Muəllif:

Bayram təbriki

Milli mətbuat gününə az qalıb. Yenə sosial şəbəkələri xonçalar, tortlar, hədiyyələr bəzəyib. Adamın lap ürəyi açılır. Az qala sevinəsən ki, bu ölkədə jurnalistlərə necə yaxşı qiymət verilirmiş. Hökumət, nazirliklər, idarələr, təşkilatlar, hətta holdinqlər, şirkətlər jurnalistlərə, mediaya, mətbuata necə gözəl diqqət və qayğı göstərirlərmiş.

İndi hansısa ağıllı çıxıb yazacaq ki, əgər hökumət jurnalistlərə qiymət verməsəydi, onlar üçün ev paylamazdı. Əgər hökumət medianın qayğısına qalmasaydı, onlara hər il 1 -2 milyon pul ayırmazdı. Düz deyirlər. Nə deyim. Edirlər vallah. Amma onların hansı məqsədlərlə edildiyini də çox yaxşı bilirik.

Jurnalistlər də sağ olsun. Utanmaz-qızarmaz gələn hədiyyələri sanki bir-birinin bəhsinə elə pafoslu cümlələrlə paylaşırlar ki, deməyə söz qalmır. Jurnalistin peşə etikası heç kimin yadına düşmür. Anlamırlar ki, jurnalistin kimdənsə, istər rəsmi orqan olsun, istərsə də şirkət, hədiyyə qəbul etməsi doğru deyil. Burda hörmətdən, sevgidən deyil, maraqlardan söhbət gedir. Bir sözlə, sanki həmin jurnalistlər də bir növ peşə etikasını kənara buraxıb, onların maraqlarına xidmət etdiklərini boyunlarına alıblar.

Hörmətə və diqqətə gəldikdə. Sanki  jurnalist Elmar Hüseynovun qətlindən 13 il keçməsinə baxmayaraq qatili tapılmayan ölkə bura deyil. Sanki publisisti küçədə bıçaqlanıb, xəstəxanada ölən bu ölkə deyil. Sanki günün günorta çağı top yerinə furbolçu təpiyi ilə təpiklənib öldürülən jurnalist bu ölkənin deyil. Media azadlığına görə beynəlxalq təşkilatların hesabatlarında aşağı yerlərdə qərarlaşan bu ölkə deyilmiş. Sanki, illərdir araşdırmalarına, azad sözünə görə həbsə atılanlar, təqib olunanlar bu ölkənin jurnalistləri deyil. Yeri gəlmişkən hazırda 10-a yaxın jurnalist siyasi məhbus siyahısındadır. Təqib və təzyiqlərə məruz qalanların, elə bu səbəbə görə ölkədən gedənlərin sayını isə unutmuşam.

Elə çox uzağa getməyək. 10 gün olar ki, hökumət 6 saytı bloklayıb. Həmin saytda çalışan jurnalistləri isə Baş Prokurorluq səhərdən axşama kimi qonaqlamaqla məşğuldur.

2-3 gün bundan əvvəl Elmar Hüseynovun doğum günü idi. Bu il nədənsə çox soyuq qeyd olundu. Ötənlərdə heç olmasa gənclər təşkilatları, jurnalistlər əvvəlcədən çağırış edib, həmin günü mərhum jurnalisti yad edərdilər. Bu il isə çox az adamın yadına düşdü. Mərhum jurnalist cəmiyyət tərəfindən qatilləri tapılmamış unudulur. Torpağın üzü soyuqdur. Elə qatillərin ürəyi kimi.

Kimin yadına düşsün ki? Zatən ölkədə Elmar Hüseynovun dəyərlərinə hörmət edən bir ovuc adam qalıb.

Nəysə… Bayramın günü çox yazıb, qanınızı qaraltmaq istəmirəm. Onsuz da illərdir yazırıq, deyirik. Özümüz yazıb, özümüz təsdiq edirik. Çifayda. Heç vecinə alan da yoxdu.

Uzun sözün qısası. Elə sözə, sözünə, peşəsinə hörmət edən, hökumətin “diqqət” və “qayğı”sından kənarda qalan, və ya elə hökumətin başqa formada “diqqət və qayğısına” tuş gələn jurnalistləri Milli Mətbuat günü münasibəti ilə təbrik edirəm. Gün o gün olsun ki, Milli Mətbuat günündə qayğılarımızı deyil, əsl bayram təbriki yazaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152