Muəllif:

Əsas Sual

Bakının işğaldan azad olunmasının 100 illiyini yaşadıq.

Nə az, nə çox. Düz 100 il.

Millət olaraq, xalq olaraq, dövlət olaraq 100 il bundan əvvəl olanları yenidən xatırladıq.

Bu münasibətlə hətta Bakının mərkəzində möhtəşəm parad da keçirildi.

İqtidarlı, müxalifətli hər kəs, bir yerdə olmasa da, həmrəy olub bu günü bayram etdi.

Dövlət, qeyri-dövlət tədbirləri keçirildi.

Fəxrli, fərəhli, qürurlu bir gün yaşadıq.

Bakının mərkəzində “mehtər marşı”nın sədaları altında Osmanlı ordusuna məxsus göstərilər də nümayiş olundu.

Qurur duyulası məqamlardan biri də iki qardaş ölkənin Azərbaycan və Türkiyənin bu paradı birgə, bir yerdə keçirməsi oldu. Yəqin mesaj bunu bu cür görmək istəməyən bir çox ölkələrə çatdı.

Nuru paşa anıldı. Şəhidlər anıldı. Türk şəhidliyi ziyarət olundu. Ruhlarına rəhmət oxundu.

Həmin günlə bağlı fəxrli çox söz yazmaq olar. Amma sözümün canı o deyil. Sözümün canı odur ki, yaxşı ki həmin gün bu millətə yenidən həmin tarixi, həmin tarixdə baş verənləri xatırlatdı.

Bakının işğalı. Bakının işğaldan azad edilməsi. Kimin işğalından? Görən bu sual bir çoxlarına nəyisə xatırlatdımı?

Kimləri nəzərdə tutduğumuzu yəqin siz də bildiniz. Xeyli vaxtdır ölkədə Azərbaycanın Rusiyanın boyunduruğu altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü ilə bağlı söhbətlər gedir. Parlamentin komitə sədri tərəfindən səsləndirilən bu təklif bir xeyli müzakirəyə səbəb oldu. Doğrusu bu ideyanı əsaslı müdafiə edən kimisə görmədim. Əksəriyyət  bu ideyanın Rusiyadan gəldiyini, Rusiyanın hələ də imperialist və işğalçı ideyalarına xidmət etdiyini bildirdilər. Haqlı deyildilərmi?

Kimsə deyə bilərmi ki, Rusiya işğalçı olmayıb? İmperialist maraqlarını kənara qoyub?

Söz vaxtına çəkər. Elə Bakının işğaldan azad edilməsinin 100 illiyi yəqin çoxlarının yaddaşını təzələdi. Bakı 100 il əvvəl rus işğalçılarından azad edilmişdi. Sonradan onlar bütöv Azərbaycanı işğal etdilər. 1920-ci ilin 27 aprelində. Bundan düz 71 il sonra Azərbaycan ziyalıları, azadlıqsevərləri yenidən çox çətinliklə, xeyli qan bahasına özlərini işğaldan azad etdilər. Doğrudur, həmin vaxt Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən bir çox deputatlar var ki, hələ də öz yerlərində oturublar. Üstəlik Rusiya Azərbaycandan əl çəkmədi. Sayələrində Qarabağı itirdik.

Açıq demək lazımdır. Rusiya böyük təhlükədir. Keçmiş sovet respublikaları üçün. MDB ölkələri üçün.  Nə vaxta qədər ki, imperialist siyasətindən, təhdid siyasətindən əl çəkməyəcək. Rusiyada demokratik dəyişikliklər olmayacaq. Ən yaxın tarixdə Gürcüstanda, ardınca eyni millət, eyni dinə xidmət edən qardaş dedikləri Ukraynada baş verənləri yəqin unutmamısız.

İndi yenə də Azərbaycan hədəfdədir. KTMT söhbətində bu fikri müdafiə edənlərin bir çoxu fikrini onunla əsaslandırırdı ki, bu yolla Azərbaycan itirilmiş torpaqlarını qaytara bilər. Amma soruşan yox idi ki, buna əminsiniz? Bu qədər inanırsınız? Yəni sizcə buna görə Rusiya illərdir əlində saxladığı Qarabağ kartından vaz keçər?

Və əsas sual. Nəyin müqabilində?

Məncə, bu sualı ciddi düşünmək lazımdır. Cavabını hər kəs yaxşı bilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 88