Muəllif:

Balanı şərləməyə məcbur eləyən bəla

Hər dəfə narkomaniya haqda nəsə eşidəndə və ya oxuyanda anamın doğulduğu rayondakı həkim yadıma düşür. Təsəvvür edin, adam narkoloq idi, amma özü də narkotikə qurşanmışdı. Müalicə elədiyi xəstələrin yenidən zərərli vərdişə qayıtması onu özündən çıxarırmış. Deyirmiş ki, axı bu nədi ki, onun əlində aciz qalıblar? Axırda qərara gəlib ki, öz üzərində sınaqdan keçirsin, bu yola düşüb, sonra geri qayıtmağın mümkünlüyünü özünə də, başqalarına da sübut eləsin. Və beləcə, özü də narkomaniyanın növbəti qurbanına çevrilib. Həkim iki il əvvəl dünyasını dəyişdi…

Təkcə bu hadisə narkomaniyanın nə qədər böyük bəla olduğunu göstərir. Azərbaycanda səlahiyyət sahibləri bu haqda çox danışmasalar da, əslində, vəziyyət faciəvidir. Rəsmi statistika da ölkədə narkotik istifadəçilərinin sayının ildən-ilə artdığını göstərir. 2017-ci ilin iyununda açıqlanan son rəsmi məlumata görə, qeydiyyatda olan narkomanların sayı 29 min 448 min nəfər olub. Onların arasında bir xeyli yeniyetmə də var. Bu, hələ qeydiyyatdan keçənlərdir, nə qədər narkotik istifadəçisi var ki, onların bu bəlaya düçar olması heç bir kağızda əksini tapmayıb…

2007-ci ilin sentyabrında Qazaxıstanın Pavlodar şəhərində narkomaniyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans keçirilirdi. Azərbaycanın nümayəndə heyətində Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin rəhbərliyi də daxil, xeyli adam vardı. Yadımdadır, orada bizim iştirakçılardan biri ölkədə təxminən 18 min nəfər narkotik istifadəçisinin qeydiyyatda olduğunu dedi. Ardınca da əlavə elədi ki, gerçək mənzərəni bilmək üçün bu rəqəmi azı, 10-a vurmaq lazımdır. Təsəvvür edirsinizmi, eyni hesablama ilə hazırda 300 minə qədər narkoman var…

Bu gün ölkənin cəzaçəkmə müəssisələrindəki məhbusların təxminən 6 mini (30 faizi) sırf narkotikə görə dörd divar arasına düşənlərdir. Bir müddət öncə parlamentdə bu məsələ ilə əlaqədar deputatlar arasında fikir ayrılığı da yaranmışdı. Bəzi deputatlar hesab edirlər ki, narkotik istifadəçilərini məhz bu əmələ görə tutub, həbs yerlərini onlarla doldurmaq problemdən çıxış yolu deyil. Onları həbs yox, müalicə eləmək lazımdır.

“Bəlkə, başqa alternativ cəza fikirləşək? Biz niyə bu insanları cəmiyyətdən təcrid edirik? Bu, sonra böyük fəsadlar doğurur. Onları tuturlar, ailələrində problem yaranır. Ailələr dağılır, ailə üzvləri aclıq çəkir, bir neçə il gözləyirlər, həbsxana yollarında qalırlar… Bir nəfərin üzərindən yarım qram, bir qram nəsə çıxmağa görə azadlıqdan məhrum etmək, hesab edirəm, düzgün deyil…”, — deputat Çingiz Qənizadənin sözləridir.

Bəzi həmkarları da Qənizadəyə bu məsələdə haqq verdi, amma onların təklifi keçmədi. Əks fikirdə olanların isə arqumenti beləydi ki, cəzasızlıq mühiti narkotikdən istifadə hallarının daha da artmasına gətirib çıxara bilər. Üstəlik, narkotik istifadəçilərinin əksəriyyəti cinayətə meylli olurlar.

Həkimlər “narkomaniyanı cinayətə meylli xəstəlik” adlandırırlar. Xəstəliyin xüsusiyyəti belədi: bədən narkotik tələb edir, onu almaq üçün pul lazımdır. Pul tükənəndə isə əvvəlcə borc axtarırlar, bu imkan da tükənəndə əyri yollara baş vurmalı olurlar. Bir bilsəniz, yarım qram narkotikdən ötrü necə dəhşətli hadisələr baş verib, nə qədər qanlar tökülüb…

Siz bir ananın öz övladını şərləyib həbs etdirdiyini eşitmisinizmi? Və təsəvvür edin ki, ana bu addımı yeganə çıxış yolu kimi görür…

Bir neçə ay öncə mətbuatda anasına təcavüzdə günahlandırılan oğul haqda yazılar getdi. Həmin cinayət işində hadisənin səbəbi belə göstərilib: oğul anasından onu evləndirməyi tələb edir. Ana isə oğluna narkotik istifadəçisi olduğunu, bu üzdən kimisə alıb, bədbəxt etməyəcəyini deyir. Oğul bundan qəzəblənir və narkotikin təsiri altında həmin hadisə baş verir…

O oğula 8 il həbs cəzası verildi…

Həmin ana sonradan bu haqda yazmış saytlardan birinə zəng eləyib demişdi ki, oğlu narkotikə görə əvvəl də həbsdə olub. Axırıncı hadisədə də narkotikdən ötrü onu döyüb, pul istəyib. Hər gün evdəki söz-söhbətdən, döyülməkdən bezdiyinə görə oğlunu həbs etdirib, ondan müvəqqəti də olsa, canını qurtarmaq qərarına gəlib. Qulağının daha uzun müddət “dinc olması” üçün isə ondan bu məzmunda şikayət edib. Yəni əslində, təcavüz olmayıb, yazılanlar doğru deyil…

Bəlkə də həqiqət ananın dediyi kimidir. O da mümkündür ki, ana təcavüz məsələsinin daha da açılıb-ağardılmaması üçün belə bir versiya düşünüb. Amma nə olur olsun, hər iki variantın ikisi də dəhşətdir. İstər bir oğulun narkotikin təsiri altında öz anasına təcavüz etməsi, istərsə də o zəhrimar üzündən bir ananın öz balasını iyrənc əməldə şərləməsi…

Ona “ağ ölüm” də deyirlər. Təkcə Azərbaycanda yüz minlərlə insanın həyatını qaraldıb və bu missiyasını hər keçən gün daha sürətlə davam etdirir. Bunu durdurmaq üçün hansı addımlar atılır?

2013-cü ilin iyununda Prezident sərəncamı olub, 2013-2018-ci illər üçün narkomaniyaya qarşı mübarizəyə dair Dövlət Proqramı qəbul edilib. Proqramın icrası üçün sonuncu ildir. Yəqin ki, bu il də bir xeyli tədbirlər keçiriləcək, Proqramın uğurla icra olunmasından danışılacaq. Gerçəklik isə başqadır. Bu beş ildə narkomaniya ilə mübarizədə vəziyyət daha da pisləşib. Bunun sübutu isə statistik rəqəmlərdir. Əgər 2013-cü ildə rəsmi qeydiyyatda olan narkomanların sayı 28 min 376 nəfər idisə, indi bu rəqəm 30 minə çatıb. Budurmu nəticə?

Əgər qarşısını almaq istədiyin əməldə artım varsa, deməli, bu istiqamətdə atılan addımlar, profilaktik tədbirlər düzgün qurulmayıb. Bütün yaşamı qaranlığa qərq olmuş insanları icra strukturlarının, otellərin işıqlı konfrans zallarındakı bəlağətli çıxışlarla, hesabatlarla xilas etmək mümkün deyil. Nəsə dəyişməlidir. O “nəsə”ni isə zəhmət çəkib, bu işlərə görə məsul olanlar fikirləşib tapmalıdır.

İllər əvvəl ali təhsilli narkoman bu bəlaya necə düşdüyünü belə izah eləmişdi: “İllərlə özümə uyğun bir iş axtardım, hətta gedib bir müddət fəhləlik də elədim. Bir adamım olmadı ki, işə düzələ bilim. Boş-bekar adamın işi nə olar? Məhəllədəki çayxanaya gedirdim, hər axşam ora toplaşanlar da professorlar olmayacaq ki… Belə-belə düşdüm o “kruqa”, bir daha çıxa bilmədim…”

Həmin “kruq” isə dayanmadan böyüyür. Hər keçən gün bir az daha böyüyür…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 793