Söyüş aynası
Uşaq idim. Uşaqlığımız kəsilsin. Bizim nəsil nə uşaq kimi uşaqlıq keçirdi, nə də gənc kimi gənclik. Indi də 40-a yaxınlaşmışıq, amma hələ də ümidlə yaşayırıq. Nəysə sözüm onda yox.
“Uşaq idim” dediyimdə 1988-1992-ci illəri nəzərdə tuturam. Azərbaycanın ən qaynar, emosional dövrü. Bir tərəfdə Qarabağda baş verənlər, o biri tərəfdə Azadlıq meydanında baş verənlər. Azad medianın cücərtiləri. “Azərbaycan”, “Azadlıq” qəzetləri. Və hamının tək televiziya kanalı olan dövlət televiziyası. Onda heç adı da yox idi. Elə öz kanalımız deyirdilər. Ya da birinci kanal. Bakıda, Qarabağda baş verənlərdən əlimizdə olan ancaq bu televiziyadan məlumat ala bilirdik. Neyləyək indormasiya ala biləcəyimiz ayrı bir televiziyamız yox idi. Dövlət televiziyası doğru-yalan nə verirdisə, diqqətlə izləyirdik, onunla qane olmağa çalışırdıq. Böyüklər özləri prosesləri həm də Bakıdan, Qarabağdan gələn xəbərlərlə analiz etməyə çalışırdılar.
Biz uşaqların da günü həmin televiziyanın qarşısında, o informasiyaların və evdə böyüklərin apardığı müzakirələrin içərisində keçirdi. Yaşlı arvadlardan tutmuş, cavan qız-gəlinlərədək, pensioner babalardan tutmuş, cavan oğlanlara qədər hamı ancaq bu proseslərdən söhbət edirdi. Çox keçməyəcək ki, Meydan hərəkatı müstəqillik, Qarabağ isə müharibə atəşi ilə alovlanacaqdı.
Həmin dövrlərdə hər axşam bütün ailə televiziyanın qarşısına toplaşıb, “Günün Ekranı” xəbərlər buraxılışına baxardı. Onun ardınca isə adını indi xatırlamadığım analitik bir veriliş yayımlanardı. Verilişin aparıcısı yaşlı, ağsaçlı bir adam idi. Indi yəqin çoxları xatırlayar. Həmin veriliş başlayan kimi nənəmin “gül ağzı” açılardı, nə açılardı:“Adə bu tülkünü yenə çıxartdılar bura. Utanmır yaşından, başından…”
Nənəmin qəzəbinə səbəb isə o idi ki, adamın yaşından, başından istifadə edib efirə ona görə çıxarırdılar ki, hökumətin təbliğatını aparsın. Yalanlar, uydurmalar, nağıllar danışmaqla xalqın fikrini başqa səmtə yönəltsin. Bu da sadə xalqın nümayəndəsi olan bir çoxları kimi nənəmi də qıcıqlandırırdı. Amma hissləri oyanıq xalqa bu yalanları uddurmaq asan başa gəlmirdi. Qarşılığı xalqın kini, nifrəti, qəzəbi, qınağı, bəlkə də söyüşü idi. Xalq tərəfindən.
Sonralar Azərbaycan müstəqil oldu. Həmin adam da çevrildi oldu müsavatçı, cumhuriyyətçi, rəsulzadəçi… Bir çoxları onu belə də qəbul etdi. Amma uşaq yaddaşı güclü olur. Onun adı çəkiləndə hələ də nənəmin ona qoyduğu ayamalar və o ayamaları ona qazandıran səbəbləri yadıma düşür.
Indi də belələri var. Hətta deyərdim o vaxt yeganə kanalda o tək idisə, indi hər telekanalda onların sayı xeyli çoxdur. Amma məni daha çox düşündürən bir vaxtlar xalqın yanında, obyektiv, dəqiq, qərəzsiz olduğu üçün hakimiyyət və hakimiyyət üzvləri tərəfindən söyülən doğru-dürüst jurnalistlərin bəzilərinin indi hakimiyyətin diktəsi ilə təbliğat aparması, hakimiyyətdən fərqli fikirli insanları və media üzvlərini söyməsidir. Konkret söyüşlərlə çıxış etməsidir. Təbii ki, onların bir çoxu bunu əminliklə bilir ki, söydükləri söyüşün beş qatı onların özünə qayıdır. Xalq tərəfindən.
Məni düşündürən də budur. Onlar bunu niyə edirlər?
Bəlkə də Azərbaycan da nə vaxtsa düzələcək. Sistem də dəyişəcək. Bu gün başqalarını söyüb, özləri müxtəlif ayamalar qazanan, söyüşlər yeyənlər həmin vaxt yenə çevrilib xalqın, haqqın yanında olacaqlar. Amma keçmişdə qazandıqları o ayamalar unudulmayacaq. Bəlkə də kimlərsə onları qəbul edəcək, kimlərsə bu vaxta qədər etdiklərini udacaq, kimlərsə unudacaq. Amma yaddaşı uşaqlar qədər güclü olanlar əsla unutmayacaqlar.