Muəllif:

Cılız mövzular

Yenə də qırğındır. Millət bir-birini qırır. Hamı üsyan edir, narazılıq bildirir. Tənqid edir, söyür, təhqir edir, şüar səsləndirir.
Ermənistanı demirəm ha. Söhbət Azərbaycandan gedir. Özü də real meydanda deyil, virtual meydanda. Yəni sosial şəbəkələrdə.

Hansısa bir metropoliten məmurunun elə həmin idarədə vəzifəyə təyin etdiyi və ya etdirdiyi məmur olan qızının yazdığı bir kəlmə aləmi qatıb bir-birinə.

Məmur xanım millət arasında ayrıseçkilik salıb, kəndli-şəhərli söhbəti edib. Neçə gündür bu mövzu gündəmimizi zəbt edib.
Müzakirələrə baxıram dəhşətə gəlirəm. Kəndli şəhərlini, şəhərli kəndlini aşağılayır. Sanki insanların içində bir gizli təbəqələşmə var imiş. Kiməsə görə kəndlilər, kiməsə görə şəhərlilər olmasaydı, Azərbaycan daha gözəl olardı. Ürəkbulandıran söhbətlər. Hamı isə bu mövzuda nəsə yazmağı, nəsə deməyi özünə ümdə borc bilir. Susub baxıram.

Əvvəla kəndli və ya şəhərli olmasından asılı olmayaraq hər kəs bu ölkənin vətəndaşıdır. Elə mən də üzümü kəndli və ya şəhərli söhbəti salmadan bütün vətəndaşlara tutaraq bunları yazıram.

Əziz vətəndaşlar, soydaşlar, Bakı şəhərinin sakinləri və şəhərimizin qonaqları! Sizə bir sualım var. Nəyinizlə öyünürsüz? Nə etmisiz? Şəhərli olub və ya kəndli olub neyləmisiz?

Qurduğunuz dövlət, ölkə bu deyilmi?

Verdiyiniz təhsilin nəticəsi bu deyilmi?

Dünyadan özünüzü ayırmağın nəticəsi bu deyilmi?

Mədəniyyətiniz bu deyilmi?

Və ya sualı belə də qoya bilərik. Bəhbəhlə danışdığınız multikulturalizm, tolerantlıq budumu?
Siz eyni millətin övladları olaraq, bir başından o biri başına qədər uzağı 8 saata çata biləcəyiniz bir ölkənin vətəndaşı olaraq bir-biriniz arasında ayrıseçkilik salırsınız. Onda başqalarına, sizdən olmayana, sizinki olmayana necə münasibət göstərəcəyiniz bununla aydın olmurmu?
Ümumiyyətlə bu nə söhbətdir edirsiz? Eyib deyilmi? Niyə sağınıza solunuza baxmırsız? Bəyənmədiyiniz Ermənistanda görürsüzmü nəyə etiraz edirlər, nəyi müzakirə edirlər? Nəyə görə xalq olaraq birləşib iradə, iddia, mövqe ortaya qoyurlar?
Lap kənara çıxmayaq. Elə Azərbaycanın özündə bu boyda hadisələr olur. Yeni hökumət formalaşdı. Müzakirə etdinizmi? Fikir bildirdinizmi? Mövqe qoydunuzmu ortaya? Etiraz demirəm ha. Adicə bir fikir. Sonra bu fikirlər formalaşaraq sosioloji rəyi ortaya çıxarır ki, bəzi hallarda hökumət etirazları önləmək üçün həmin sosioloji rəylərlə hesablaşmalı olur.

Və ya hazırda Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın taleyi həll olunur. Ciddi müzakirələr gedir. AŞPA-da Azərbaycan hakimiyyətinin korrupsiyası üzrə hazırlanmış hesabat layihəsi müzakirə edilir. Xəbəriniz varmı? Yoxsa sizə maraqlı deyil? Və ya ciddi əhəmiyyətli mövzularda ölkənin adının hallandırılmasına münasibət bildirmək, bunu müzakirə etmək, hökuməti sorğulamaq vətəndaş olaraq sizin vəzifəniz deyil. Bunlar vətəndaş olaraq sizin şəxsinizə, mənliyinizə aid deyil?

Ya da siz başınızı belə ağır mövzularla məşğul etməyin. Yoxsa elə başınızın bədəninizə ağırlıq edəcəyindən qorxursuz?
Ya da dəyərli vaxtınızı belə ciddi mövzulara sərf etməyin. Gününüzü elə kəndli-şəhərli mövzuları kimi cılız mövzularla yola verin. Bu mövzular sizi çox uzaqlara aparacaq. İnkişaf edəcəksiniz. Ən azından başınızı ciddi mövzular ağırlaşdırmayacaq və ya başınızın bədəninizə ağırlıq edib sizə təhlükə yaratmayacağından əmin olacaqsınız.

Bir sözlə, cılız mövzulardakı aqressiyanız sizin üçün təhlükəli deyil. Bu aqressiyanı özünüzün, özünüzünkünün, öz millətinizin üzərinə qussanız da.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199