Muəllif:

Özünüzə nəyi rəva görürsünüzsə…

Bir neçə gün əvvəl qızımı məktəbə aparanda gördüm, o da bir uşağın əlindən tutub gəlirdi. Uşağın ona müraciət formasından anladım ki, babasıdır. Aralarında nə qədər istilik, nə qədər doğmalıq desən varıydı. Elə onda düşündüm ki, bəlkə də, babası onun üçün dünyanın ən yaxşı adamıdır. Bəlkə də, dünyada o babadan ona yaxını yoxdur. Dünyanın ən gözəl sözlərini babasına deyir, ən gözəl sözləri də babasından eşidir…

Qəzetlər yazmışdı deyə, o uşaq yəqin nə vaxtsa bir həqiqəti biləcək. Biləcək ki, babasının üzünə tüpürmüşdülər. Bəşəri dəyərlərə tüpürdüyünə görə hamının gözünün qabağında onun da üzünə tüpürmüşdülər…

Mən onu uzun illərdir tanıyıram, Vəkillər Kollegiyasının üzvüdür. Necə baba olması haqda həmin epizoddan başqa təsəvvürüm yoxdur. Amma mən o vəkilin neçə dəfə insanlığa da, peşəsinə də necə xəyanət etdiyini görmüşəm. Peşə borcu – insan hüquqlarını müdafiə etmək bir kənarda qalıb, nəvəsi yaşda uşaqların günahsız atalarından illərlə ayrı qalmasına hesablanmış ssenarilərdə öz öhdəsinə düşən mənfi obrazı can-başla oynayıb. Həmişə pis vəkil olub, yaxşı aktyorluq etməyə çalışıb.

Nardaran hadisələrinə görə tutulanlardan birinə həmin bu adamı dövlət hesabına vəkil təyin etmişdilər. Hüquqlarını müdafiə etdiyi hər saata görə dövlət vəkilə pul ödəyir. İndi bir epizodu təsəvvür edin: polis idarəsində bu vəkilin müvəkkilinə işgəncə verirlər, o da dayanıb kənardan tamaşa edir. Adama törətmədiyi cinayətə görə etiraf ifadəsinə işgəncə altında qol çəkdirilir, vəkil də həmin sənədə öz imzasını atır. Yəni onu mənim yanımda dindiriblər, cinayəti etiraf edib. Vəssalam, bununla da adamın taleyi həll olunub…

Hadisənin üstündən üç-dörd il keçib. Bu yaxınlarda başqa bir dustaq onun haqqında deyirdi: “Görür mənə işgəncə verirlər, deyir ki, cavan oğlansan, bir müddət sonra yadından çıxacaq…”

O vəkil yenə öz işindədir. Sözün bütün mənalarında…

Vəkillik fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qərarından sonra Yalçın İmanov müsahibəsində deyirdi: “Mən onların tələb etdiyi kimi vəkil ola bilmərəm, elə olmaq da istəmirəm. Dostum Adil İsmayılovun dediyi kimi, bir insanın taleyi mənim kimi yüz vəkilin kollegiya üzvlüyündən daha vacib məsələdir…”

Yalçın İmanovu hüquqlarını müdafiə etdiyi adama qarşı işgəncə faktını ictimailəşdirdiyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırdılar. O, vəkil olmaq xatirinə insanlığı itirmək, peşəsinə xəyanət etmək istəməmişdi. Deyir, yenə eyni vəziyyət yaransaydı, tərəddüd etmədən əvvəlki kimi davranardı: “Məndən işgəncəyə göz yummaq, lal-kar olmağı gözləyən yerdə qalmağı özümə təhqir sayıram”.

Ölkənin ən yaxşı vəkillərindən biri, bəlkə də birincisi olan Adil İsmayılov vəkillikdən uzaqlaşdırılmaq təhlükəsilə üz-üzə qalıb. Onun “günahı” Vəkillər Kollegiyasının rəhbərliyini sorğulaması, özünün ödədiyi vəsaitlər də daxil olmaqla, bu quruma ayrılan pulların necə, hara xərclənməsilə bağlı hesabat tələb etməsidir. Artıq xəbərlər var ki, Adil İsmayılovu Vəkillər Kollegiyasından uzaqlaşdırmaq üçün imzatoplama kampaniyası başlayıb. Kollegiyanın sədri Anar Bağırov vəkilin cəzalandırılması üçün imza toplanması barədə deyilənləri təkzib edir. Hər halda, gözləyək, görək nə olur…

Sosial şəbəkələrdə Adil İsmayılov-Anar Bağırov qarşıdurmasında şəxsən mənim üçün ən çox ürəkbulandıran bilirsinizmi nə oldu? Adil İsmayılovun yazdığı yazıların altındakı şərhlər. O şərh müəlliflərinin də bir çoxunu tanıyıram. Onları oxuduqca düşünürdüm: kaş müvəkkillərinin də hüquqlarını müdafiə etmək üçün bunun yarısı qədər çalışaydılar.

İnanmaq istəmirəm ki, Anar Bağırov onlardan bunu tələb edir. Çünki bu cür müdafiə əksinə, insanda ikrah doğurur. Əksəriyyəti yaşlı-başlı adamlardır, bunu özlərinə necə rəva görürlər, bax, onu heç cür anlamaq olmur.

Az-çox yaşamışıq, təcrübə göstərir ki, kiməsə ünvanlanan yerli-yersiz tərifin arxasında müəyyən saxtakarlıq dayanır. Xüsusilə tərif əndazəni aşırsa və obyekt müdirdisə, buna yaltaqlıqdan başqa ad vermək olmur. Təcrübə həm də onu göstərir ki, ifrat tərifdən, yaltaqlıqdan daha çox işini bilməyən adamlar istifadə etməyə çalışır.

Vəkillik o peşələrdəndir ki, adamda azad fikir söyləmək cəsarəti olmalıdır. Özü ruhən azad ola bilməyən adam başqasının hüquq və azadlıqlarını necə müdafiə edə bilər?!

Söhbət təkcə vəkillikdən getmir. İstənilən sahədə bu həm də bir ləyaqət məsələsidir. İnsanın ləyaqəti onun özünə rəva gördükləri ilə müəyyən olunur. Ölkədə az qala bütün sahələr çirkab içindədir. Amma o çirkabda boğulmamağa çalışan adamlar var. Çətindir, amma mümkündür. Heç bir maddi dəyər ləyaqətdən və həqiqətdən daha yüksəkdə dayana bilməz.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 518