Seçki təbliğatı və ya sığal axtaran başlar…
Aprelin 11-də növbədənkənar prezident seçkiləridir. Rəsmən təbliğat-təşviqat başlamayıb. Buna baxmayaraq artıq bir çoxları qollarını çirmələyib, əməlli-başlı işə girişiblər. Ard-arda bəyanatlar verilir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, bütün jurnalistlər İlham Əliyevə dəstək verəcəklər.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirir ki, bütün qarabağlılar prezidenti dəstəkləyəcək.
Deputat Hadı Rəcəbli deyir ki, bütün əlillər İlham Əliyevə səs verəcək.
Ağsaqqallar Şurası, Azərbaycan alimləri, ziyalıları, aktyorları, aktrisaları, yazıçıları sanki eyni bəyanatla sıraya düzülüblər.
Hətta Şeyxülislam Hacı Allahşükür Paşazadə xütbələrdə İlham Əliyevə dəstək olunmasını istəyib.
Və.s. Və.i.a
Əvvəla, bu şəxslər o ixtiyarı hardan alıblar ki, hamının adından danışırlar? Məsələn, Mətbuat Şurasının sədri olmaq o demək deyil ki, bütün jurnalistlərin adından istədiyi bəyanatı versin. Şəxsən mən mətbuat nümayəndəsi olaraq bu ixtiyarı kimsəyə verməmişəm. Ümumiyyətlə, Mətbuat Şurasının işi təbliğatla məşğul olmaqdırmı? Yaxşı olmazdımı ki, Mətbuat Şurası medianın problemləri haqda danışsın, onların həllinə çalışsın, təqib və təzyiqlərə məruz qalan, həbs olunan jurnalistlərin problemlərini araşdırsın, onların yanında olsun. İndiyə qədər bu hadisələrlə bağlı Mətbuat Şurasının bir bəyanatını görmədik, eşitmədik. Bəs nə yaxşı seçki ilə bağlı belə əl-ayağa düşüb, cənab Amaşov? Özü də bütün jurnalistlərin adından danışmaqla. Həm də bütün media prinsiplərini pozaraqdan. Jurnalist nə vaxtdan tərəf oldu ki? Bəs obyektivlik harda qaldı? Jurnalistin vətəndaş kimi səsvermə hüququ olduğunu hamımız bilirik. Amma obyektiv jurnalist bu hüququndan da obyektivliyinə xələl gəlməsin deyə səs-küysüz istifadə etməli deyilmi?
Cənablar, indiki zamanda belə bəyanatlar səsləndirməyiniz təbliğat-təşviqatla yanaşı, həm də təmsil etdiyiniz insanların adına təhdid kimi görünmürmü?
Olmazmı bu şəxslər insanları yönləndirmək əvəzinə onlara seçkiyə qatılmağı təşviq etsinlər. Seçimlərindən asılı olmayaraq. Hamını seçkiyə səsləsinlər.
Ağsaqqal, ziyalı, yazıçı niyə prezidenti, hakim şəxsi təbliğ etsin ki? Bu addımın kənardan onların adına məddahlıq kimi göründüyünün fərqində deyillərmi?
Ayrı vaxt həmin ağsaqqala, ziyalıya, yazıçıya sual verəndə doğrulardan qaçmaq üçün deyirlər ki, biz siyasətə qarışmırıq. Bəs görəsən indi niyə qarışırlar?
Bəs nə oldu Azərbaycanda din siyasətdən ayrı idi? İndi niyə din, dindar siyasətə qarışır? Və ya buna şərait yaradılır?
Heç kim şübhə etmir ki, hakimiyyətin imkanları genişdir. İlham Əliyevin şansları da çoxdur. Müxalifət seçkini boykot edir. Və bu seçkidə İlham Əliyevə alternativ ola biləcək namizəd yoxdur. Və belə halda iqtidarın hansısa yazıçının, dindarın, aktyorun onu təbliğ etməsinə ehtiyacı yoxdur. Bəs onda bu adamlara nə düşüb? Məqsədləri nədir?
Sonra da giley-güzar edirlər ki, xalq bizi niyə sevmir? Niyə bizi topa tuturlar? Axı insanlar sizdən kitablarınızda yazdıqlarınız kimi, səhnədə oynadığınız obrazlar kimi doğruları görmək, eşitmək istəyir. Niyə seçki ərəfəsində təbliğatla məşğul ola bilirsiniz, amma hansısa bir hadisə ilə doğruları deməkdən çəkinirsiz? Bəyəm bu addımınızla yazdıqlarınız, yaratdıqlarınız müsbət obrazlara zidd getmirsinizmi?
Elə bu yerdə universitet müəllimlərimdən biri Yaşar Məmmədlinin bir sitatını xatırlamaq yerinə düşər. Yaşar Məmmədli deyərdi ki, bəzən insanlar hakim şəxsin sığalını gözləmədən özləri başlarını həmin şəxsin hərəkətsiz əlinin altına soxub, başlarını həmin ələ sürtərək tumarlanırlar. Yaşar Məmmədli belə deyirdi.
Deyəsən bir qədər ağır oldu. Amma düşünürəm ki, kitab yandırmaq qədər ağır deyildi…