Repressiya qurbanları və donosbazlar
Mikayıl Müşfiq son zamanlar çox tez-tez xatırlanır. 1938-ci ildə repressiyanın qızğın çağında 29 yaşında güllələnmiş şairin qalıqlarının tapılması barədə məlumatlar mediada yayıldıqdan sonra prezident bu işi öz nəzarətinə götürdü. Açığı bu gündən sonra şairin qəbrinin olub olmaması məni o qədər də narahat etmir. Onun abidəsi də, qəbri də ürəklərdədir. Sözüm onda yox.
Müşfiq həmin illərdə repressiya qurbanı olmuş 27 min azərbaycanlıdan biridir. Bəlkə də ən gəncidir. Ömrünün ən gözəl ilində 29 yaşında cəllad gülləsi ilə öldürülüb. Hətta ölümü ilə bağlı müxtəlif versiyalar var. Kimi onun güllələndiyini, kimi diri-diri divara hörüldüyünü yazır. Bunu gərəkdir ki, tarixçilər araşdırsın. Mənimsə son günlər aparılan müzakirələrdə diqqətimi bir məsələ çəkdi.
Görən indi onun haqda yazanlar, danışanlar Müşfiqin nə ilə damğalandığını bilirlərmi?
O vaxt proseslər belə baş verirdi. Bir qrup şəxs ya xüsusi sifarişlə, ya da hakimiyyətə yarınmaq üçün potensial qurbanı hədəfə götürür. Onun haqqında gözdənsalma kampaniyasına başlayırdılar. Ləkələmə, böhtan, haqsız və yalançı tənqidlər.
Misal üçün, Mikayıl Müşfiqə belə böhtanlar Yazıçılar İttifaqının plenumunda həmkarları tərəfindən başlamışdı. Bu addımı həmkarı Mikayıl Rzaquluzadə atmışdı.
Ardınca dövri mətbuatında “dostlarının” və ya həmkarlarının həmin şəxs haqqında səsləndirilmiş böhtanlar daha da inkişaf etdirilirdi.
Mikayıl Müşfiq haqında həmin yazı “Ədəbiyyat” qəzetində daha bir həmkarı Məmməd Rahim tərəfindən yazılmışdı. Yazı belə adlanırdı: «Kontrrevolyusener, kontrabandçı, oğru…» .Həmin yazıda Müşfiq əksinqilabçı, kontrabandçı və oğru kimi qələmə verilmişdi.
Daha sonra həmin şəxs haqqqında dövri mətbuatda yazılmış böhtanlar və pleniumda səsləndirilmiş fikirlər o vaxtkı NKVD-nin əsas ittihamlarına çevrilir.
NKVD Müşfiqi müsavatçılıqda, partiya və hökumətin ünvanına böhtanlar deməkdə, əksinqilabi və provokativ çağırışlar etməkdə, burjua – millətçi fikirlərilə, əksinqilabi düşüncələrilə ədəbiyyat sahəsində iş aparmasında günahlandırır. Bundan sonra SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının 5 yanvar 1938-ci il, saat 11:20-də başlanan məhkəməsi 20 dəqiqə sonra Müşfiqin güllələnməsi hökmü ilə başa çatır. Yazılanlara görə hökm yanvar ayının 6-na keçən gecə həyata keçirilib.
Şərləmə, böhtan, ədalətsiz məhkəmə qərarı və ardınca bir insan faciəsi…
Ssenari tanışdırmı?
Zamanından, dövründən, məkanından, yerindən asılı olmayaraq bəzi hakimiyyətlər bu ssenaridən istifadə ediblər, edirlər. Bəlkə də dünya durduqca da edəcəklər.
Doğrudur, 20 il sonra yenidən həmin məhkəmənin qərarı ilə Mikayıl Müşfiq bəraət alır. Gec də olsa, ədalət yerini tapır. Bəraətdən 60 il sonra isə Müşfiqi sevən milləti onun qalıqlarının axtarışına çıxacaq, onun qəbrinin olmasını arzulayacaq.
Mətbuat onun haqda yazacaq, tədqiqatçılar işə girişəcək, hakimiyyət bu işi nəzarətinə götürəcək.
Amma məni yandıran odur ki, Müşfiq məsələsini indi qabardan, repressiyadan ağız dolusu danışan, repressiyanı pisləyənlərin bəziləri dövrümüzün donosbazlarıdır.
Müşfiqin ədalətsiz mühakimə olunduğunu deyənlər bir çox şəxsləri ədalətsiz mühakimə edənlərdir.
Bu işi nəzarətə götürən hakimiyyət fərqli düşüncəli insanları, qələm adamlarını böhtanlayaraq həbs edəndir.
80 il əvvəlki məhkəmə qərarını və onun icraçılarını qınayanlar ölkədə ədalətsiz məhkəmə sistemi quranlardır. Ədalətsiz məhkəmə hökmlərinə haqq qazandıranlardır.
Görəsən indi bu məsələdən xal qazanmaq istəyənlərin Müşfiq qarşısında tarixin günahını yumağa çalışmaları yaxşıdır, yoxsa tarix qarşısında özlərinin?