Muəllif:

Alman jurnalistinə minnətdarlıq

Nəhayət ki, Almaniya kansleri Anqela Merkel Azərbaycana gəldi.  Amma xanım Merkelin səfərindən artıq günlər keçməsinə baxmayaraq bu məsələnin hələ gündəmdə olması bir daha sübut edir ki, kanslerin səfərinə ictimaiyyətin maraq və diqqəti xeyli böyükdür. Hələ bu səfərdən öncə bu barədə yazılanları da üstünə gəlsək, demək olar ki, bu səfərə nəinki Azərbaycan ictimaiyyətinin, hətta dünyanın marağı böyük idi. Sözüm onda yox.

Səfər çərçivəsində adəti üzrə görüşlər, müzakirələr, mətbuat konfransı da keçirildi. Mətbuat konfransından əvvəl məlum oldu ki, konfransa yalnız hökumətin rəsmi media qurumları buraxılacaq. Ölkədə olan müstəqil jurnalistlər və media qurumlarının bu tədbirdə iştirakına imkan verilməyəcək. Məqsəd aydındır. Birdən kimsə kanslerə və ya prezidentə arzuolunmayan suallar verər.

Digər jurnalistlər və media qurumları isə yalnız rəsmi media qurumlarının yazdıqlarına istinad edə biləcəkdilər. Onlar nə yazıbsa, ancaq onu verə biləcəkdilər. Konfransda detallar, xarici jurnalistlərin sualları və verilən cavablar barədə həmin media qurumları yazsaydı, xəbərimiz olacaqdı, yazmasaydı olmayacaqdı. Çox güman ki olmayacaqdı. Amma oldu. Necə? Sadəcə bir jurnalistin texniki səhvi nəticəsində.

Deməli, alman jurnalistlərindən birinin verdiyi sualda jurnalistin səhvən Azərbaycan yerinə Əfqanıstan söyləməsi bütün medianın manşetinə çevrildi. Jurnalistin sualı isə belə idi:

“Bu yaxınlarda, müxalifət lideri İlqar Məmmədov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı həbsdə qalır. Buna görə, Avropa Şurası sizi tənqid edir. İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı?”

Əslində həmin jurnalist səhv etməsəydi, Əfqanıstan yerinə Azərbaycan söyləsəydi, çox güman ki nə bu sualdan, nə də Azərbaycan prezidentinin o suala verdiyi cavabdan xəbərimiz olacaqdı. Həmin o alman jurnalistin səhvi nəticəsində biz xəbərdar olduq ki, müstəqil Azərbaycan jurnalistləri və media qurumları həmin konfransa buraxılmasa da, insan haqqları və demokratiya barədə prezidentə sual verən olub. Siyasi məhbus məsələsi qaldırılıb.

Mən həmin jurnalistə təşəkkür edirəm. Təkcə sualına görə yox. Həm də ona görə ki, onun bir səhvi nəticəsində bizim mətbuat konfransında bu məsələlərdən də söhbət açıldığını öyrənmiş olduq.

Həmin kadrlara diqqətlə baxanlar aydın görə bilir ki, prezident İlham Əliyev həmin jurnalistin sualında mexaniki səhvə yol verdiyini anlayır. Sadəcə xanım jurnalistin üstünə getmir və hətta həmin sualı normal cavablayır. Prezidentin cavabının ictimaiyyəti qane edib-etməməsi isə ayrı məsələdir. Söhbət onun siyasi etika nümayiş etdirərək sualı cavablamasından və jurnalisti pərt etməməsindən gedir.

Amma mətbuat konfransından dərhal sonra jurnalistin verdiyi sualın mahiyyəti deyil, onun səhvi barədə bütün yandaş media palaz-palaz yazılar yazmağa, sujetlər verməyə başladı. Həmin jurnalisti səfər etdiyi ölkə barədə məlumatsız olmaqda, qeyri-peşəkarlıqda, savadsızlıqda günahlandırdılar. Hələ bir az da irəli gedib Almaniya mediasını geridəqalmışlıqda ittiham etdilər. Hətta yazırdılar ki, həmin sual Azərbaycanı sevməyən, onun demokratik inkişafını gözü götürməyən hansısa dairələrin sifarişi ilə verilib. Bir sözlə, jurnalisti yıxıb sürüdülər ki, harda olduğunu bilmir, amma demokratiya dərsi keçmək istəyir. Falan, filan.

Bütün yandaş mediada eyni cümlələrə rast gəlmək mümkün idi. Təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, çox güman ki, jurnalistin verdiyi sualın mahiyyətinə qeyzlənən hakim dairə nümayəndələri sualın qıcığını jurnalistdən almaq qərarına gəliblər və əllərinin altında olan mediaya jurnalistin  səhvinin qabardılmasını tapşırıblar. Nəticə isə göz qabağındadır.

Bilmirəm bu söhbətlər və yazılanlar alman jurnalistə və onun əməkdaşlıq etdiyi media qurumuna necə təsir edib. Amma bir onu bilirəm ki, o jurnalistin səhvi bizi mətbuat konfransında baş verənlərdən bir qədər çox məlumat almağa şərait yaratdı. Yuxarıda yazdığım kimi, ən azından insan haqqları və demokratiya, siyasi məhbus məsələsi ilə bağlı sualdan və həmin suala prezidentin verdiyi cavabdan xəbərimiz oldu.

Yəni dediyim odur ki, bəzən medianin tək əldən idarəedilməsinin belə “müsbət” nəticələri də olur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 257