Vicdanla söhbət
2015-ci ildən rəsmən işsizəm. Müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Yavaş-yavaş yaşlandığımı və ölkədəki medianın durumunu nəzərə alaraq özümə sabit gəlirli bir iş axtarmaq qərarına gəldim. Hətta bu barədə elanı sosial şəbəkələrdəki hesablarımda da yerləşdirmişdim. Görənlər bilir. Bunu həm də damar yoxlaması adlandırmaq olardı. Ki, görək dostlardan, tanışlardan eləcə də həmkarlardan kim dillənəcək.
Gözlədiyim oldu. Heç kim dillənmədi. Səbəbləri aydındır. Üzlərinə vurmaq istəmirəm. Zatən bu günə qədər düşdüyümüz bu vəziyyətin səbəbi onların belə hallarda yaşadıqları sindromlar deyilmi?
Media qurumları da hansı vəziyyətdə olduğunu bir daha göstərmiş oldu. Bu sahənin adamları yaxşı bilir. Müstəqil medianın vəziyyəti məlum. Digərləri isə boyunduruq altında. Sahibləri icazə verməsə, öz istəklərinə uyğun xırda bir addım da ata bilməzlər. Qala ki, mənə iş təklif edələr. Hökumətin xoşuna gəlməyən bir jurnalistin adını kim onların yanında çəkə bilər?
Nə isə. Yazacağım öz giley-güzarım deyil. Yaşadığım hisslərdir.
Həmin iş axtarışı ilə bağlı sosial şəbəkədə yazdığım elandan bir qədər sonra şəhərin mərkəzi küçələrinin birində qocaman həmkarlarımdan biri ilə rastlaşdım. Qələmi iti və maraqlı olan vicdanlı həmkarlarımdan biri ilə. Uzun illər mediada külüng vurmuşdu. Daha da yaşlanmışdı. Amma əynindəki nimdaş paltarı ona illərin qələmi iti jurnalisti deməyi şübhə altına alırdı. Hal-əhvaldan dərhal sonra həmin həmkarım məndən iş tapıb- tapmadığımı soruşdu. Yox cavabını eşidəndə isə reaksiyası maraqlı oldu. Sönük sifət alıb, üzgün ifadə ilə:“Sən də mənim kimi”,- dedi. Əslində bu kəlmənin altında çox böyük mətləblər yatırdı. Özünün gileyindən tutmuş mənim gələcəyimə olan əndişəyə qədər…
Onu tanıyırdım. Qələminə hörmət edən, peşəsinə sadiq, prinsipial və vicdanlı jurnalistlərdən olmuşdu. Qazandığı isə yalnız imzası olmuşdu ki, onu heç vaxt satmamışdı. Yaşı 60-dan yuxarı keçsə də kirayədə yaşayırdı. Daim fikirli gəzərdi. Siqareti siqaretə calayardı. Ölkədə müstəqil medianın sıradan çıxarılması isə həmin jurnalistin imzasını da artıq unutdurmuşdu. Həm də cəmiyyətimizin ağıllı yazılar oxumağa olan marağı da həmin imzaya tələbatı azaltmışdı. Yəni əslində cəmiyyətimizdə oxumağa olan həvəssizlik, marağının olmaması.
Daha birisi də vardı. Onu şəxsən tanımırdım. Amma digər həmkarlarımdan eşitdiyimə görə, bu qocaman və vicdanlı jurnalist də ailəsi ilə birgə çox çətin vəziyyətdə kirayədə yaşayırmış. Hökumət jurnalistlərə birinci dəfə ev paylayanda bütün redaksiyalara xəbər göndərir ki, namizədlərinizi təqdim edin. Onun baş redaktoru da özü kimi prinsipial imiş. Hökumətin verdiyi evlərdən imtina edir. Yalnız həmin jurnalisti otağına çağıraraq imtina etmək istədiyini, yalnız o istəyərsə, onun adını namizəd kimi verə biləcəyini bildirir. Həmin jurnalist baş redaktoru ilə həmrəylik nümayiş etdirir. Hökumətin verdiyi evin prinsiplərinə zidd olduğunu bildirərək imtina edir. Eşitdiyimə görə bundan sonra ailəsi dağılır. Qocaman yaşında.
Bax belə.
Hərdən boş vaxtlarım olanda qələminə hörmət etdiyim jurnalistlərin yazılarını tapıb oxuyuram. Elə bu yaxınlarda Hüseynbala Səlimovun saytlardan birində xeyli əvvəl dərc olunmuş yazısı qarşıma çıxdı. Yazını sanki Hüseynbala müəllim bütün o vəziyyətdə olan jurnalistlərin dilindən yazmışdı. Hüseynbala müəllim yazmışdı ki:»Bir də ayılıb gördün ki, “bir həsirsən, bir də məmmədnəsir”… Yaş keçib, saç ağarıb, az qala diş də tökülüb, amma sən piyadasan… Yenə də bunun fərqində olmadın. İnandın, ümid etdin, gözlədin, mübarizə apardın — bir yeri bağladılar, bir işığı tıxadılar, sən yenə də ümid etdin, başqa bir yerə getdin…
İllər gəlib keçdi. Qiymət verdilərmi sənə? Sən bunu heç ummadın da…
Bəxtəvərlərə baxıb köks ötürmədin, bədbəxtlərə, əzilənlərə baxıb ah çəkdin və yenə də inandın, ümid etdin, ümid verdin…»
Çoxumuz bu vəziyyətdə deyilikmi? Bir işıq tıxananda yenə də ümid etmədikmi? Gələcəyimizi bilə-bilə, bir-birimizdən əndişə etsək də, yenə də nəyəsə ümid edib, özümüzü aldatmadıqmı?
Hüseynbala Səlimov daha sonra yazır:»Budur, artıq qaçmağa yerin də yoxdur. Bir də ayılıb gördün ki, heç kimə lazım deyilsən. Bir də ayılıb gördün ki, ürəyini məşələ çevirdiyin cəmiyyətə də heç lazım deyilsən. Sən onun üçün kiçik bir odun çöpüsən. Yanmırsansa, yandırmırsansa külünü sovurub özünü də bir tərəfə tullayırlar… Amma sən bu aqibətindən də ibrət götürmədin. Yenə də inandın, yenə də sevdin…
Artıq özün də sonuncu dayanacağa çox qalmadığını hiss edirsən, duyursan. Elə ürəyinin dərinliklərində məğlubiyyətini də hiss edir, başa düşürsən. Amma bu fikirləri özünə yaxın buraxmaq istəmirsən…
Kim mane olur, kim qoymur səni? Bilmirsən? Yox, bilirsən! Bəlkə də səni üzü küləyə doğru qovan sənin o gənclik “eqo”ndur?
Sən sual verməyi sevərdin… Buyur, indi sonuncu sualını ver: “Sən bu ölkədə hələ nəyəsə ümid edirsən?”…»
Artıq biz də yaşlanırıq. Saçımız yavaş-yavaş ağarır. Və başa düşürük ki, məşəl edib ürəyimizi, beynimizi, barmaqlarımızı yandırdığımız cəmiyyətə biz lazım deyilmişik. Amma yenə də hələ də bu ölkədə hələ nələrəsə ümid edirik.
Bəlkə də vicdanımız bizi buna vadar edir. Bəzən mən də düşünürəm ki, rüşvətdən uzaq, kiminsə haqqına girməmək kimi vicdanlı yaşamağı özümüz seçmişik. Hətta bizi kasıblığımıza görə qınayan yaxınlarımız da bizə qınaq kimi bu kəlməni tez-tez işlədirlər:“Bu yolu özünüz seçmisiz”. Bəli. Bu yolu özümüz seçmişik. Çünki başqa cür bacarmırıq. Bəlkə də indi bir çoxlarınız deyəcəksiniz ki, siz fəxr etməlisiz ki, övladlarınıza haram tikə yedizdirmirsiniz. Düzdür. Bu bəzən bizim də özümüzə təsəllimizdir. Amma sabah övladlarımız böyüyüb üzümüzə deyəndə ki, uşağlığımızı qaytar, bizim onlara verəcək cavabımız olacaqmı?
Günahımız nədir? Vicdanlı olmaqmı? Sabah biz bu vicdanı uşaqlara başa salsaq, onlar vicdana nifrət etməzlərmi?