Muəllif:

Məhv olmuş müəllim nüfuzu və seçki…

Nəticəsinin hamının əvvəldən bildiyi seçki bitdi. Bu seçki də xatirələrimizdə bəzi izlər qoydu getdi. Sizi bilmirəm, amma mən hər seçkidən sonra insanların davranışları haqda düşünürəm. Bu dəfə də belə oldu. Bu seçki də xatirimdə pis təəssüratlarla iz buraxdı. Niyə? İndi deyim.

Yəqin ki, əksəriyyətiniz prezidentliyə feyk namizədlərin təbliğat və təşviqat prosesləri zamanı hazırlanmış videoları gördünüz. Mən həmin feyk namizədlərin guya seçicilərlə görüşündən müstəqil media orqanlarının hazırladığı reportajları nəzərdə tuturam. Niyə guya? Çünki namizədlər feyk olduğu kimi həmin görüşlərin də saxta təşkil olunduğu hiss olunurdu. JEK işçilərini, süpürgəçiləri, büdcə təşkilatlarının işçilərini zala doldurub görüşlər keçirirdilər. Jurnalist həmin görüşə gələn şəxslərdən hansı namizədlə görüşə gəldiklərini soruşur. Adamlar namizədi tanımadıqlarını, kiminlə görüşə gəldiklərindən xəbərsiz olduqlarını, buraya rəhbərlik tərəfindən göndərildiklərini deyirlər. Xülasə budur.

Mənə isə olduqca pis təsir edən həmin adamların içərisində müəllimlərin çoxluq təşkil etməsi idi. Müəllim mənim gözümdə müqəddəs peşəyə yiyələnən şəxsdir. Baxmayaraq ki, illərdir onların müxtəlif oyunlarda, seçki saxtakarlığında istifadə olunmasını bilsəm də, məndə iz buraxmış müəllim təəssüratı bütün sonradan gördüklərimi izləyirdi. Mənim üçün müəllim işıqdır, nurdur, mayakdır, aydındır, doğru yolu göstərəndir, ziyadır, ziyalıdır. Ən azından mənim gördüyüm müəllimlər, mənə dərs deyən müəllimlər məndə belə təəssürat buraxıb. Mən doğrudan düşünmüşəm ki, insana doğru yolu göstərən onu ziyalandıran, aydınladan insanın özü doğru yoldan sapa bilməz. Onun qüsuru ola bilməz. O yanlış addım ata bilməz. O ancaq doğruların tərəfində olar. Ancaq doğru danışar, doğru yazar, doğru deyər. Onu yanlış addımlara belə sövq etmək, vadar etmək olmaz. Onu saxtakarlıqla imtahana, sınağa çəkmək olmaz.

Amma biz illərdir nə görürük? Seçki saxtakarlığı deyəndə müəllimlər, təhsil işçiləri yada düşür. Sosial şəbəkələrdə hamı onları məsxərəyə qoyur, alay edir. Bülletenləri gizlətmək üçün istifadə etdikləri büsthalterlərinə, alt paltarlarına ilişirlər. Onları karusellərə mindirib düşürürlər. Buna kimlər rəvac verir? Mən illərdir danışılan “onlar buna məcbur edilir” kimi nağıllara inanmıram. Bəs müəllimin şəxsiyyətinə nə gəlib? Peşə sədaqətinə nə gəlib? Daşıdığı adın ağırlığına nə gəlib? Onlar niyə bunu edirlər? Necə edə bilirlər? Bunu etdikdən sonra gələcəklərini korladıqları o körpə balaların gözlərinin içinə necə baxırlar? Onlara necə doğru yol göstərə bilirlər? Düşünmürlərmi ki, o dərs dediyi körpələr sabah böyüyüb, müəllimlərinin etdiklərini anlayandan sonra bütün onlar haqdakı fikirləri, düşüncələri alt-üst olacaq? Daha müəllimlərinə və müəllim adına hörmət etməyəcəklər? Müəllimliyi bu qədər aşağılamaq, nüfuzdan salmaq olarmı?

Bu yaxınlarda sosial şəbəkələrdə hakimiyyətin istifadə etdiyi trol ordusunun üzvlərinə hansı səhifələrdə fəaliyyət göstərəcəklərinə dair bir təlimatyönlü siyahı yayıldı. Daha sonra həmkarlarımızdan bir neçəsi sosial şəbəkədə müəllimlərin trolluğa məcbur edildiklərinə dair faktlar paylaşdı. Daha sonra isə bəzi media orqanları həmin müəllimlərin bir neçəsini tapıb danışdırdılar. Beyləqan məktəblərinin birində çalışan, 52 yaşlı tarix müəllimi həmin media orqanına deyib ki, əsasən də maddi durumu aşağı, ehtiyac içində yaşayan, dərs saatları az, ailə durumu ağır olan müəllimləri məktəb direktorları bu işə vadar edir. Bakı məktəblərinin birində çalışan başqa bir müəllim isə deyib ki, ehtiyac içində yaşadığı üçün direktorun təklifini qəbul edib və etdiyi işə görə hər ay müəllim maaşından əlavə 300 manat pul alır. Bax belə. Çox acı.
Yəni müəllimlərin maaşı azdır, və ya büdcədən maliyyələşən digər peşə sahiblərinin maaşları azdır deyə onları əlavə pul verməklə bu cür addımlar atılır. İndi anlayırsınızmı ki, niyə sizin maaşlarınız artırılmır? Maaşınız artıq olsa, sizin əlavə pula və əlavə işə ehtiyacınız olmayacaq. Və bu kimi işlərdə sizdən istifadə etmək mümkün olmayacaq. Anladınızmı?

Bax budur mənzərə. Nə qədər acı olsa da. Düz sözün acı olduğunu da siz bizə öyrətmişdiz. İndi özünüz bu acı ilə başbaşa qalın. Düşünün. Əməllərinizi düşünün. Sizdən necə, nə üçün, nə kimi istifadə etdiklərini düşünün. Mənliyinizi, şəxsiyyətinizi düşünün.

Məni isə bir şey düşündürür. Görəsən maaşınız qalxsa belə siz müəllim adını yenidən qaldıra biləcəksizmi? Müəllim nüfuzunu yenidən əvvəlki səviyyəyə ucalda biləcəksizmi?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 424