Cumhuriyyət məhbusları
Artıq Cümhuriyyət məhbuslarımız da var.
Əslində yazını belə başlamaq istəməzdim. Yazını “Azərbaycan, Cümhuriyyətin 100 ilini qeyd edir” cümləsi ilə başlamaq istəyərdim. Təbrik yazısı yazmaq istəyərdim. Bayramlaşmaq istəyərdim. Amma sən saydığını say, gör hökumət nə sayır….
Bayramdan əvvəl ictimaiyyətin fəal kəsimində bir canlanma müşahidə olunurdu. Hər il olduğundan daha çox bayram əhval-ruhiyyəsi vardı. Güman etmək olar ki, bu daha çox məhz 100 illiklə bağlı idi.
Fəal vətəndaş ictimaiyyətinin nümayəndələri İstiqlaliyyət abidəsi önündən şəhər mərkəzinə qədər yürüş təşkil etdilər və bütün cümhuriyyətsevərləri bu yürüşə qatılmağa səslədilər. Bir başqası bayraq aksiyası təşkil etdi. Müxalifət partiya və siyasi təşkilatların bir çoxu hər il olduğu kimi bayramı Məmməd Əmin Rəsulzadənin doğulduğu və yeganə abidəsinin hələ aşırılmadığı Novxanıda tədbir keçirdilər. Hökumətin tədbirlərindən isə danışmayacam. Hər il dəyişilməyən və eyni formada təkrarlanan şablon bayram tədbirləri. Çal-çağır və gecənin sonunda partapart. Atəşfəşanlıq.
Böyük əksəriyyətin daha çox diqqətini isə şəhərin mərkəzində təşkil edilmiş dinc yürüş cəlb etdi. Yürüş sosial şəbəkələrdə canlı yayımlanırdı. İzdiham hiss olunurdu. Minlərlə insan sakitcə abidəni ziyarət edir, sıra ilə, növbə ilə. Basabas, qışqırıq salmadan. Hamı bayramlaşır. Hamının üzündə pozitivlik var. Sevinc var. Düzdür, polis aksiyaya əvvəlcə mane olmaq istəsə də aksiyanın keçirilməsinə ciddi maneə yaratmadı. Yürüş başlayır. Hamı sakitcə Cumhuriyyəti quranların portretleri ilə, bayraqlarla yürüyür. Şəhərin mərkəzində isə polis onların qarşısını kəsir və aksiyanın razılaşdırılmamış olmasını əsas gətirərək, yürüşü dayandırmağı tələb edir. İnsanlar getmək istəmir. Dirənirlər. Mübahisə etmirlər ha. Sivil dirənirlər. Polis də sivil davranır. Adam baxdıqca gözləri dolur. Axı biz polisin aksiyaçılarla, aksiyaçıların polislərlə bu vaxta qədər belə sivil davrandığının şahidi olmamışıq. Məncə bütün bunlara görə bayrama, Cumhuriyyətə borcluyuq. Əslində bütün bunlar sübut edir ki, kim olmasından asılı olmayaraq, hansı peşədə olmağından asılı olmayaraq hər kəsin Cumhuriyyətə və Cumhuriyyəti quranlara hörməti, gizli sevgisi var. Onların portretlərinin gözləri qarşısında hansısa qeyri-insani rəftar etməkdən çəkinirlər.
Qayıdaq aksiyaya. Aksiyanın qarşısında gedən Azər Qasımlının polislə söhbəti isə əksəriyyət tərəfdən böyük rəğbətlə qarşılandı. Polis Azər Qasımlıdan aksiyaçıların dağılmasını tələb edir. Azər Qasımlı isə aksiyaçılardan xahiş edir ki, bayram ovqatı təlx olunmasın, heç kim qarşıdurmaya getməsin. Aksiyaçılar isə Cümhuriyyət, Rəsulzadə şüarları səsləndirirlər. Sonra sakit dağılışırlar. Aksiya yekunlaşır.
Bir gün sonra isə Azər Qasımlının həbsi xəbəri yayılır. Azər Qasımlıya məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs verilir. Guya Azər Qasımlı küçədə söyüş söyüb, polisə müqavimət göstərib.
Səhəri gün isə aksiyada iştirak edən bir neçə gənc eyni maddə ilə inzibati həbsə məhkum edildi.
Bu da bayram. Bu da fəxrlə qeyd etdiyimiz 100 illik yubiley bayramından bir gün sonra baş verənlər.
Görəsən bu ölkədə milli bayramı qeyd etmək cinayətdirmi? Cümhuriyyət, Rəsulzadə söyləmək söyüşdürmü? Bu sözləri, onların qurucularının adını söyüş kimi qələmə verən vəzifəlilər bilməlidirlər ki, o qurucuların heçdən qurduğu dövlətin bayrağı altında otururlar. O dövlət qurulmasaydı, indi bəlkə də Azərbaycan hələ də coğrafi məkan olaraq qalacaqdı. Belə bir dövlət xəritədə olmayacaqdı. Və dövlət olmayacaqdısa, hökumət də olmayacaqdı, sizin də oturmaq üçün kreslonuz.
Bu addımı atarkən o sevgini qısqandığınızı, o sevgidən xoflandığınızı anlayırıq. Amma bu addımı atarkən bu dövləti quranlardan utanmadınızmı? Cumhuriyyət gününü qeyd edənləri həbs etməklə nəyə nail olmaq istədiniz? Tarixə həbs olunanların adını “Cumhuriyyət məhbusları” kimi yazdırmaqla sevgi qazanacağınızımı düşünürsünüz?
Yoxsa bir sevginin birləşdirdiyi adamların izdihamı sizi qorxutdu? Siz də məqsədindən asılı olmayaraq bir yerə toplaşmış adamların gözünü belə qorxutmaq istəyirsiz? Bütün hallarda kütlədən, izdihamdan qorxduğunuzu bir daha müşahidə etdik.
Bundan əvvəlki siyasi həbslərdə heç olmasa nəsə tutarlı bəhanələr tapıb qoyardınız və ya hansısa təbliğat və təşviqatla insanları bu bəhanələrə inandırmağa çalışardınız. İndi minlərlə insanın gözünün qarşısında baş vermiş, milyonlarla insanın izlədiyi hadisəyə belə don geyindirməyə kimi inandıra biləcəksiz?
Biləsiz ki, illərdir cumhuriyyəti quranlara qısqanclıqla yanaşdığınızın fərqindəyik. İndi də onların qurduğu dövlətin 100 illiyini belə qeyd etdiz. Cumhuriyyət məhbuslarını onlara və onların tarixinə hədiyyə etdiz. Nə deyək? Cumhuriyyət bayramını qəbul etmirsinizsə, Cumhuriyyət məhbuslarınız mübarək!