Vicdanlı jurnalistlərin aqibəti
Nicatı itirdik. 39 yaşında. İndi bir çoxunuz soruşacaqsız ki, Nicat kimdir? Mənim kimi sadə jurnalist baba. Heç bir qruplaşma üzvü olmayan, kiminsə deyil, ancaq cəmiyyətin məqsədlərinə xidmət edən, haqqın-ədalətin tərəfində olan sadə bir jurnalist.
Nicatla çox oxşar tərəflərimiz vardı.
Dilimiz acı idi. Çünki qarşımızdakının kim olmasından asılı olmayaraq doğru bildiklərimizi deməyə çalışmışıq. Həqiqət isə həmişə acı olur.
Kiminsə, nəyinsə yanında, hansısa qruplaşmanın tərkibində deyil, haqq bildiyimizin yanında olmuşuq.
Tənqiddən çəkinməmişik.
Mən “Azadlıq” Radiosunun Bakı bürosu qapadıldıqdan sonra başqa bir media orqanında çalışa bilmədiyim kimi, Nicat da “Ayna”-“Zerkalo” qəzetləri bağlanandan sonra başqa bir media orqanında qərar tuta bilmirdi. Hər ikimiz hansısa media orqanından təklif alanda sevinirdik, amma iş stajımız cəmi cümlətanı 3 aydan artıq çəkmirdi. Çünki orada özümüzü tapa bilmirdik. Həm də düşünürdük ki, bütün günü boğula-boğula işləyib borcla yaşamaqdansa, elə borcla yaşayaq. Nə boğulaq, nə də zəhmət çəkək.
Nicat çox istedadlı idi. Gələcəyin əvəzolunmaz siyasi şərhçisi ola bilərdi. Onun tutarlı analizlərini oxuyanda adam zövq alırdı. Sadəcə bəxti gətirməmişdi.
Bəxti gətirməmişdi ki, Azərbaycan kimi bir ölkədə doğulmuşdu. Burada fəaliyyət göstərirdi. Digər istedadlı insanlar kimi onun da burada yaşaması ən böyük bəxtsizliyi idi. Onu istedadı öldürdü. Enerjisi öldürdü. Özünü ifadə etməyə, enerjisini boşaltmağa, istedadını ortaya qoymağa yer tapa bilməməsi öldürdü. İllərcə doldu, doldu, doldu, ürəyini partlatdı.
Başqa ölkələrdə Nicat kimi insanlar ən böyük televiziyaların ən reytinqli siyasi-analitik verilişlərinə imza atır. Onun siyasi şərhləri ən reytinqli qəzetlərin manşetlərini bəzəyir. Bizdə isə Nicat kimi insanları istedadı ilə ölümə məhkum edirlər.
Başqa ölkələrdə Nicat kimi insanlar qazanc, iş barədə düşünmür. Qazanc, iş onun özünün ayağına gəlir. Bizdəki kimi maddı çətinliklər girdabında boğulmur.
Yeri gəlmişkən, Nicatın ölümündə həm də cəmiyyət olaraq bizim də günahımız var. Nicat işsiz qaldıqdan sonra onun problemləri ilə maraqlanan neçə nəfər var idi? Onu yada salan neçə nəfər var idi? Onunla dərdləşən neçə nəfər var idi?
Etiraf edək ki, laqeydik. Pafosu və pafoslu insanları sevirik. Nicat kimi jurnalistləri deyil, ətrafında qruplaşma yaratmış jurnalistləri daha çox piar edirik. Daha hay-küylü jurnalistləri etalon hesab edirik. Başını aşağı salıb, vicdanla, ləyaqətlə öz işini görən, heç kimin tərəfini tutmayan, obyektiv olmağa çalışan jurnalistləri isə tanımırıq.
Nicatın ölümündən sonra bunun bir daha şahidi olduq. Ümumiyyətlə ölümündən sonra Nicat hamının, dostlarının, həmkarlarının yadına düşdü. Hamı sosial şəbəkələrdə onun fotosunu paylaşaraq, onun ölümündən təsirləndiklərini, üzüldüklərini yazdılar. Bununla da iş bitdi. Hamı ürəyini boşaltdı, vicdanı rahatlaşdı. Vəssalam. Həmin fotonun və üzüntülü statusların altında mütləq bir nəfər “Nicat kim idi?” deyə sorğulayacaqdı.
Bir gün sonra isə Nicatın nəşinin dəfn üçün Ağsuya yola salınma fotosunu gördüm. Əsl ürəkağrıdan səhnə isə mənim üçün bu oldu. Sosial şəbəkədə iki həmkarı o fotonu paylaşmışdı. Nicat tək yola salınırdı. Nə dostları getdi onu yola salmağa, nə həmkarları, nə də onu oxuyanlar.
Bu da onun istedadının, əməyinin, fəaliyyətinin nəticəsi. Bu da vicdanlı bir jurnalistin aqibəti.
Yeri gəlmişkən, 2 ay ərzində ikinci həmkarımızı yola saldıq. Natiqi 40 yaşında, Nicatı 39 yaşında. Hər ikisini də ürək apardı. Ürəkləri dözmədi.
Əksəriyyətimizin bildiyi bir reallıq var. Jurnalistika riskli peşələr siyahısındadır. Amma riskli və ekstremal zonalarda. Amma həmin zonalarda jurnalistlər ürəkdən getmirlər. Terrorun, müharibənin, təhlükələrin qurbanı olurlar. Bizdə isə jurnalistlər 39-da, 40-da ürəkdən gedir.
Bu da son. Bu da sonumuz…