Muəllif:

Heç bizə lazım da deyil


Adətən 20 yanvar, Şamaxinka adlanan ərazilərdən keçəndə xalq yaradıcılığımızın incilərindən olan, bayağı və xeyli maraqlı mahnılar eşidirəm. Bir dəfə də bir mahnı eşitmişdim ki, sözləri hələ də yadımdadır. Mahnını oxuyan oğlan nəğmənin ortalarında nə deyirdi onu başa düşməsəm də tez-tez təkrarladığı “Heç mənə lazım da deyil” sözləri yaddaşıma həkk olmuşdu. Bu yaxınlarda Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Səməd Seyidovun həmin təşkilatın sessiyasında odlu-alovlu çıxışı bu mahnını mənə yenidən xatırlatdı. Səməd Seyidov sessiyada çıxışında deyirdi ki, “Belə Avropa Şurası heç bizə lazım deyil”. Sözə ilişib qaldım.

Gecə-gecə həmin bayağı mahnını tapıb, sözlərini anlamağa çalışdım. Mahnının sözlərində deyilirdi ki:

Oldum ondan ötrü veyl,
Heç mənə lazım da deyil.

Sizi bilmirəm. Amma mən bu mahnının sözləri ilə Səməd Seyidovun çıxışı arasında bir bağlılıq tapdım. Bir vaxtlar o vaxtkı hakimiyyət Avropa Şurasına qoşulmaq üçün az qala veyl olmuşdu. İndiki kimi xatırlayıram. 17 il bundan əvvəl, 2001-ci ildə Avropa Şurasına Azərbaycanın qəbul olunması üçün Murtuz Ələsgərovun başçılığı ilə nümayəndə heyəti Strasburqa yollanmışdı. Çox gərgin danışıqlar aparılırdı. Avropa Şurası həmin gün Ermənistanı qəbul etmişdi. Azərbaycanla isə hələ danışıqlar aparılırdı. Bir neçə saat aparılan gərgin danışıqlardan sonra nəhayət elə həmin gün Azərbaycan da Avropa Şurasına üzv qəbul olundu. Murtuz Ələsgərovun qələbə sevincli sifəti hələ də yadımdadır. O gün sanki Qarabağı almışdıq. Televiziyalar, qəzetlər dayanmadan bu qələbədən yazırdılar. Bütün xəbərlər proqramı bu hadisəyə həsr olunmuşdu. Sadə adamları televiziyaya çıxarıb danışdırırdılar. Sadə camaatın içindən çıxanlar televiziyalarda açıq aydın deyirdilər ki, bundan sonra məhkəmələr bizim işimizə ədalətlə baxmadıqda Avropa Məhkəməsində öz hüquqlarımızın bərpasına çalışacağıq. Təsəvvür edin bunu açıq aydın AZTV-də deyirdilər. İndi isə Avropa Məhkəməsinə şikayət göndərənləri az qala xalq düşməni kimi qələmə verirlər. Nə isə qayıdaq mahnıya.

Bir ürək ki, qırılıbdır
Durmağının xeyri nədir?
Heç mənə lazım da deyil.

Həə. Yenə bağlılıq. Son vaxtlar bizimkilərin Avropa Şurasından ürəyi qırılıb. Onlar Azərbaycanın adının hallandığı korrupsiya qalmaqallarına görə tənqid atəşinə tutublar, qətnamə qəbul ediblər. Bizimkilər də küsüb. Deyiblər ki, heç bizə lazım da deyil. Durmağın mənası nədir? Yəni Avropa Şurasını təhdid edirlər ki, bax çıxarıq haa..

İndi onlara deyən lazımdır ki, “Vaxt var idi, Əlişə atam deyirdin.” Yəni ki, vaxt vardı Avropa Şurasına üzv olmaq üçün sino gedirdin, dəridən qabıqdan çıxırdın? İndi nə oldu? Sənə Avropa Şurası indi lazım olmadı? Bəs onda niyə lazım idi? Legitimlik üçün?
Biz beləyik də.

Mədən Sənayesində Şəffaflq Koalisiyasında QHT-lərin durumuna görə Azərbaycanın dərəcəsini olduğu yerdə saxladıqları üçün Azərbaycan tərəfi fors edərək təşkilatdan ayrıldı. Nə qazandı? Problemləri həll olundumu?

İndi Avropa Şurası tutarlı faktlar ortaya qoyaraq, AŞPA-lı deputatların ələ alınmasında korrupsiya elementlərini araşdırdığı üçün, Azərbaycan tərəfi bu ittihamlara cavab olaraq qurumu təhdid edir. Yəni sən öz hakimiyyətinin məramına uyğun, məqsədinə uyğun, mənafeyinə uyğun deputatları ələ al, kürü diplomatiyası ilə onları susdur, onlara hətta seks xidməti təklif et və bunlar üzə çıxanda küs, təhdid elə. Hətta bunu qonaqpərvərliyinə yoz. Belə olmur axı.

Onsuz da Avropa Şurası sizə çoxdan lazım deyildi. Əgər sizə lazım olmuş olsaydı, onun qarşısında götürdüyünüz öhdəliklərin hamısını yerinə yetirərdiz. Bu ölkədə siyasi məhbus olmazdı. Siyasi azadlıqlar, sərbəst toplaşmaq azadlığı, ifadə azadlığı və digər azadlıqlar və fundamental hüquqlar təmin olunardı. Avropa Məhkəməsinin verdiyi qərarlar, Avropa Şurası Nazirlər Komitəsinin qərarları nəzərə alınardı. Bunları yerinə yetirməyəcəkdinizsə, Avropa Şurası sizin nəyinizə lazım idi?

Belə getsə, rəhmətlik Məhəmməd Hadinin yüz il öncə yanaraq söylədiyi “ Yox millətimin imzası, millətlər içində” kəlməsini biz də bu gedişlə tez-tez söyləyəcəyik. Və inanın ki, milləti, ölkənin adını, dövlətin nüfuzunu bu hala gətirənləri xoş sözlərlə anmayacağıq. Bundan yüz faiz əmin olun!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 365