Yeriyən pul ağacı
Bəli, düz oxudunuz, “yeriyən pul ağacı.” Mən turistə “yeriyən pul ağacı” deyərdim ki, bu “ağac” hara getsə mütləq ki, onun yarpaqlarından (yarpaqları pul kimi təsəvvür edin) həmən yerə töküləcək və mütləq ki, bu “ağacın” kölgəsində sərinləyən(lər), meyvəsini dərən(lər), yarpaqlarından faydalanan (lar) və.s. olacaq. Ancaq gərək “gedəcəyi” yer “ağac” üçün münbit olsun, orda “ağac”ın yarpaqları yolunmasın, budaqları qırılmasın və.s. Bəli, turist puldur, vardır, dövlətdir və onu çalışıb öz tərəfinə gətirməlisən.
Kimsəyə sirr deyil ki, turizm getdikcə dünyanın bəzi dövlətlərinin iqtisadiyyatının əsasını təşkil etməkdədir. Statistikaya baxsaq, görərik ki, dünya üzrə turizmdən gələn gəlir bir trilyon dollardan çoxdur. Bu rəqəmdən hansı ölkənin payına neçə faiz düşdüyü isə ayrı mövzunun söhbətidir. Ancaq əgər hər hansı bir ölkə bu rəqəmdən özünə çox pay düşməsini istəyirsə, sözsüz ki, mütləq turizm sahəsini inkişaf etdirməlidir.
Deyilənlərə, yazılanlara inansaq, ölkəmizdə, Azərbaycanda türizm də digər sahələr kimi inkişaf etməkdədir və hətta iddialara görə artıq yetərincə inkişaf edib. Hər halda rəsmi dairələrin veridyi statistik rəqəmlərdən gəlinən nəticə belədir. Yeri gəlmişkən, şadam ki, hər il bu statistik rəqəmlərin yüksək olmasında mən və ailə üzvlərimin də rolu olur və bu il də olacaq. Əslində, Azərbaycan hüdudlarından kənarda yaşayan, başqa ölkənin pasportu ilə Azərbaycana gələn hər bir soydaşımız rəsmi statistikadakı rəqəmlərin böyük görsənməsində pay sahibidir. Belə ki, hər il xaricdə yaşayan on minlərlə soydaşımız Azərbaycanda yaşayan doğmalarını, yaxınlarını və əlbəttə ki, vətənini görmək üçün Vətənə üz tutur və onların da turist kimi rəsmi statistikaya salınmasında heç bir səhv yoxdur, yəni tam qanuna uyğun bir haldır. Turizm anlayışının bir neçə tərifi var. Bunlardan birini sizlərlə bölüşüm:
Turizm — ölkə və xarici vətəndaşların, vətəndaşlığı olmayan insan qruplarının müvəqqəti olaraq, bir gündən artıq gecələmə şərti ilə, müalicə, maarifləndirmə, peşəkar-işgüzar, idman, dini və s. məqsədlə, pul qazanmaq məqsədi güdməyən yerdəyişmələridir.
Məqsədim təbii ki, turizmin tərifini vermək deyil, bunu rahatlıqla internetdən də tapmaq mümkündür. Turizmin tədricən iqtisadiyyatın bir çox sahələrini üstələdiyinin kimsəyə sirr olduğunu düşünmürəm. Bəzi mənbələrə inansaq, dünya üzrə turizmdən gələn gəlir neft və avtomobil sənayesindən sonrakı yerdə, yəni üçüncü yerdə dayanır.
Siz dəyərli oxucuları bəzi rəqəmlərlə tanış emtək istəyirəm və bu rəqəmlər hazırda mənim yaşadığım ölkəyə, Niderlanda aiddir. 2016-cı ilin statistikasına görə, sözü gedən ildə, Niderlanda 15,5 milyon turist gəlib və turizmdən ümumilikdə 75,7 milyard avro gəlir əldə edilib. Bunun:
— 21 milyardı gəlmə turizmdən
— 44,9 milyardı daxili turizmdən
— 6,5 milyardı ölkə xaricinə gedənlərdən
— 3,3 milyard da digər xərcləmələrdən əldə olunub.
Bu rəqəm, turizmdən gələn gəlir isə Niderland iqtisadiyyatının 3,9 % — ni təşkil edir (Nəzərə alın ki, bu ölkənin digər sahələrdən gələn gəlirləri də milyardlarla ölçülür. Bir onu demək kifayət edər ki, Niderland kənd təsərrüfatının inkişafına görə Avropada birinci, dünyada üçüncü yerdədir). Bura Niderlandda nə qədər adamın turizm sahəsində işlədiyini və s. yazsam, bu yazım statistika idarəsinin səhifəsinə bənzəyər, odur ki, Niderlandla bağlı statistik rəqəmlərə hələlik burda son qoyuram (göstərdiyim rəqəmlərin mənbəyi: http://kerncijfers.nbtc.nl/nl/magazine/11936/821913/economisch_belang.html).
Gələk Azərbaycana. Yenə də ötəri olaraq statistikaya müraciət etsək, görərik ki, verilən məlumatlara görə, 2016-cı ildə Azərbaycana 1 milyon 143 min 951 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib (mənbə: https://oxu.az/turism/171055). Bunların neçəsi turistdir, neçəsi iş məqsədi ilə (məsələn, xarici neft şirkətlərinin əməkdaşları) gəlib, bilmirəm. Azərbaycanın ölkəyə gələnlərdən nə qədər gəlir əldə etdiyi də mənə məlum deyil. Bildiyim odur ki, turizmdən əldə olunan gəlir Azərbaycan iiqtisadiyyatının 4,5% — i təşkil edir. Bildiyim deyəndə ki, mən də aidiyyatı sahəyə məsul olan şəxsin, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin dediyini deyirəm (https://az.trend.az/azerbaijan/culture/2503396.html), nə dərəcədə doğrudur, nə dərəcədə deyil, orasını bilmərəm.
Ancaq onu bilirəm ki, bunların arasında xaricdə yaşayan soydaşlarımız da çoxluq təşkil edir. Sizcə, desəm ki, ölkəyə gələn turistlərin yarıdan çoxu xaricdə yaşayan soydaşlarımızdır, çoxmu haqsızlıq etmiş olaram? Yuxarıda qeyd etdiyim kimi, bu da problem deyil, ölkədən xaricdə yaşayan və istirahtlərini ölkəmizdə keçirdənlər də turist sayılırlar, turizmin nəzəriyyəsinə görə. Məni maraqlandıran odur ki, soydaşlarımızı saymasaq, əcnəbilər ölkəmizə nə üçün turist kimi gəlməlidirlər? Əlbəttə ki, ürəyimizdən keçən ölkəmizə çox turistin gəlməsi və iqtisadiyyatımızın bundan gəlir əldə etməsidir. Ancaq yuxarıda qoyduğum sualın cavabı mənim üçün həqiqətən maraqlıdır. Çox qısa və sadə bir müqayisə edək. Son vaxtlarda ölkəmizə gəlməyə icazə verən vizaların verilməsi sadələşib (viza ən çoxu 30 günlük verilir). Ancaq qonşu Gürcüstana (həmçinin düşmən ölkəyə) getməyə görə, artıq illərdir ki, Avropa vətəndaşları üçün viza gərək deyil, hava limanında pasporta ölkəyə giriş möhürü vurulur. Bununla da ölkə ərazisində 90 gün qala bilərsən və hətta bu möhürə görə heç bir rüsum ödəmirsən. Bundan başqa:
— Bizim ölkəmizdə 10 gündən artıq qalanda, qaldığın yer üzrə qeydiyyata düşməlisən, orda isə yox.
— Təyyarə bileti Gürcüstana daha ucuzdur (maraq üçün 18/06/2018 – 26/06/2018 tarixləri üçün Amsterdam-Bakı-Amsterdam və Amsterdam-Tbilisi-Amtsredam marşrutları üzrə təyyarə biletlərinin qiymətlərinə baxdım və bu da nəticə: Bakıya ən ucuz bilet 477 avro, Tbilisiyə ən ucuz bilet 272 avro).
— Otel qiymətləri də qonşu ölkədə bizimlə müqayisədə daha münasibdir (ölkəmızdəki ötellərimizin əkəsriyyəti beş ulduzdur və ulduzu aşağı olanlarda (ki, sayları çox deyil) isə xidmət çox aşağı səviyyədədir).
— İaşə obyektlərində (restoranlar və.s.) xidmət bizimlə müqayisədə yüksək, qiymətlər isə aşağıdır.
Siyahını uzada da bilərəm, ancaq ehtiyac görmürəm. Qeyd etdiyim kimi, mənə maraqlıdır ki, bütün bunların qarşılığında ölkəmizə turisti necə cəlb etmək olar? Onu da xüsusi qeyd etmək istəyirəm ki, bu suallar tək mənim deyil, həm də niderlandlı turizm həvəskarlarının (bəzilərinin və hesab edirəm ki, əksər turizm həvəskarlarının) suallarıdır. Belə ki, burdakı, yaşadığım şəhərdəki turizm şirkətlərinin birinə ötən il Azərbaycandan gətirdiyim bəzi reklam bukletlərini və s. vermiş və demişdim ki, əgər geniş məlumat istəyən olsa, müştəri ilə görüş təyin edin və mənə bildirin, gəlib məlumat verərəm. Reigonumuza maraq göstərən bir neçə nəfərdən bu muqayisələri (Niderlandda yaşayanlar bilərlər ki, niderlandlılar bir yerə gedəndə hər şeyi nə qədər diqqətlə ölçüb-biçirlər) və bu sualları eşitmişəm. Əlbəttə ki, qonaqpərvərliyimizi, Qız Qalasını, Yanar dağı, Atəşğahı, Dubayı xatırladan, ordakı tikililərə bənzər son dövrdə tikilmiş binalarımızı və s. misal gətirmək olar və mən də bunları sayıram. Cavab isə, niderlandlılara məxsus, qısa və aydın olur:“Tarixi abidələrinizə, yeməklərinizə və s. əlbəttə ki, hörmətlə yanaşırıq. Ancaq siz də razılaşarsınız ki, bunlara həmçinin Qafqazın digər ölkələrində də rast gəlmək olar, yəni tam eyni olmasa da, hər ölkənin özünə xas abidələri, mədəniyyəti, mətbəxi var. Dubayın bənzərini görüncə isə elə gedib özünü görərik” və daha sonra da niderlandlılara (məncə, elə bütün avropalılara, axı bunlar pulu əziyyətlə işləyərək əldə edirlər) məxsus iqtisadi yanaşma ilə “Sizə qonşu ölkələrə getmək bizə iqtisadi cəhətdən daha sərfəli olduğu halda niyə sizin ölkənizi seçək?”- deyə əlavə edirlər. Mən isə cavab verməkdə çətinlik çəkirəm. İndi sizdən soruşuram, ey turizmə məsul şəxslər, ey turizmi bilənlərimiz, ey gözəl xalqımız, bir əcnəbi niyə, məsələn, qonşu Gürcüstana deyil, bizə doğma Azərbaycana gəlsin? Mən burdakı insanlara nə cavab verim? Axı Azərbaycan bizə doğmadır və məhz doğmalarımıza, doğmalığa görə bizlər ora gəlirik və axı bir əcnəbi üçün bizim Azərbaycanımız doğma deyil.
Vüqar Abbasov, Niderland.
[email protected]
P.S. Qeyd edim ki, turizm sahəsində az-çox təcrübəm var, 12 ildən yuxarı bu sahədə də çalışmışam. Bununla belə, yuxarıdakı sualın cavabını ha düşünürəm, tapa bilmirəm.