Cılız və ciddi mövzular
Mövzusuzluqdur. Əslinə baxsaq, mövzu boldur. Bizim kimi ölkələrdə əgər kimsə danışmağa, yazmağa mövzu tapmırsa, deməli həqiqətləri görə bilmir. Amma nə qədər danışasan, nə qədər yazasan? Danışırsan, yazırsan, 2-3 adam başını bulayıb üzünü çevirib gedir. Deyirsən, a kişi, paylaş, fikir bildir. Deyir “mən siyasətə qarışmıram”. Bax belə.
Amma sosial şəbəkələrdə cılız mövzular barədə hamı canı dildən yazır, pozur.
Ay aman, Şəhriyar del Gelani adlı şair kolbasa satanı işdən qovdurub. Əslində hadisə baş verməyibmiş. Şair bekarlıqdan, yaradıcılığı artıq gündəm yaratmadığından populyarlıq və gündəm yaratmaq üçün beyninin fantaziyasını ortaya qoyubmuş.
Ay dadi bidad, bəs şair həmkarından “ibrət” götürən başqa bir gənc Kəramət öz “kəramətini” ortaya qoyaraq mərhum şairlərdən biri haqqında nəsə yazıb. Hamılıqla sosial şəbəkələrdə Kəraməti “ne prav” çıxardılar.
Bir neçə gündür orfoqrafiyamıza edilən dəyişikliklər gündəm mövzusu olub. Hamı böyükdən kiçiyə, dildən başı çıxan, çıxmayan, bu dildə danışa bilən, bilməyən hər kəs bu barədə status yazmağı özünə borc bilir. Hər kəs yazır, məsxərəyə qoyur. Təəccüblə qarşılayır. Əslində insanların bunu təəccüblə qarşılaması mənə təəccüblü gəlir. Əzizlərim, Dilçilik İnstitutunda oturanların bir çoxu Dövlət Dil Komissiyasındakı adamlar kimi azərbaycanca səlis danışa bilmirlər və bir çox sözləri rus aksenti ilə tələffüz edirlər. Məsələn, əsgər sözünü “əsk(kolxozun k-sı)ər” kimi tələffüz etdiklərindən elə bilirlər ki, elə belə də yazılmalıdır. Hökumətə demək lazımdır ki, əsgər sözündə dəyişiklik etməkdənsə, əsgərlərimizə qayğını daha da artırsalar, hər kəs onları alqışlayar.
Nəysə. Gündəmin cılız mövzuları barədə bu qədər. İndi keçək ciddi və qətiyyət tələb edən əsas mövzularımıza. Təəssüf ki, bu barədə yazan, danışan yoxdur.
Bu il Cumhuriyyətin 100 ilidir. Hətta bu il rəsmən Cumhuriyyət ili elan edilib. Niyə müzakirə olunmur? Niyə yazılmır? Niyə deyilmir? Hansı addımlar atılmalıdır? Kiminsə nəsə təklifi varmı?
Bu il həm də seçki ilidir. Prezident seçkiləri ili. Rusiyada, Ermənistanda, İranda olduğu kimi. Ötən ildən Rusiyada namizədlər müzakirə olunur. Ermənistan parlamentar sistemə keçdiyindən, həm də idarəetmə sistemləri bizim hakimiyyətlə bənzər olduğu üçün orda da bu mövzu o qədər aktual deyil. İranda kiçik də olsa, sosial da olsa, bəzi silkələnmələr oldu. Türkiyədə gələn il seçki keçiriləcək, artıq indidən partiyalar mübarizəyə başlayıb. Bizdə isə…
Vətəndaşlar, siyasilər, jurnalistlər, bəlkə siz də silkələnəsiniz? Bu məsələni diqqətdə saxlayasız? Bu mövzuları gündəmə daşıyasız? Anlayıram, illərdir sizin seçkiyə olan inamınızı qırıblar, məhv ediblər. Hisslərinizlə oynayıblar. Amma məhz bu vəziyyətə sizin bu cür münasibətiniz gətirib çıxarmayıbmı? Siz özünüz bu cür reaksiyanızla bütün bunlara yol açmamısızmı?
Deyəsən, Cumhuriyyətin 100 illiyi, seçki ilinin olması məndən başqa illərdir bu mövzuları özünün prioritetləri siyahısında saxlayan Müsavat partiyasının lideri İsa Qəmbəri ciddən narahat edir. Bu cür reaksiyalar bəyin ürəyində problemlər yaradıb. Odur ki, İsa bəyin sorağı ilin ilk günlərində xəstəxanadan gəldi. Hər şeyi ürəyinizə salmayın, bəy. Düzələr. 15 il dözmüsünüz, bir az da dözərsiniz. Keçmiş olsun, İsa bəy!