Muəllif:

Açıq qalan suallar

İsti və stressli yay günlərini yaşayırıq. İstilik bizi bir yandan, ard-arda gələn neqativ xəbərlər isə bizi o biri yandan yorur. Bir sözlə,  gündəm o qədər doludur ki, bu isti günlərdə vaxt edib istirahət də edə bilmirik. Gəl indi bu neqativlərlə, stresslə, istirahətsiz il boyu işlə.

Nəysə, sözüm onda yox. Onsuz da illərdir istirahət etmirik. Freelancer hara, istirahət hara. Biz hər il elə yayda da, bayramlarda da işləməyə məhkumuq. Daha doğrusu, məcburuq. Biz hökumətdən yallanmağı qəbul etmədiyimiz üçün başqa jurnalistlər kimi oliqarx həyatı yaşamırıq. Yəni, “öz cəzandır, çək, Balaş.”. Başqa bir misal da çəkim. Məşhur bir filmdə deyildiyi kimi, “Komsomolun canı it canıdır.” Burda komsomol sözünün yerinə jurnalist sözünü qoymaq olar.

Keçək gündəmə. Bir-bir regionlardan yarıtmaz işlərlə bağlı xəbərlər gəlir. Əvvəlcə Göyçayda heç 15 ili tamam olmamış körpü uçur. Hansı ki ondan əvvəlki körpü düz 60-70 il əhaliyə xidmət etmişdi. Sökməsəydilər, hələ bir 50-60 il də xidmət edəcəkdi. Əhali 50 metrlik çayın o biri tərəfinə keçmək üçün 20-30 km-lik yol getmək məcburiyyətində qalmışdı. Tezbazar körpünü təmir edib istifadəyə verdilər. Amma yeni körpü də cəmi 6 gün dözə bildi.

Ard-arda rayonlardan pambıq tarlalarında kütləvi zəhərlənmə xəbərləri gəlməkdədir. 1 tikə çörək qazanmaq üçün istinin günündə qaynar günəşin altında tarlalara çıxan insanlar həyatları ilə imtahana çəkilir. Və bununla bağlı heç bir açıqlama verilmir. Əlimdə fakt yoxdur. Amma deyilənlərə görə tarlalarda pambıq kolları üçün vaxtı keçmiş dərmanlardan dozadan artıq istifadə edildiyi üçün belə hallar yaşanır. Başqa bir versiyaya görə isə həmin dərmanlar yerli istehsaldır. Ölkədə yeni istehsalına başlanılmış bu dərmanların tərkibini düzgün tənzimləyə bilmədikləri üçün insanlara zəhərlənmə verir. Amma bunlar elə versiya olaraq qalmaqdadır. Çünki nə ekspertiza rəyi var ortalıqda, nə də rəsmi açıqlama. İnsanlar isə ağ ölümlə üz-üzədir.

Bütün ölkəni silkələyən hadisə isə Azərbaycanın fasilə ilə iki günə yaxın qaranlıqda qalması oldu. Mingəçevirdə baş verən hadisə bütün ölkəni qaranlıqda qoydu. İflic. Metro, xəstəxanalar, hərbi hissələr, strateji obyektlər, liftlərdə qalanlar, metro tunelindən piyada xilas olanlar və s. və i.a. Bir sözlə, kiçik sahibkardan tutmuş böyük obyektlərə qədər hər kəsə maddi, mənəvi və psixoloji zərbə dəydi. İlk gün hamı buna qəza kimi yanaşsa da, sonradan məsələnin ciddi bir hadisə olduğunu anladı. Hamı sosial şəbəkələrdə hökuməti, rəsmi qurumları, rəsmi şəxsləri, cavabdehləri tənqid etməyə, qınamağa başladı.  Hətta bu vəziyyətdə belə yalaqlıq edənlər də tapıldı. Nə imiş? Amerikada da belə hadisələr olurmuş. Amma bir gün sonra prezidentin məsələ ilə bağlı çağırdığı müşavirədə özünün sosial şəbəkələrdə səsləndirilən fikirləri, tənqidləri səsləndirməsi həmin yalaqları gülməli vəziyyətə saldı. Zatən gülüncsünüz. Biabırçısınız. Di gedin.

Doğrudur yenə cəza görmədik. Amma hər halda mənim gördüyüm ən ciddi müşavirələrdən biri idi.

Mingəçevirdəki qəza olan gecə ölkədə daha başqa bir hadisə baş verdi. Ölkənin ikinci böyük şəhəri olan Gəncənin icra hakimiyyətinin başçısına sui-qəsd oldu. Mühafizəçisi (sonradan rəsmi məlumatlarda polis işçisi kimi qələmə veriləcək) də, özü də yaralandı.

Ard-arda bir-birini təkzib edən rəsmi və ya qeyri-rəsmi xəbərlər yayıldı. Kimi dedi ölüb, kimi dedi yaralıdır. Bəziləri hətta lap irəli gedərək yazdı ki, özü ilə danışmışam müşavirədədir filan. Kimi dedi ki, xəstəxanadadır, kimi dedi Türkiyəyə aparılıb, kimi dedi İsrailə. Bildiyimiz odur ki, Elmar Vəliyev yaralıdır.

Biri dedi ki, yaralayan ermənidir. Bir başqası dedi Rusiya əməlidir. Rəsmi məlumatlarda isə göstərildi ki, adam dindardır. Qumda təhsil alıb, Suriyada döyüşüb. Və hadisə terror aktıdır. Ölkədə dini dövlət qurmaq cəhdidir.  Yenə məsələnin mahiyyətindən, əsl məğzindən xəbərsiz qaldıq.

Yeri gəlmişkən yaralayan şəxsin işgəncə altında fotoları da sosial şəbəkələrdə böyük səs- küy qopardı. Yenə rəsmi qurumlardan təkzib gəldi. Bir gün sonra isə gözü-başı şişmiş şəxsi televiziyalara çıxarıb, heç bir işgəncəyə məruz qoymadıqlarını söylətdilər.

Başqalarını bilmirəm. Bütün bu bir-birini təkzib edən məlumatlara mən inanmadım. Və beynimdə xeyli açıq suallar qalmaqdadır.

Hə. Gələk problemlərə. Bütün bunlar bilirsiz niyə baş verir? Məmurlar düşünür ki,  a kişi, işimi necə gəldi görüm. Yəni bir sözlə, Molla Nəsrəddin kimi “5 ilə ya xan ölə, ya eşşək” prinsipi ilə hərəkət edirlər. Onlarçün iş görmək əsas deyil. Onlarçün dövlət büdcəsindən ayrılan pulları yemək əsasdır. Amma onların hesabları düz çıxmır. Hakimiyyətin ömrü uzanır. Ömür uzandıqca hökumət də dəyişmir, məmurlar da. Həmin simvolik 5 il çatanda isə həmin məmurun gördüyü işin zibil olduğu üzə çıxır. Körpu uçur, yol dağılır, pambıq tarlasında zəhərlənmə baş verir, Mingəçevirdə qəza baş verir və bütün ölkə işıqsız qalır. Və ya sakinin hiddəti gülləyə çevrilib yerli məmura dəyir. Təhlükəli tendensiyadır. Bu misalın nümunəsində insanların yerli məmurlara nifrətini, qəzəbini çox asanlıqla müşahidə etmək olur. Bir tək insanlar tərəfindən sosial şəbəkələrdə yazılanları oxumaq kifayətdir. Ağıllı hökumət gərəkdir ki, bunlardan dərs götürsün.

Bir də, mən bu hökumətə, onların yazdıqlarına, onların rəsmi məlumatlarına o vaxt inanacam ki, biz jurnalistlərin, eləcə də vətəndaşların beynində açıq suallar qalmasın. Suallarını istədikləri orqana, məmura ünvanlasınlar və almaq istədikləri cavabı ala bilsinlər. Tək rəsmi məlumatla yox. Brifinqlərlə, mətbuat konfransları ilə, xalqın qarşısına çıxıb hesabatlar verməyi bacaran rəsmi şəxslərin cavabları ilə.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186