin hamısını sökürlərmi? Daha uyğun şərait yaradıb, şəhərin simasını qorumaq olmazdımı?

İnsanlar hökumətin və ya hər hansı şəkildə hökumətə bağlı olan sahibkarın təklif etdiyi məbləğdən narazıdır. Yəqin Sovetskinin sökülməyə başladığı ilk günləri xatırlayırsınız. Etiraz eləyən gəncləri polis maşınlarına basıb aparırdılar. Birincisi, adamların istəyi ilə hesablaşan olmurdu, xeyli sakin yaratdığı şəraitin dağıdılmasının əleyhinəydi. İkincisi, məbləğ adamları razı salmırdı. Şəhərin mərkəzində yaşayırlar. Təklif olunan məbləğə Bakının ətrafında belə, babat mənzil almaq olmur. Sovetskidə bir neçə ailənin birlikdə yaşadığı kiçik evlər var. Onların taleyi haqda düşünmürlər. Vurub dağıdırlar.

Bakıda fransız layihəli bina evləri var. Bir az “xruşşovka”lara bənzəyir. Mikrorayonlarda onminlərlə insan bu evlərdə yaşayır. Fransada bu fransız layihəli binaları çoxdan sökməyə başlayıblar. Parisdə sökülən binalarla bağlı maraqlı bir hadisə haqda oxumuşdum. Bina sökülməlidir, orada yaşayan yaşlı qadın isə heç bir halda, mənzilini tərk eləmək istəmirdi. Hökumət də heç nə deyə bilmirdi. Binanı sökməyə ixtiyarları yoxdur. Bütün normal ölkələrdə mülkiyyət hüququ müqəddəsdir. Amma məsələ təkcə bu deyildi. Adamların bir ömürlük xatirəsinə də hörmətlə yanaşırdılar. Düşünürdülər ki, onu 50-60 illik keçmişindən necə gəldi qoparmaq olmaz.

“Gün keçdi” filmində bir epizod var. Yaşlı, gözləri görməyən kişi İçərişəhərin küçələrində divarlara toxunaraq yeriyir. Az qala hər daşı tanıyır. Divar daşları onu evinə ötürür. Düşünün, bir gün o divarları dağıtsalar…

Mən oteldə qadına həqiqəti dedim. Ağladı. Sonra daha gözlərinə baxa bilmədim…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 8,00 из 10)
Oxunma sayı: 1197