Muəllif:

İntiharlar ölkəsi…

Yenə intihardan yazacam. Daha doğrusu intiharlardan. Son günlərin ən aktual mövzusu olan insan ölümlərindən.

İndi bir çoxları deyəcək ki, intihar indinin mövzusu deyil ki? Sovet dövründə də intiharlar var idi. Sadəcə, statistikanı gizlədirmişlər.

Azacıq da olsa, sovet dövründə yaşamış biri kimi deyə bilərəm ki, düz demirlər. Sovet dövründə intihar sayları bu qədər deyildi. Mən rayon yerində böyümüşəm. Orada kiminsə hinində bir toyuq qəfil ölürdüsə, müzakirəsi ən azı bir həftə gedirdi.

İndiki kimi yadımdadır. Ağır xəstə ahıl bir kişi ağrılarından bezdiyi üçün ömrünün son günlərində intihara cəhd etmişdi. Son anda ipdən sallanan kişini ailə üzvləri xilas etmişdi. Üstündən bir həftə keçməmiş kişi xəstəlikdən dünyasını dəyişdi. Qırxı çıxana qədər bütün rayon həmin kişinin intihar cəhdini müzakirə edirdi. Əgər sovet dövründə də intiharlar adi hal almış olsaydı, bir intihar cəhdi bu qədər müzakirə edilməzdi. Ümumiyyətlə, rayonda hamamda yıxılıb ölən, kömür dəmindən boğulan, avtomobil vurması nəticəsində ölümləri eşitmişdik, amma vallah-billah kimsə özünü öldürdü deyə söhbət eşitməmişdik.

Statistikaya gəlincə, əslində, mediada gedən xəbərlərlə intiharların indiki statistikasını tutuşdursaq, bəlkə də əslində indi fərqli rəqəmlərin şahidi olarıq.

Sovet dövründə intiharlar ona görə bu həddə deyildi ki, insanlar sosial həyat dərdi çəkmirdilər.

Hətta müstəqilliyin ilk dövrlərində, müharibə vəziyyətində olan ölkədə belə intihar, demək olar ki, yox idi. Çünki insanların gələcəyə ümidi var idi.

Bəs indi niyə? İndi intiharlar niyə artıb? Bunun səbəbi nədir?

İnsan öz həyatına niyə qıysın ki? Hansı vəziyyətə düşməlidir ki, insan öz həyatına son qoysun?

Məncə, intiharlar indi çoxdur ya keçmişdə müzakirəsini aparmaqdansa, bu suallara cavab tapmaq lazımdır.

Mən sosioloq deyiləm. Amma cəmiyyətin bir üzvüyəm. Ona görə öz düşüncələrimə və müşahidələrimə əsaslanacam. Məncə, indi cəmiyyət uzun illərdir sürən depressiyanın ən son mərhələsini yaşayır. Ümidsizlik mərhələsini. İntiharlar da bu səbəbdən xeyli çoxalıb, gəncləşib.

O gün intihar edən gənclərin facebook profillərinə baxırdım. Yazdıqları statuslara, fotolarına. Hamısı həyat dolu. Bəs nə oldu birdən?

Deyim. O fotolardakı insanlar özləri deyil. O statusları da özləri yazmayıb. O fotolarla, statuslarla ilk növbədə özlərini, daha sonra cəmiyyəti aldadırlar. Özlərini xoşbəxt göstərməyə çalışıblar.

Əksəriyyətimiz kimi.

Hamımız cəmiyyətin üzvüyük. Hamımız insanıq. Hamımız içimizdəki təlatümlərdən və cəmiyyətin vəziyyətindən xəbərdarıq. Problemləri bilirik. Əlimizdən bir şey gəlmədiyini də.

İndi bir çoxlarınız razılaşmayacaqsız ki, yazdıqlarım mübaliğədir. Vallah elə deyil. Hətta misal da çəkə bilərsiniz ki, ticarət mərkəzləri, toyxanalar, restoranlar adamla doludur.

Düzdür razıyam. Amma mənim üçün bu göstərici deyil. Bu bir təbliğatın nəticəsidir. Bu da özünü aldatmanın nəticəsidir. Necə? Deyim.

Mən də həmin toylara gedirəm, ayda, ildə bir dəfə ailəmlə birgə restoranlara da gedirəm, hərdən ticarət mərkəzlərinə də. Amma hara gedirəmsə, dərdlərimi də, qayğılarımı da özümlə götürüb aparıram. Özümdən qaçmaq istəyirəm. Ayda, ildə bir dəfə özümü normal adam kimi hiss etmək istəyirəm. Ailəmi qayğılardan uzaqlaşdırmaq istəyirəm. Əksəriyyət də mənim kimi. Hamı hər yerə öz qayğılarını da götürüb gedir, bir dəfə də olsa, normal adam kimi özünü hiss etmək istəyir və s. və i.a.

Amma bunun bizim qayğılarımıza təsiri yoxdur. Onlar qaldığı yerdə qalır.

Təbliğata gəlincə. Bunu da deyim. İllərdir hər kəsin evində çağırılmamış qonaq olan televiziyalarda çal-çağır. Müğənnilərin qəh-qəhələri, dəbdəbəli həyatı təbliğ olunur. Yəni, baxın, hər kəs yaxşı yaşayır. Hər kəs xoşbəxtdir. İnsanlar buna inanır. Əvvəllər sadə insanlar həyatlarını televiziyada göstərilənlərin həyatına oxşatmağa çalışdılar. Və ya ən azından onları yamsılamağa çalışdılar. Elə bəlkə də bu restoran, toyxanaların dolu olması televiziyadakı təbliğatın nəticəsi idi.

Amma son zamanlar intiharların artması onu göstərir ki, bu təbliğat daha təsir etmir və ya əks nəticə verir. Yəni insan televiziyalara baxır, ordakı çal-çağırdakı insanları görür, bir də özünə baxır, müqayisə edir. Və bu onu artıq qıcıqlandırır. Çünki onlar kimi yaşaya bilmir. Onlar xoşbəxtdir. Bu isə problem məngənəsində boğulur. Əvvəl buna görə özünü uğursuzluqda qınayırdısa, uğursuzluğunu dəf etmək üçün çaba göstərirdisə, indi bütün çabaların boş və özünü aldatma olduğunu başa düşüb ümidsizliyə düçar olur. Və sonda…

Baxıram intihar etmək istəyənləri bu yoldan çəkindirmək üçün çoxları yazır. Sosial mediada kampaniyalar aparılır. Təqdirəlayiqdir. Amma bunun bir təsiri olacaqmı? Axı bizim insanlar günəşsizlikdən intihara əl atmırlar ki, bu cür kampaniyalar onlara təsir etsin. Min deyilən söz onun problemini həll etmir. Ona nə lazımdır? Problemlərini həll etsin. Buna isə imkanı yoxdur. Potensial, güc, ağıl, hər şey var. Sadəcə, imkan və şərait yoxdur.

Məncə, intiharların qarşısını almaq üçün problemləri həll etməyə çalışmaq lazımdır. Köklü şəkildə və kökündən həll etməyə çalışmaq. Problemlərlə maraqlanmaq, adama təsəlli vermək onun problemlərini həll etmir.

Birini mən deyim. Masallı rayonu sakini məhkəmə qərarına etiraz olaraq məhkəmə binasının qarşısında özünə od vurub. Məhkəmə isə onu cəmi–cümlətanı 50 manat cərimə edibmiş. Kartındakı son məbləğ qədər. Təsəvvür edirsiz? 50 manata görə insan özünü yandırır. 50 manata görə!

Xoşbəxtlər ölkəsində insan həyatının dəyəri 50 manatla ölçülməməlidir axı…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 286