Muəllif:

Bağlanan media saytları və bloklanan porno saytlar

İki gündür sosial şəbəkələr az qala dağılır. Uşaqdan böyüyə, yeniyetmədən ağsaqqala, gəncindən qocaya qədər hər kəs pornosaytların bloklanmasından yazır. Deməli, bizim çox-çox yüksək nazirliyimiz olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə ərazisində pornosaytlara girişi məhdudlaşdırıb. Bu da sosial şəbəkələrdə böyük narazılığa, hiddətə, qəzəbə səbəb olub. Və insanların çoxsaylı reaksiyalarından belə qənaətə gəlmək mümkündür ki, demə, ölkədə ən çox giriş yapılan saytlar elə məhz bu saytlar imiş. Xəbər saytları yox ha, porno saytlar.

Oysa ki, ötən həftə elə bizim bu çox-çox yüksək nazirliyimizin təşəbbüsü və şikayəti əsasında məhkəmələr bir neçə xəbər saytının bloklanması haqda qərar çıxardı. Amma bu bloklanma məsələsi camaatın porno üçün cuşa gələn bir yerinə olmadı.

Əvvəlcə başlayaq qeyri-rəsmi inzibati qərardan. Bunu hətta yuxarıdan gələn əmr də adlandırmaq olar. Bir cümlə səhvinə görə 14 illik tarixi olan bir böyük media holdinq qapadıldı. Əslində, burda bir cümlə yanlışlığı bəlkə də bəhanədir ki, kimlərinsə əlinə onun bağlanması üçün yaxşıca bir səbəb verib. Bir gündə 14 illik tarixi olan, hakimiyyətə, hökumətə sadiqliklə xidmət edən bir media holdinqi göz qırpmadan, bütün sədaqət və fəaliyyətinin üstündən xətt çəkməklə bağladılar. Söhbət APA Media Holdinqdən gedir.

APA 2004-cü ildə müstəqil mediaya, daha konkret desək, müstəqil xəbər agentliklərinə alternativ olaraq hökumət tərəfindən yaradılmışdı. Onun arxasında da hansı nazirin dayandığını Azərbaycanda uşaqdan böyüyə hər kəs bilir. APA hakimiyyətdən aldığı vəsaitlə və ona yönəldilən reklam gəlirləri ilə ildən ilə böyüdü. Demək olar ki, qarşısına qoyulan missiyaya tam olmasa da, yəni müstəqil media və xəbər agentliklərini tam sıradan çıxarılmasına nail olmasa da, Azərbaycan mediasında özünə kifayət qədər yer elədi. Bütün rəsmi xəbərləri, rəsmi açıqlamaları əksəriyyət digər rəsmi saytlardan çox APA-dan oxumağa başladı. Hamı birinci APA-nın xəbərini gözlədi. APA rəsmi istinadla nəsə yazırdısa demək ki, doğrudur prinsipi beyinlərə işlədi. Hərdən hakimiyyət orqanlarının öz siyasətləri ilə bağlı yuxarıdan göndərilən sifarişli yazılarını da orda görmək mümkün idi. APA böyüdü, özündə rus və azərbaycan dilində olmaqla bir neçə saytı birləşdirdi, media holdinqə dönüşdü.

14 il hakimiyyətə sadiq xidmət göstərdi. Nə az, nə çox. Düz 14 il. Bir igidin ömrü qədər. Amma heç nəyə baxmayaraq bir cümlə səhvinə görə bu boyda xidmət göstərmiş media holdinqi bir qələmdə silib atdılar.

Bundan sonra görünənlər göründü. Sosial şəbəkələrdə müstəqil və müxalif düşüncəli insanların bu hadisəyə reaksiyasından çox danışmayacam. Bu hadisə ilk deyildi. Məsələnin maraqlı tərəfi odur ki, bu vaxta qədər biz müstəqil mediaların qapadıldığını görmüşdük. İndi isə özləri öz medialarını qapadırlar. Demək ki öz içlərində belə anlaşa bilməyən tərəflər var.  Deyə bilərsiz ki, bəs ANS nə oldu? Doğrudur, ANS də son illərdə  daha çox hakimiyyətin maraqlarına xidmət edirdi. Amma həmin telekanalın rəhbərliyinin və ya pul buraxanının hakimiyyətdə təmsil olunmamasını əsas götürərək deyə bilərik ki, ANS müstəqil olmasa da özəl sahibkara məxsus idi. Yəni,  ANS APA kimi bütövlükdə özlərinə məxsus deyildi. Nəysə, mətləbdən yayınmayaq.

APA-nın bağlanmasından sonra qeyri-müəyyənlik və susqunluq davam etdi. Amma bir vaxtlar APA ilə çiyin-çiyinə eyni mərkəzə xidmət edən, elə eyni mərkəzdən idarə olunanların bağlanan media qurumu haqda yazdıqları bizi təəccübləndirmədi deyə bilməyəcəyəm. Öz mahiyyətlərini ortaya qoydular. İndi APA haqda yazanların vaxtı ilə bağlanan müstəqil medialar, həbs olunanlar haqda yazdıqlarını unutmadıq. Amma indi bağlanan özlərininki idi axı. O vaxt yazılanları anlamaq mümkün idi. Məqsəd yenə də hakimiyyətə xidmət və sədaqət. Bəs indi? Özlərininki haqda niyə yazırlar? Bu nəyə və ya kimə xidmətdir? Axı APA-nın xidməti və sədaqəti heç də sizinkindən az olmayıb? Deməli ki, mahiyyət budur. Vurulana, yıxılana balta çalmaq. Tapdalamaq. Hər fürsətdə imkan tapıb başqasının sıradan çıxmasına sevinmək.

İndi qayıdaq bloklanan kiçik xəbər saytlarına. Heç bir gəliri olmayan, öz gücünə ayaqda durmağa çalışan, məqsədi insanlara doğruları çatdırmaq olan kiçik müstəqil saytlardan bir neçəsi məhkəmə qərarı ilə bloklandı. Əsas da gətirilmişdi ki, həmin saytlar yalan, böhtan yazmaqla təxribat yaradırlar. Düzdür, bir gün sonra Apelyassiya məhkəməsi tələm-tələsik bir saytı blokdan xilas etsə də, digərlərinə şamil olunmuş blok qərarı hələ də qüvvədədir. Bütün bu hadisələr isə APA holdinq bağlanandan sonra baş verib. Məhkəmədə saytların yalan böhtan yazmasına isə bu media holdinqin bağlanmasına dair analiz tipli yazılar əsas gətirilib. Məncə, burda da məsələnin mahiyyəti aydın oldu. Yəni, özbaşınızdan fərziyyələr irəli sürməyin. Ya bizim dediyimizi yazın, ya da gedin bloka…

Bundan sonra isə pornosaytların bloklanması gündəm oldu… Səmimi deyəcəm. Bu mövzuda sosial şəbəkələrdə yazanlardan bir nəfərin yazdığı məni xeyli güldürdü. Adam yazmışdı ki, “Lider” Tv-nin saytı açılır axı.”

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1110