Bumeranq
Nisbətən orta nəsildə Serjio Korbuççinin “Robinzon Kruzo” komediyasını xatırlamayan yoxdur. Orada bir kadr var: Robinzon bumeranqı mümkün qədər uzağa tullayır, amma azacıq keçən kimi vıyıltı səsi eşidir və başından zərbə alır. Bir neçə dəfə belə eləyir, amma bumeranq zərbəsindən canını qurtara bilmir. Hətta qaçıb gizlənmək də kara gəlmir…
Son vaxtlar hökumət təmsilçiləri söyüşdən, təhqirdən gileylənəndə həmin kadrı xatırlayıram. Bəzən elə adamlar gileylənir, söyüşün milli-mənəvi dəyərlərimizə zidd olmasından danışır ki, lüğətdəki təhqir hesab olunmayan bütün sözlər bunca qırmızılığın qarşısında aciz qalır…
Birincisi, illərdir, nəzarətinizdə olan telekanallar, qəzetlər, saytlardakı təhqirləri, qarayaxmaları, kollajları görmürdünüz, indi bəsirət gözünüz açılıb? İkincisi, təhqir təkcə sözləmi olur?
Deputatların Milli Məclisin tribunasından etdikləri çağırışlar təhqir deyil, bəs nədir? Biri müəllimlərə səslənib deyir ki, “dolana bilmirsə, işdən sonra getsin tikintidə işləsin”, o biri məsləhət görür ki, “gedin, soğan əkin…” Lap təzəsi var, deputat Aqiyə Naxçıvanlıdan gəlib. Övladlarını saxlaya bilməyən ailələri danlayıb: “Dövlət sənə sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”
On il (2005-2015) Azərbaycan Müəllimlər İnstitutuna rəhbərlik etmiş bu adam açıb Konstitusiyanı oxusaydı, görərdi ki, dövlətin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi bir öhdəliyi var…
Bu yerdə adam mövzudan kənara çıxıb Aqiyə xanımdan soruşmaq istəyir ki, o ac-yalavac böyüyən, cırıq ayaqqabı ilə məktəbə gedən uşaqlar olmasa, “Vətənin keşiyində dayanmaq lazımdır” deyib, cəbhə bölgəsinə kimləri aparacaqsınız? Sizlərin hansı biri öz övladına, nəvənizə Murovdağda xidmət etməyi rəva görüb?
Deputatlardan söz düşmüşkən, bu günlərdə maaşları yenə artırıldı. Şikayətlənirdilər ki, 1600 manatla dolana bilmirlər. Guya, elə bu pulun ümidinə qalıblar…
Siz 1600 manatla dolana bilmirsinizsə, bəs sizdən on dəfə az maaş alan müəllim 160 manata bir ay necə yaşasın? Müəllimə yol göstərmək asandır, özünüz niyə Milli Məclisin iclaslarından sonra gedib bənnalıq eləmirsiz, soğan əkmirsiz? Müəllimə “işdən sonra get, tikintidə işlə” demək söyüş sayılmırsa, o zaman özünüzə də rəva görün. Gördüyünüz iş də müəlliminkindən ağır deyil. Əksəriyyətiniz nə qanun layihəsi oxuyur, nə seçici tanıyır. Olsa-olsa, arabir lazım olanda düymə basırsız, bəzən onda da səhv edirsiz, spiker yadınıza salır…
Bu ölkədə neftə “qara qızıl”, pambığa “ağ qızıl” deyirlər. Amma məmləkətin sadə insanları o qızılın nə qarasından bir xeyir gördü, nə də ağından. Keçən günlərdə Sabirabadda dəhşətli hadisə baş verdi. Bir nəsildən olan 6 qadın traktorla pambıq yığmağa gedəndə qəzada həlak oldular. Ölkəyə son 10 ildə təkcə neftdən 100 milyarddan çox pul gəlib, adamlar isə hələ də köhnə traktorun lafetində pambıq tarlalarına daşınır.
Hərçənd, “qara qızıl”ın xeyrini görüb, ağ gündə yaşayan bir qrup da var. Sabirabaddakı həmin hadisə günü Gürcüstan mətbuatı konkret faktlarla, fotolarla bir xəbər yaydı. Məlumatda üç nəfər azərbaycanlı xanımın adı keçirdi – “Azərbaycan Hava Yolları”nın (AZAL) prezidenti Cahangir Əsgərovun həyat yoldaşı və iki qızı. Onlar Batumidə 31 milyonluq otel tikdiriblər, açılışına hazırlaşırlar…
Bir müddət öncə sosial şəbəkələrdə iki fərqli jurnalistin övladlarının müalicəsi üçün yardım istənilirdi. Hər ikisi də hökumətin siyasətini, addımlarını gecə-gündüz tərifləyən. Bu jurnalistlər indiyə qədər xeyli yalan yazmışdı. Başqasının balasını qətlə yetirən yarıtmaz səhiyyəni tərifləmişdi, ölkədə körpəsinin müalicəsi üçün pul tapmayan minlərlə adam olduğu halda, firavan həyatdan dəm vururdu. Bax, həmin valideynlər üçün o vəziyyətdə belə yalanları oxumaq, eşitmək söyüşdən betər idi.
Əlbəttə, kimin övladı olmasından asılı olmayaraq, istənilən uşağın xəstəliyi, əziyyət çəkməsi ürək parçalayır. Heç bir körpə valideynlərinin etdiklərinə görə günahkar deyil. Bu vəziyyət həm də həyatın verdiyi dərsdir. Zülm iniltilərinə qulağını tıxamayacaqsan, qul haqqı üzərində qazanılan qələbələrə əl çalmayacaqsan. Əks halda, həyat günlərin birində yalanlarını üzünə çırpacaq…
Son illərdə görün, neçə-neçə yaşlı qadını küçələri süpürdükləri yerdə maşın vurub öldürüb. Problemdən çıxış yolunu küçə süpürən qadınlara jilet paylamaqda gördülər. Payladılar, yenə olmadı, bir gün sonra maşın birini də vurub öldürdü. Adamın üzünə söyməkdir bu…
“Şamaxinka” deyilən ərazidən Xırdalana qədər yolda avtomobillərin saatda 90 km sürətlə hərəkətinə icazə verilir. Təsəvvür eləyin, o cür yüklənmiş, təhlükəli yolu qadınlara süpürtdürürlər. Halbuki, texnika olmalıdır. Təqaüd yaşı çatan adamlar niyə küçə süpürməlidir? Hanı dövlətin sosial təminatı? Ucu-bucağı görünməyən inkişaf hara getdi? Regionun lider dövlətində, iqtisadi inkişafa görə dünyada birinci olan ölkədə 60-70 yaşlı qadını küçə süpürməyə nə vadar edir?
Deputat Qənirə Paşayeva maşın vurub öldürən həmin qadınlardan birinin evinə getmişdi. Gördü onların qızlarının yaşayışını. Gördü ki, insanlar nə zülm çəkirlər. İnsanlar adi məişət qayğılarını həll eləyə bilmirlər. İnsanlar acından ölməmək üçün mübarizə aparırlar. Söyüşdən betərdi o gün-güzəran…
Bu adamlar, bu xalq həddən artıq dözümlüdür ki, bu söyüş kimi davranışın qarşısında susur…
Adamlara zülm eləmək hər hansı formada qayıdır. İnanclılar buna “ilahi ədalət” deyir, inancı olmayanlar “həyatın bumeranqı”. Necə istəyirsiz, adlandıraq, amma hər bir halda, heç bir vicdansız davranış, pislik cəzasız qalmır. Onsuz da ümidsiz cəmiyyətdə yaşayırıq. Adama hərdən elə gəlir ki, bu məmləkətdə haqsızlıq, özbaşınalıq həmişə belə tüğyan eləyəcək. Ümidimiz bircə o bumeranqadı…