Muəllif:

Bir təşəkkür üçün dəyməz

Bəd xəbərlə başlayacam. Etimad Əsədov öldü. Ölkənin baş qazisi. Ağır xəstəlikdən. Ağciyər xərçəngindən. Ruhu şad olsun. Uğrunda canını fəda etdiyi Qarabağı görmədən getdi.

Əslində neçə gündür yazı yazmaq istəyirəm. Səhiyyəmiz haqqında. Ard-arda baş verən proseslər mənə bu yazını yazmağa sövq edirdi. Elə Qarabağ qazisinin ağır xəstəlikdən vəfat etməsi xəbəri məni bilgisayar arxasına keçməyə məcbur etdi.

Ondan başlayaq ki, həmkarımız Səbuhi Məmmədlinin müalicəsi üçün prezident İlham Əliyev göstəriş verdi. Səbuhi Məmmədli ağır xəstəlikdən əziyyət çəkir. Müalicəsi üçün xeyli vəsait lazım idi ki, bu pul jurnalistdə nə gəzir? Neçə müddətdir müalicəsi üçün həmkarlarından, insanlardan yardım istəyirdi. Amma o pulu toplamaq da o qədər asan görünmürdü. Nəhayət Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun prezidentə müraciətindən sonra prezident jurnalistin sağlığına qovuşması üçün göstərişlər verdi. Həmkarımıza can sağlığı arzu edirəm. Sözüm onda yox.

Bu göstərişdən sonra sosial şəbəkələrdə prezidentə təşəkkür məktubları göydə uçuşmağa başladı. Bu cür halları biz bir neçə dəfə yaşamışıq. Tanınmışlardan hər kimsə — bir qədər əliuzun şəxs olsun, efirlərə çıxmağa şansı olan şəxs olsun, yuxarılara səsi yetən şəxs olsun — həmin şəxsin bəxti bir az gətirir. Yəni aktyor, aparıcı, jurnalist, müğənni, sənət adamı bu mövzu ilə gündəmə gələrsə, dərhal prezident və ya hökumət ona qahmar çıxar, onun müalicəsini öz üzərlərinə götürərlər. İndi deyəcəksiz burda pis nə var ki?

Əslində daha yaxşı olmazdımı ki, kimsə kimsəyə qahmar çıxmasın? Heç kim heç kimə minnətli olmasın? Təşəkkür filan etmək məcburiyyətində qalmasın?  Olmazdımı ki, hər kəs müalicəsini özü həll edə bilsin? Bu daha yaxşı olmazdımı? İndi soruşacaqsız necə? Hamının imkanı buna necə çata bilər?

Çox sadə. İllərdir ekspertlər bar-bar bağırır ki, icbari tibbi sığorta tətbiq olunmalıdır. Hər kəsin icbari tibbi sığortası olmalıdır. Heç kim həkim pulu, dərman pulu dərdi çəkməməlidir. Hətta bununla bağlı sərəncam verilib. Qanun qəbul olunub. Amma ortada tətbiq yoxdur. Niyə? Niyəsini məndən soruşmayın. Çünki bunun cavabını həm bilirəm, həm də bilmirəm. Bəlkə də elə bu asılılıq, bu təşəkkürlər üçün.

O ki, qaldı səhiyyəmizə. Ondan illərdir danışırıq. Jurnalistlər, ekspertlər. Amma hələ ki, düzəlməyib. Amma düzəlməsi üçün şans daha çoxdur. Kifayət qədər kadrlarımız var. Yetər ki istək olsun.

Bu istəksizliyin nəticəsidir ki, özləri də səhiyyəmizə etibar etmirlər. Ən xırda sağlamlıq problemləri olanda belə özlərinin yaşatdıqları bu səhiyyəyə etibar etmirlər. Müalicə üçün xaricə, Avropa ölkələrinə üz tuturlar. Hətta dərmanları da burdan almırlar.  Həkimə, satılan dərmanlara, səhiyyəyə etibar etmirlər.

Doğrusu, icbari tibbi sığorta tətbiq olunsa belə, səhiyyədə, islahatlar aparılsa belə, dərmanların keyfiyyəti yaxşılaşmış olsa belə bu, bütün xəstəliklərin Azərbaycanda müalicə oluna biləcəyi anlamına gəlmir. Bunun üçün illər, araşdırmalar, elmi işlər, texniki inkişaf lazımdır. Amma biz birdən–birə fil düzəltməyək də. Elə bu xırda problemləri həll edək ki, yaşamağa ümidimiz olsun.

Bir sözlə, can şirin şeydir. Bu milləti, kasıbları canları ilə imtahana çəkməyin.

Bir təşəkkür üçün dəyməz. Daimi təşəkkürü qazanmaq isə o qədər də çətin deyil.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 227