Muəllif:

Azərbaycanda gənc olmaq…

Hər il Azərbaycanda fevralın 2-i Gənclər günü kimi qeyd edilir. Mən də bu barədə yazacam. Daha doğrusu gənclərin günündən.

Adətən ilin bu gününü sosial şəbəkələrdə gənclərə ünvanlı təbriklər olur. Bu il isə sosial şəbəkələri gənclərə ünvanlı pessimist notlu mesajlar bəzəmişdi. Ən azından mənim gördüklərim bu qədər oldu.

Gənclik insan ömrünün ən məhsuldar, ən gözəl, ən yaddaqalan, ən ümidli, ən mübariz çağıdır. İnsan o yaşda özünü tapmaq üçün yollar arayır, enerjisindən istifadə edərək özünü, adını, imzasını ortaya qoymağa çalışır. Oxuyur, çalışır, vuruşur. Gələcək ömrünün təməlini, bünövrəsini möhkəm qoymağa çalışır. İddialı gənclərin əksəriyyəti buna nail ola bilir. Amma normal ölkələrdə.

Azərbaycanda isə gənc olmaq….

Biz də gənc olmuşuq. Bizim uşaqlıq illərimiz müharibə dövrünə, yeniyetməliyimiz müstəqilliyin ilk illərinin gətirdiyi çətinliklərin və müharibənin fəsadlarının aradan qaldırılmağa çalışıldığı illərə təsadüf etdi. Gəncliyimiz isə keçid dövrünə.

Ən azından o vaxtkı prezident Heydər Əliyev bəlkə də bizim dövrün gənclərinə ümid vermək üçün gənclik yaşını 36 etmişdi. Sonradan gənclik yaşı azaldılaraq 29-a endirildi.

Bir sözlə, biz gəncliyin avantajlarından faydalana bilmədik.

Bəs indiki gənclər? Gəncliyini doya-doya yaşaya bilirmi? Gəncliyini yaşaya bilirmi? Gəncliyini gənc kimi keçirə bilirmi?

Məncə, zaman dəyişsə də gənclərin problemləri bir o qədər də dəyişməyib.

Əgər gəncsənsə, və arxanda duracaq kimsən yoxdursa, yəni daydayın yoxdursa, məmur valideynin və ya qohumun yoxdursa, sən bu ölkədə savadın, biliyin, bir neçə diplomun olsa belə, istədiyin işi tapa bilməyəcəksən.

Əgər gəncsənsə, özünü sübut etmək və ya özünü tapmaq üçün fərqli fikirlər ortaya qoyacaqsansa, sənin nəinki bütün gələcək karyeran, hətta həyatın təhlükə altında qalacaq.

Bizim ölkədə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün intihar edir.

Bizdə gənc ailələrin əksəriyyəti kirayələrdə yaşayır.

Bizdə gənc zülmlə-zillətlə universiteti bitirib, sonra diplomunu evə qoyub, ticarətlə (bizneslə yox ha) məşğul olur, ən yaxşı halda ekspeditor işləyir.

Universitet gənclərindən məcburi könüllülər yaradılır. İşsiz gənclərdən sosial şəbəkələrdə troll ordusu kimi istifadə edilir.

Universitet tələbəsi məcburi hakim və ya iqtidaryönlü partiyaların mitinqlərinə aparılır. Gedə bilməyənlər universitetdən qovulur və ya qovulmaqla təhdid olunur.

Müxalif partiyalarda təmsil olunan və ya fərqli düşüncəli gənclər, ən yaxşı halda xuliqan, narkoman çıxarılaraq həbsə atılır.

Bir sözlə, gənclərin böyük əksəriyyəti fikirdən, dərddən, borcdan, işsizlikdən, kreditden, evsizlikdən əziyyət çəkir. Gəncliklərini bu problemlərin həllinə həsr edirlər. Və yaxud canlarını burdan qurtarmaq və ya gələcəklərini qurmaq üçün axın-axın Qərb ölkələrinə üz tuturlar. Beyin axını gedir. Kimi siyasi səbəblərdən, kimi oxumaq adı ilə ölkədən gedir. Hər il minlərlə gənc baş götürüb qaçmaq üçün “Green card”a müraciət edir.

Bəs hanı hökumətin gənclər siyasəti?

Əslində, yuxarıda yazdıqlarımın hamısını hökumətin gənclər siyasətinə aid etmək olar. Amma hökumət bizə irad tuta bilər ki, yenə bizim siyasətimizi görməzdən gəlirsiz. Amma onların müsbət qələmə verdiyi addımları da görürük. Misal üçün, götürək gənclərin mənzil şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan ipoteka proqramını. Bu ipoteka proqramını əldə etmək üçün gərək ki, gəncin ilk növbədə rəsmi gəlirli işi və minimum 700-800 manatlıq maaşı olsun. Bir sözlə, yenə qayıdırıq yuxarıda yazdıqlarıma. Ya gərək daydayın ola, ya da…

Bir sözlə, gənclər də, gənclik də, gəncliyini yaşaya bilənlər də inhisardadır. Bir ovuc gənc var ki, bu inhisar dalğasına daxildir və onlar az-çox öz həyatlarını gənc kimi yaşaya bilirlər.

Qısası, arzumuz odur ki, ölkədəki bütün gənclər gəncliyini gənc kimi yaşaya bilsinlər. Yaxşı təhsil, karyera imkanları, perspektivli gələcək ve mədəni istirahət də daxil olmaqla.

Və bir də, nə qədər real olmasa da kaş ki, gedənlərimiz də geri qayıtsın.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 317