Muəllif:

Burda Sabir uyuyur

Şamaxıya getmişdim, ezamiyyətə. Dedim getmişkən ustadları ziyarət edim. Seyid Əzimi bir neçə dəfə ziyarət etmişəm, məzarı da lap göz qabağındadır, heç əziyyət çəkmirsən. Mirzə Ələkbəri axtarmağa vaxt lazım olduğundan, hər dəfə təxirə salmışdım. Bu dəfə vaxta meydan oxudum, ustadın xatirinə. Dedim yox e, bu dəfə tapıb ziyarət edəcəm, yoxsa ruhu deyər ki, ona görə əlinizdən çər gətirib çərlədim, bir saatınızı ayırıb demirsiniz ki, görüm bu harda uyuyur, bəlkə, elə məzarım-filanım yoxdu, yalan deyirlər Şamaxıda dəfn olunmağımı. Düzdü, Şamaxı Azərbaycana yalnız bu şəxsiyyətləri bəxş etməyib, amma əsas odu onları bəxş edib.

Şamaxının girişində bir mağazaya girib çox gənc satıcıdan Sabirin məzarının yerini soruşdum, düz gedəcəyimi dedi və yolun sağında onun məzarıymış guya. Gedib görürəm dediyi yerdə bir bağdır, içində də Seyid Əzimin  heykəli. Məktəb yaşında  ticarətə “qurşanmağın” nəticəsi belə olar. Nə isə, deyib axtarışa davam etdim, bir yaşlı baba da yeri düzgün nişan vermədi, deyəsən, o, da Seyid Əzimlə Sabiri bir-birindən ayırd edə bilməyib bu yaşına qədər. Allah can sağlığı versin, uzun ömür bəxş eləsin, amma heç olmasa ətrafından xəbərdar ol. Vallah, qınamayın məni, son illər insanlar heç nə öyrənmək istəmirlər, hamının fikri-zikri ancaq necə pul qazanmaq barədə düşüncələrdir. Ortada da bir şey yox, heç olmasa, daxili dünyamızı zənginləşdirək də, bəlkə, onun bir xeyri oldu sonradan pul qazanmağımıza…

Axır ki, yolunu tapdım. Pul qazanmağın yox ha, Sabirin məzarını necə tapacağımın. Gördüm  yol polisi əməkdaşı yolun kənarında maşını saxlayıb gözləyir. Görüm, kim azca surət həddini aşar, kəmər bağlamaz, yaxud xətti tapdayar və əli Allaha tərəf uzanıb ki, Ya Rəbbim, birinin ağlını al, qaydanı pozsun, mənim də çörək pulum bundan çıxır.   Yaxınlaşıb duasını yarıda kəsdim deyəsən, zatən,  qəbul olunmurdu, çünki Tanrı qayda pozan sürücü yox, məni göndərmişdi. Ədəb-ərkanla salam verib dedim ki, elə həmişə cərimə edirsiniz, bir xeyirxahlıq edib Sabirin məzarını göstərin mənə, lütfən.  Yol polisi əməkdaşı əvvəl istədi məzarlığı tuş versin mənə, amma hiss etdi ki, xış kötüyə ilişib gözlərimi döyə-döyə baxıram üzünə, bu cür izahla gedib tapası halım yoxdu, maşını sürüb işarə etdi ki, gəl arxamca. Bayaqdan axtardığım yerlərin tam əks istiqamətinə getdik, məzarlığı göstərib onu da diqqətimə çatdırmağı özünə borc bildi ki, maşınımın təkəri boşalıb. Ona təşəkkür edib düşüb gördüm ki, bu boşalmış təkərlə məzarlığın çınqıllı yoluna girsəm, sonu yaxşı olmayacaq. Bilmirəm bu şuruplar niyə məhz mənim təkərimə batırlar, özü də nabələd yerlərdə, uzaq yol üstündə olanda.  Təzədən  geri dönüb axtarıb təkər təmiri yeri tapdım. Usta  şurupu təkərdən çıxardıb yerinə də kəndir basıb, təkəri doldurdu, dabandəstir (yaxşı olsun təkərdəstir) qayıtdım məzarlığa.

İndi də məzarlıqda Sabirin məzarını tapmaq müşkülə çevrildi, məzarlığın bu başından o başına, o başından bu başına neçə dəfə sürdümsə, Mirzə Ələkbəri tapa bilmədim. Axırda bir “Niva” maşını çıxdı qarşıma, saxlatdım, mətləbi anladan kimi, sürücünün yanında əyləşmiş 50-60 yaşlarında nurani bir kişi gənc sürücüyə: “Ver kənara, saxla”,- dedi. Mənə isə gəlin arxamca işarəsi verdi. Düşüb maşından kişinin arxasınca məzarlığın içinə tərəf getdim. Kişi Sabiriın məzarının önünə keçib əvvəlcə bir fatihə verdi, sonra mənə sarı dönüb:”Buyurun, budu”,- dedi. Özümü saxlamayıb:”Siz ədəbiyyat müəllimi deyilsiniz?”,-soruşdum. “Yox”,- dedi və suallı nəzərlərlə üzümə baxıb əlavə etdi:

— Bilmirəm, siz ustadın nəyisiniz..?

— O Azərbaycanındı, hamımızındı, — deyə, bilmədən sözünü yarıda kəsdim.

— Hə, mən də ona görə sizə onun məzarını tanıtdım, — dedi.

Təşəkkür etdim bu gözəl, nurlu insana və içimdən keçdi ki, kaş, hər addımda qarşımıza belə insanlar çıxa, onda yaşamağa nə vardı ki, Sabirlər də heç vərəmləməzdi.

Ustadın məzarı isə o qədər də içəridə, gizlində deyil,  sadəcə baş daşınıın üzü əks tərəfədir, elə bil üzü divaraymış kimi. Mirzə Fətəlinin də məzarını Tiflisdə belə görmüşəm. Bu məzarlar üzü yola, insanların gur gedib-gəldiyi yerə tərəf olmalı idi ki, hər keçən görsün, daha mənim kimi 15 dəfə o tərəf bu tərəfə keçib əziyyət çəkməsin. Bunu islamla-filanla, qibləylə bağlamağın yeri yoxdur, çünki orda çox məzar məhz mən deyən istiqamətə baxırdı. Heç olmasa, məzar daşına arxadan, yaxud yol kənarında bir işarə olmalıdır ki, burda Sabir uyuyur, ay, binəvalar…

Nə isə,  Nəsiminin, Füzulinin və  Qarabağda uyuyanların məzarlarını ziyarət arzusu ilə…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 6,60 из 10)
Oxunma sayı: 308