Muəllif:

Milli teatrda oliqarxın “Sinif yoldaşları”

Yaxud mənə məni  göstərən güzgü

Əvvəlcə ürəyimcə olan məqamlardan danışım.  Zalın dolu olması, xüsusən, ölkədə mədəniyyətin vəziyyətinə cavabdeh şəxslərin tamaşanı sona qədər izləmələri ürəyimi açdı. Müəllifin – Yuri Polyakovun tamaşaçılar arasında olması da təqdirəlayiqdir, çünki xüsusi canlanma verdi prosesə.  Yeri gəlmişkən, Yuri Polyakov “Əmrə yüz gün qalmış”, “Rayonmiqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə bizə tanışdır. Əsərlərini də bizim dilə əsasən Etimad Başkeçid tərcümə edib, bu əsəri də həmçinin. Onun əsərlərindən bir  iyirmsi bədii film kimi ekran həllini tapıb, pyesləri çoxsaylı teatrların səhnələrində tamaşaya qoyulub.

Sovet Rusiyasının “Lenin komsomolu”, “N.Qoqol” və “İ.Bunin” adına ədəbiyyat mükafatlarına layiq görülüb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə”, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif olunub.

Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın baş redaktorudur, həmçinin Rusiya Dramaturqlar Gildiyasının sədridir.

Qayıdaq tamaşaya, amma insafən, tamaşaçılarımız da beş il əvvəlkinə nisbətdə xeyli irəli gediblər, telefon, votsap yazışmalarının səsi gəlmirdi, hamı tamaşanı izləyirdi.

Başlanğıcda düzünü deyim ki, Sənubər İsgəndərovanın gözəlliyinə tamaşa edirdim və tamaşa haqqında bunun bu günlə nə əlaqəsi var?  Niyə məhz rus müəllifi, məhz bu əsər? – və sair bu kimi suallar dolaşırdı başımda, sonra necə hadisələrin içinə varmışamsa, bir də gördüm birinci hissə başa çatdı. Yəni, bu günün tələbinə  uyğun gəlməyən uzunçuluq olsa da, hiss etməmişəm onu. Sonda bilmişəm ki, tamaşa əslində, qısa deyil. İkinci hissə birincidən də dinamik oldu və tamaşaçı darıxmadı, ən əsas amil indiki vaxtda budur.  Bütün o hadisələr, insanlar arasında münasibətlərdən tutmuş, şəxsiyyət aşılanmalarına qədər ətrafımızda, bəlkə də, özümüzdə baş verənlərdir. Tanış hadisələr, ağrılardır.

Yəni tamaşa əslində məhz bu gün haqqındadır. Zaman, məkan anlayışı önəmli deyil, hardasa, lap elə tutaq ki, Bakıda  sinif yoldaşları 20 il sonra İvanın- Məmmədin ad gününə toplaşırlar. İvan müharibə əlilidir. O, fiziki cəhətdən yararsız olub, ətrafına, onun ad gününə toplaşan sinif yoldaşları isə hamısı sağ-salamatdır, fiziki qüsurları yoxdur, amma hər biri həyatın zərbələrindən müəyyən “şikəstlik” alıblar, mənən aşılanıblar.  Tamaşa boyu insanların-insanlığın simasının necə itirildiyi yağ kimi əridilib tökülür tamaşaçının (bütün bunları yaşayan tamaşaçının) boğazına, qalır onu udmaq. Tamaşaçı udur, yoxsa o dağ edilmiş yağ onun boğazını pöştələyir, bəlkə də qaytarır, nə bilim, bəlkə yandıra-yandıra udur ki, qoy içalatını da yandırsın? Hamısı ola bilər, hər halda, tamaşaçının-fərdin sosial durumundan və bir də sənət anlayışından asılıdır.

Baxdım yandım, yandım baxdım, “yağ” məni də “dağ” elədi, qəlbimi, vətənpərvərlik, insanpərvərlik hissimi. Təəssüfə bülənd oldum, Corc Orueli oxuyarkən keçirdiklərimi, yaşadıqlarımı yaşadım.

Bu gün səhnədə, teatrda gördüklərini həm də yaşamaq, yaxud yaşadıqlarını görmək  nadir hadisədir. Sənət elə budur – sənətkar mənə məni göstərəndir. Teatr güzgüdür anlayışı da burdan yaranıb.

Xalq artisti Ramiz Novruz (Fyodor Stroçkov) fərqli obrazda çıxdı qarşımıza, yəni əvvəlki obrazlarını təkrarlamadan, yeni ampluada. Nəzərə alsaq ki, xalq artistləri yalnız baş rolları, həm də geyimli-kecimli “bəyzadələr” oynamağa daha həvəslidir, Ramiz Novruzun sənət baxımından bu seçimi çox maraqlı və təqdirəlayiqdir.

Şəlalə Şahvələdqızı (Anna Falikova) gözəl obraz yaratdı. Sənubər İsgəndərli (Svetlana Poqojeva) riskli aktrisaymış. Bunu anlatdı bu obrazı ilə. Maşallah, həmişəki kimi formada və oynadığı obraza, özünə sadiq. Yəni yola vermək görmədik onda. Hərçənd, bu tamaşada  tamaşanı, rolunu yola verənlər də vardı.

Füzuli Hüseynov (Viktor Çermetov) nə qədər bacarırdısa, o qədər  nifrət qazandı. Onun prototiplərini döymək istəyən adamlar yaxşı ki, qəzəblərini aktyora qarşı yönəltmədilər. Yoxsa, bir vaxtlar İsmayıl Osmanlı, Məlik Dadaşov kimi sənətkarlar  oynadıqları mənfi (obrazın mənfisi-müsbəti olmur fikri mübahisəlidir) obrazlara görə kütlənin qəzəbindən yayına bilməyiblər.  Görünür, hətta şükür ki, bu sahədə də bir az irəliləyişimiz var, yəni sənətlə həyatı ayırd edə bilirik və aktyora hücum çəkmirik. Qınamayın məni, o qədər geriləmə müşahidə edirik ki, irəliləyişlə rastlaşanda şükür etməli oluruq.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Teatr rəssamlarına nə olub bilmirəm, amma  bəstəkarı xalq artisti Siyavuş Kəriminin musiqisinə söz ola bilməz, tamaşaya xüsusi ahəng qatır. Rejissor assistenti isə Ceyran Həsənlidir.

Rövşən Kərimduxt (Mixail Tyablov), Cəfər Namiq Kamal (Boris Lipovetski), Səidə Quliyeva (Yevgeniya Petrovna),  aktyorlar Mətləb Abdullayev (İvan Kostromitin), İlahə Həsənova (Olqa), Rüstəm Rüstəmov və Vüsal Mustafayev (Mayor), Ziya Ağa (Leytеnant Dmitri), Vüsal Məmmədov (Birinci cangüdən) və Mehman Fətullayev (İkinci cangüdən) çıxış edirlər.

Dediyim odur ki, teatra getmək lazımdır – lap hava kimi, su kimi, qida kimi. Mənəvi qidadır axı, onu həzmi-rabedən keçirək ki, teatr zəhmətkeşləri də həvəslənib yola verməklə deyil, sənətlə məşğul ola bilsinlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 6,00 из 10)
Oxunma sayı: 235