Şortikli qızdan zorlanmışa və zorlayan ataya qədər…
Ölkədə deyildim. Səfərdə olarkən adətən beynimin dincəlməsi üçün ölkədəki proseslərlə maraqlanmamağa çalışıram. Bir həftəlik səfərdən sonra, təyyarədən enib aeroportdan evə tərəf istiqamət alanda interneti açarkən Facebookda ilk qarşılaşdığım məsələ metroda şortikli qıza olan tənələr və bir yaşlı xalanın həmin şortikli qıza hücumu ilə bağlı çəkilmiş video oldu. Həə. Artıq Azərbaycanda olduğumun fərqinə vardım.
Həmin başabəla şortik. İllərdir biz bu bəladan qurtula bilmirik. Gah şortik geyinən oğlanlar topa tutulur, gah qızlar. İndi deyəsən bir leveli adlamışıq. Artıq nəinki topa tuturlar. İndi hətta ictimai yerlərdə onlara hücum da çəkirlər. Düşüncə dəyişmir ki, dəyişmir. Hamı əxlaqlı olub. Əxlaq polisi olub. Düşünürlər ki, açıq-saçıq geyinənlər və ya şortik geyinənlər əxlaqsızdır. Ay millət, ay başınıza dönüm, nə qədər demək olar ki, əxlaq insanın daxilindən gələn nəsnədir. Kimisə geyiminə görə qınamaq, ona əxlaqsız damğası yapışdırmaq doğru deyil. Adamın canında-qanında varsa, onun istər intim yerlərini qıfılla, dəmirdən zirehli paltar geyindir və ya başdan ayağa parçaya sarı yenə xeyri olmayacaq. O yenə hansısa yol tapıb, əxlaqını göstərəcək. Həm də cəmiyyət olaraq anlamalıyıq ki, kiminsə geyimini müzakirə etmək, onun şəxsi seçiminə hörmətsizlik etmək deməkdir. Şəxsi həyatına qarışmaq deməkdir. Geyim insanın şəxsi seçimidir. Yeri gəlmişkən, səfər etdiyim Avropa ölkəsində yaşlı-cavan, qadınlı-kişili hər kəs şortikdə gəzirdi. Heç kim heç kimə hücum etmirdi.
Səfərdən yorğun qayıtmışdım. Məlum, yol-saat və s. Gəlib dərhal yatdım. Oyanandan sonra daha bir Azərbaycan sürprizi ilə qarşılaşdım. Əyalətlərimizdən birində 7-ci sinif şagirdi, 13 yaşlı qız bir məmurun qardaşı oğlu tərəfindən zorlanıbmış. Yazılanlara inansaq, videoya çəkilərək şantaj olunduğu üçün bu hal bir neçə dəfə təkrarlanıbmış. İndi 13 yaşlı qız hamilədir. No Comment. Şərhsiz. Vicdansızlığın, namussuzluğun son həddi.
Sosial şəbəkələrdə bu barədə çox yazıldı. Qızın, qızın ailəsinin müdafiəsi üçün əksəriyyət səfərbər oldu. Bu yazını yazmazdan öncə yenə sosial şəbəkələrdən birində qarşıma çıxan qızın atasının açıqlaması məni yerdən yerə vurdu. Əminəm ki, eləcə də mənim kimi, bu qızı müdafiə edənlərin hamısını.
Ata deyib ki, “adətə görə biz tərəfdə beşikkəsdi var, ancaq qız həddi-buluğa çatana qədər mənimlədir. Bu artıq sözlərdir yazırlar. Qızımı heç kim zorlamayıb.” Ardınca bildirir ki, “Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana. Bizdə beşikkəsdi deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm”. Və “Bizdə qız oğlanı sevsin, oğlan qızı sevsin, belə adət yoxdur. Valideyn kimə istəsə qızını verir və övlad da valideynin bu qərarı ilə razılaşır. Mən nə desəm, qızım da onu edəcək”.
Biz bu ölkədə nələr görmədik? Övladlarının meyidləri üzərindən bazarlıq edənləri, şəhid övladları üzərindən bazarlıq edənləri. Və daha nələr… İndi də qızının namusu üzərindən bazarlıq edəni gördük.
Bayaqdan düşünürəm. Doğrudur, burda qınanılası bir nəfər var. Zorlayan məmur oğlu. Amma indi atanın belə çıxışı onu da qınaq obyektinə çevirdi. Ata 13 yaşlı qızının zorlanması ilə, onun dəfələrlə bu halla qarşılaşması ilə, onun hamiləliyi ilə barışıbmış. Allah göstərməsin. Allah heç kimi həmin atanın düşdüyü duruma salmasın.
Azərbaycan gerçəkliyi. Ata düşünüb ki, yəqin bundan sonra qızının həyatı məhv oldu. Ona heç kim yaxın durmayacaq. Ona görə də elə zorlayanla yaşaması məqsəduyğundur. Spesifik mentalitet düşüncəsi. Amma düşünmür ki, özü öz əli ilə qızını uçuruma, bəlkə də ölümə yuvarlayır. Qızına sahib çıxmaqdan, yiyə durmaqdan qorxur. Onu müdafiə etməkdən çəkinir. Namusunun zorlanması ilə razılaşır.
Ən yazıq durumda olan isə zorlayanla yanaşı mentalitetin, qohum-əqrəbanın, ata-ananın yenidən zorladığı körpə qızlardır.
Daha bir acı xəbər. Tərtərdə bir ata öz 14 yaşlı qızını dəfələrlə zorlayıbmış. Hətta qızın anası bunu bilsə də bütün evdəkiləri susmağa məcbur edirmiş. Atasından hamilə qalan qızın hamiləliyi dərmanla sonlandırılıb və uşaq ana bətnində tələf edilib.
Daha deyiləcək sözüm qalmır. Dünyaya, həyata, cəmiyyətə, insana, insanlığa nifrət həddindəyəm. Getmək istəyirəm. Lap uzaqlara. Səfərdən qayıtmamaq şərti ilə. Oyanmamaq şərti ilə.