Narkoman yoxsa insan?
Radiolardan birində çalışdığım vaxtlarda həftədə bir dəfə “Deutche Welle”nin proqramlarını azərbaycancaya tərcümə edirdim. Yerli Fm dalğasında yayımlanan həmin yerli radioda həftədə bir dəfə həmin proqram azərbaycanca yayımlanırdı. Onu tərcümə etmək isə mənim öhdəliyimdə idi. Silsilə verilişlərdən biri Almaniyada uyuşdurucu asılılığı olanlara həsr olunmuşdu. Dövlətin onlara qayğısından danışılırdı. Ən maraqlı informasiya isə mənim üçün o olmuşdu ki, sən demə AzTV-nin gözündə dağılmaqda olan Almaniyada narkotik asılılığı olan insanlar müəyyən prosedurlardan və qeydiyyata düşdükdən sonra dövlətin onlara ayırdığı müəyyən yerlərdən gündəlik tələbatları qədər pulsuz narkotik vasitə ala bilərmişlər. Hətta elə həmin yerlərdə onların o maddəni bədənlərinə yeritməsi üçün şərait də yaradıldığı qeyd olunurdu. Əslində həmin hissəni tərcümə edərkən çox təəccüblənmişdim. Necə yəni dövlət narkotik asılılığı olan insanı narkotiklə təmin etməlidir? Bu sual məni xeyli düşündürdü.
Sonradan öyrəndim ki, əslində, demə, hökumət müalicə olunmaq istəyəni müalicəyə cəlb edirmiş. Olmayana isə bu yolla sahib çıxırmış. Onları müxtəlif yoluxucu xəstəliklərdən qorumaq, başqalarına ziyan vermələri və törədə biləcəkləri cinayətlərin qarşısını almaq üçün hökumət bu addımı atıbmış. Həm də tək onları yoluxucu xəstəliklərdən qorumaq məqsədi ilə deyil, sağlamlıqlarına, həyatlarına nəzarət etmək, artıq dozanın qurbanı olmaqdan qurtarmaq üçün.
Bildiyiniz kimi dünyanın bir çox inkişaf etmiş ölkəsində hətta narkotik vasitələrin satışı leqaldır. Mən də bir çoxlarınız kimi bu cür addımların əleyhinəyəm. Amma məntiqlə düşünəndə hətta haqq qazandırmaq olur. Misalçün, İranda və bir çox ölkələrdə spirtli içkilərin satışı qadağandır. Amma məhz həmin ölkələrdə spirtli içkilərə insanlar daha çox meylli olurlar. Azərbaycanda da narkotik vasitələrin alışı, satışı, istifadəsi qadağandır. Sizcə, bizim ölkədə narkotikdən istifadə edənlərin sayı azdırmı?
Hamının yaxınında, qohumunda bu cür adamlar olmamış deyil. Hamının da o insanların həyatından xəbərləri var. Yaşayışlarından, ailələrinin onların yolunda çəkdiyi əziyyətlərdən.
Yeri gəlmişkən, narkotik vasitələrin satışı leqal olan ölkələrdə cinayət hadisələrinin statistikası bizim ölkədəkindən olduqca azdır.
Bəs bizdə hökumət narkotik asılılığı olan insanlara nə edir? Necə sahib çıxır?
Dağda, dərədə, palçıqda, Zığda tövləyəbənzər dispanserlərdə onları müalicə edirmiş. Dispanserlərin sayı və yataq yeri az olduğundan hər adamı da ora qəbul etmirlərmiş. Ora düşmək üçün mütləq adamın və ya yaxşı imkanın olmalıymış. O tövləyəbənzər dispanserlər kasıblar üçün deyil. Kasıblar ora istisna hallarda düşə bilərdi. Şəraitsiz, vəziyyəti bərbad müalicə mərkəzlərinə düşmək üçün növbəyə durmaq lazım idi. Doğrusu, müalicə üsullarından məlumatsızam. Məlumatsız olduğum üçün də yazmaq istəmirəm. Məlum olaydan sonra isə yazılanlara inansaq, məlum olacaq ki, müalicə alan insanların əl-ayaqlarını çarpayıya bağlayırlarmış. Nə dərəcədə doğru üsuldur ya deyil, onu da deyə bilməyəcəyəm. Mənim üçün bu da insani rəftar deyil. Amma ondan da xəbərsizəm ki, insan hüquqlarına hörmət edən ölkələrdə həmin insanları hansı üsulla müalicə edirlər.
Və bir gün Azərbaycanda, rəsmi məlumatlara inansaq, kiminsə, şübhələrə istinad etsək, kimlərinsə günahı, laqeydliyi, həmin insanlara münasibəti ucbatından həmin mərkəzlərdən biri alışıb yanır. Mərkəzlə bərabər, orada müalicə almaq, sağalmaq məqsədi ilə yatan 25 nəfər də yanaraq külə dönür. Neçə-neçə ailənin sağalacağına ümid etdiyi, həsrətlə yolunu gözlədiyi şəxslərin müalicə almaq üçün getdikləri mərkəzdən külə dönmüş cəsədləri qayıtdı. İndi o ailələr, o analar, o bacılar, o atalar, o qardaşlar, ən əsası ata yolu gözləyən o övladlar bu hökumətə necə inanacaqlar? Onların bu hökumətə inamı qırılmadımı? Yaxınlarını etibar etdikləri hökumətə bundan sonra inamlarını qoruya biləcəklərmi? Hökumətin o insanlara münasibəti bu cür olmalı idimi? Axı hər şeydən əvvəl həmin insanlar bu ölkənin vətəndaşları idilər. Onlar üçün daha yaxşı şərait qurmaq olmazdımı?
Bu rəsmilərin münasibəti. İndi keçək insanlarımıza. Cəmiyyətdə əksəriyyətin bu insanlara münasibətini çoxumuz bilirdik. Bir çox hallarda o insanlardan qorxur, xoflanırdılar… Amma mərkəzin yanması nəticəsində 25 insanın külə dönərək ölməsinə olan münasibət şəxsən məni dəhşətə gətirdi. Əksəriyyətin “ölənlər narkomanlar idi” deməsi, yazması məni olduqca sarsıtdı. İnsan olmaları deyil, narkoman olmaları vurğulandı, önə çəkildi. Niyə? Narkoman olmaq insanlıqdan çıxmaqdırmı? Bu münasibət onları sizdən daha da uzaqlaşdırmırmı? Və bu bəladan heç kimin yaxını, əzizi sığortalanmayıb.
Odur ki, pis vərdişə bulaşmış insanları bu bəladan qurtarmaq üçün ilk növbədə onlara münasibəti dəyişin. Onlara insan kimi, bu xəstəliyə isə insan bəlası kimi yanaşın. Onlara bu bəladan qurtulmaları üçün yardım edin. Onlara həyatlarını dəyişməyə yardım edin. Sağalmaları üçün ruhlandırın.
Çıxdaş etməyin.