Solan nar çiçəkləri
yaxud Rusiyanın “udduğu” Qabillər, “Nar bağı” nda qalan Saralar
Milli kino deyəndə xəyalıma ilk gələn Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” və Rza Təhmasibin “Arşın mal alan” filmləri olur (daha çox Üzeyir bəy Hacıbəyli), çünki Azərbaycan gerçəkliyinin müəyyən bir dövrünü o zamanı yaşamayanların, görməyənlərin gözləri önündə canlandıra bilir. Milli keyfiyyətlərə, adət-ənənələrə, kökə bağlı nəsnələrdən danışır (Onlar yaxşıdır, ya pis, başqa söhbətin mövzusudur). Sonrakı illərdə də olub, amma barmaqla sayılacaq qədər, məsələn, Arif Babayevin “Uşaqlığın son gecəsi”, yaxud Eldar Quliyevin (daha çox Rüstəm İbrahimbəyov və Rasim Ocaqovun) “Bir cənub şəhərində”, Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” filmləri də yalnız Bakı mühitini əhatə etsələr belə, milli film demək olar. Əgər film onu çəkən, bəhs etdiyi xalqın ümumi yaşayışını, düşüncəsini, mentalitetini əks etdirə bilirsə, demək həm də bəşəridir. Bunu da izaha keçsəm, mətləb uzanacaq, odur ki, mus-musu dayandırıb, keçirəm Mustafaya, yəni bəhs etmək istədiyim filmə. İlqar Nəcəfin bu günlərdə baxdığım, Bilik Fondunun “Kinoklub”unda nümayişini təşkil etdiyimiz “Nar bağı” filminə.
Film 12 yaşlı oğlan uşağının göz həkimində müayinədən keçməsi ilə başlayır. Uşaq damdan yıxılıb, bir gözü zəifləyib, həm də rəngləri seçə bilmir — daltonikdir. Qırmızını qara görür. Əslində, onun gözündə dəyişən yalnız rənglər deyil, həyatının rəngidir.
Atası o, dünyaya gələndən Rusiyaya gedib. Qardaşı Habillə (Habil, Qabil məsələsinə də fikir verin) birlikdə toydan gələndə hər ikisi içkili vəziyyətdə dalaşıblar, Qabil (Səmimi Fərhad) hirslənib sürdüyü maşının açarını da qardaşının üstünə atıb piyada çıxıb gəlib evə, yatıb. Səhər xəbər gəlib ki, qardaşı qəzaya düşüb ölüb. Hamı sükan arxasında Qabili gördüyündən onu günahlandırıb, axı o biri qardaş heç maşın sürə bilmirmiş. Qabil də tənəli baxışlardan qurtulmaq üçün üz tutub Rusiyaya. Cəlalla anası babasının saxlayıb becərdiyi nar bağı ilə dolanırlar. Kəndin bütün torpaqlarını alıb sahib çıxan Rasim (Rövşən Kərimduxt) indi də onların nar bağına göz dikib. O torpaqda zavod tikdirmək istəyir. Cəlalın babası, Şamil kişi (Qurban İsmayılov) bağı satmaq fikrində deyil.
Günlərin birində Qabil Rusiyadan qayıdır. Ailəsini aparmaq üçün gəldiyini deyib, atasını, oğlunu və 12 ildir onu gözləyən arvadını da aldadıb nar bağını gizlincə sinif yoldaşı olmuş “kəndxuda” Rasimə satıb pulunu götürüb yenə aradan çıxır.
Qabil günahkardırmı? Nə günahlandıra bilirsən, nə də haqq qazandıra. Axı, onun da öz əsaslı məntiqi var. Hamı onu günahlandırıb, o da baş götürüb hamıdan qaçıb. 12 illik Rusiya həyatında ailə qurub, qızı da var və külli miqdarda borcu olduğundan qızını girov götürüblər. Atasının ümid yeri nar bağını satmaqdan qeyri Qabilin əlacı qalmayıb. Üstəlik ona çətinliklə inanıb, ata kimi qəbul etməyə çalışan oğlunu, yalnız bir-neçə gün ailəlikcə bir yerdə olmağın xoşbəxtliyini dadmış arvadını, oğlum qayıtdı, ailəsinə, ata-baba yurduna sahib çıxar, mən rahat o dünyaya gedərəm-deyə ümidlənmiş atasını yenə aldadıb atdı. Bu dəfə yeganə qazanc və ümid yeri nar bağı da getdiyindən baba, ana, nəvə necə olacaq, onları hansı qara günlər gözləyir bəlli deyil, həm də bəllidir. Əslində Cəlalın gözlərində həyatın rəngi bu səbəbdən dəyişib, qırmızı qaraya dönüb.
Bəlkə, Sara (İlahə Həsənova) günahkardır? İkinci uşağa hamilə qaldı və öz halal əri tərəfindən aldanıb atıldı.
Film bütünlüklə Azərbaycanın bu günkü reallığını əks etdirir. Sırf bizimlə, bizim həyatımızla qayğı və problemlərimizlə, yaşam tərzimizlə bağlıdır. Bölgələrdə yüzlərlə saraları qabillər buraxıb Rusiyaya çörək arxasınca gedib tanyalara ilişib qalıblar. Nə Sara yada düşüb, nə Cəlal, nə Şamil kişi, nə də oğul dərdindən çərləyib ölmüş analar.
“Nar bağı” Azərbaycandır. Onu alan, satan, talan edən də məlumdur. 200 ildir əlindən çəkmədiyimiz qalmayan imperiyanın da filmdə alt qatda təsviri var. Bir ailənin timsalında yüzlərlə Azərbaycan ailəsi, Azərbaycan gerçəklikləri yatır.
Rejissor İlqar Nəcəf (həm də Asif Rüstəmovla bərabər ssenari müəllifi) Azərbaycan kinematoqrafındakı həmkarlarının heç birinə bənzəmir, filmi ilə bənzəmir yəni. O, nə Rusiya, nə Gürcüstan, nə də İran kino məktəbinin təsiri altındadir. Çəkdiyi Azərbaycan filmidir, film tamaşaçısı ilə onun öz doğma dilində danışır. Danışdıqları mənə — tamaşaçıya yad, özgə gəlmir, əksinə çox doğmadır. Mənə məndən danışır. Qərbə, Avropaya onlardan gələn “yalanı” deyil, mənim həqiqətimi göstərir. Zatən, illərdir ki, bizim rejissorlar bu həqiqəti dərk edib həyata keçirə bilmirlər — nə qədər ki, qərbə, avropaya öz reallığını yox, onun həyatından yamsılamanı təqdim edəcəksən, qəbul olunmayacaqsan, çəkdiyin də özün kimi küncə atılacaq. Nar bağı, ona qulluq edən Azərbaycan kəndlisi (bəlkə, savadsızdır, cahildir, ailənin, oğlunun tərbiyəsində hardasa boşluğa yol verdiyindən bu gün onun “bəhrəsini” görür, amma kişidir, mərddir), onun evindəki ərinə sadiq, saçının birini ağ, birini qara hörüb nankorun biri olsa belə, ərini gözləyən gəlinlər, bütün olanlardan yeganə günahsız, amma ən çox zərbə alan Cəlallar.
Kimdir günahkar? Bəlkə, Şamil kişi? Onun da səbəbi olmamış deyil. Əslində, filmdə bu məsələ də var ki, hamının özünü sudan çıxardacaq səbəb və bəhanəsi var. Hamı günahkardır, amma heç kəs də günahkar deyil. Həyat deyilən nəsnə elə budur. Günahkar axtarmaq, tapmamaq, yaxud kimisə ədalətsizcəsinə günahlandırmaq. Həyat bütün bu təzadlardan ibarətdir. Kimsə hardasa kiçik bir yanlışa yol verdisə, bu onun bütün nəslinin, ondan sonra gələnlərin əzabına çevrilə bilər.
Rejissor digər “Buta” adlı filmində olduğu kimi burda da rəmzlərin dili ilə tamaşaçıya dərin mətləbləri çatdırmağa çalışıb. Rəmzlər də elə özümüzündür, Azərbaycansayağı, ona görə də tez anlaşılır, rejissorun nə demək istədiyi tamaşaçıya aydın olur. Nə Daneliyanın təsiri var, nə Tarkovskinin, nə də Nuri Bilgə Ceylanın. Mən “Nar bağı” filmində yalnız İlqar Nəcəfi, onun düşüncəsini, azərbaycanlı olduğunu, bir də yaxşı təhsil aldığını (həm də ana dilində) gördüm.
Filmdə Cəlal rolunu oynayan balaca Həsən Ağayevdən tutmuş Şamil kişi Qurban İsmayılova qədər mükəmməl oyun nümayiş etdiriblər. Qurban İsmayılovun çayı nəlbəkiyə töküb içməyi belə, bir kənd kişisinin bütünlüklə obrazını verir. Oğluna çox bağlı, onu çox qınayan və bunu çox sevdiyindən edən ata, nəvəsini sevdiyindən onu düşünüb özünün bir dam altında yalqız qalması bahasına olsa da atası ilə getməsinə razı salmağa çalışan baba. Gəlinin iç dünyasına qədər duyub, ona yazığı gələn, oğlunun günahını öz çiyinlərində hiss edən qayınata. Hamısı Qurban İsmyılovun yaratdığı Şamildə cəm olub.
Saranı oynayan İlahə Həsənova Milli Dram Teatrının aktrisasıdır, onu teatr səhnəsində bu qədər görüb hiss etməmişdim. Eləcə də Rasimin ifaçısı Rövşən Kərimduxtu. Bunlar hamısı rejissor əməyinin məhsuludur, aktyorun istedadını tapıb onu tamaşaçıya göstərə bilir. Aktyor xammaldır? Ondan nə düzəldəcəksə, rejissor düzəldə bilər.
“Nar bağı” filminə baxın, bizdə “kino yoxdur”, “aktyor yoxdur”, “rejissor yoxdur” kimi fikirləri bir daha deməyəcəksiniz. Bizə inanıram, böyük ümidlərim var, buna bir daha əmin oldum.