Abel Məhərrəmov və kosmetik dəyişiklik
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olundu. Artıq köhnəlmiş xəbərdir. Amma BDU məzunu kimi istədim xatirələrimi yazım.
Abel Məhərrəmov rektor təyin olunanda birinci kursda oxuyurdum. Yeni rektorun gəlişi və fəaliyyəti tələbə və müəllim heyəti tərəfindən böyük maraqla izlənilirdi. Yeni rektor öz işinə universiteti təmir etməklə başladı. Universitetin fasadı, daxili, otaqları, həyəti, auditoriyaları, qapı-pəncərələri təmir olundu, sınıq-salxaq stullar, partalar yeniləri ilə əvəz olundu. Sonradan digər universitet rəhbərləri də həmin universitetləri eynən Bakı Dövlət Universiteti kimi təmir etdirəcəkdilər. Yəni fasaddan başlayaraq. Əsas fasaddır. Fasad başqalarının gözündə fəsad yaratmasın deyə.
Xatirimdədir, həmin vaxt universitetin həyətində ikinci korpusun birinci korpusla birləşən küncündə bir süni şəlalə də düzəltdilər. Şadlıq evlərindəki kimi. O şəlalənin qarşısında çox fotolarımız var. Yəqin elə mənim kimi bir çox tələbələrin də.
İkinci korpusun qarşısında 20 yanvar şəhidlərinin xatirəsinə bir abidə də ucaldıldı. Amma hələ də o abstrakt abidənin hansı məna verdiyini çözə bilməmişəm. Barmağa oxşar uzun bir şey. Səhv etmirəmsə, həmin abidə hələ də həmin həyətdədir.
Bir sözlə, universitet kosmetik cəhətdən xeyli dəyişilmişdi.
Abel Məhərrəmov rektorluğunun ilk dövrlərində tələbələrlə olduqca səmimi idi. Tələbələri qapısından geri qaytarmazdı. Hamını dinləyərdi. Maraqlanardı. Problemlərinin həllinə çalışardı. Mən özüm də təhsil haqqı problemimə görə iki dəfə qəbulunda olmuşam. Və mənə müddət məsələsində xeyli güzəşt edib.
Abel Məhərrəmovu tələbələrin gözündə qaldıran, nüfuza mindirən ən əsas addımı isə universitetin bufetini tələbələr üçün əlçatımlı etməsi oldu. Bufetdə yeməklərin keyfiyyəti yaxşılaşdı və qiymətlər xeyli əlçatan oldu. İndiki kimi yadımdadır. 1 mrtəbədə universitetin bufetində doyunca yeyib içirdik. Ev yeməklərindən fərqlənmirdi. O boyda bufetdə isə iynə atsaydın, yerə düşməzdi. Hətta müəllimlər də həmin bufetdə tələbələrlə bir yerdə nahar edirdilər.
Xatirələrdən danışmışkən. Onu da deyim ki, Abel Məhərrəmov universitetə rektor təyin olunandan sonra incəsənət adamlarının da təhsil mərkəzinə ayaqları açıldı. Elə bir bayram olmurdu ki, tanınmış müğənnilər universitet həyətində konsert verməsinlər. Nüşabə Ələsgərli və Mətanət İsgəndərli universitetin daimi üzvünə çevrilmişdilər. Məzun günləri isə daha böyük təmtəraqla və qala konsert formatında keçirilirdi. Yadınıza salım, Mirzə Babayev universitetin məzun gününə həsr olunmuş konsertin səhnəsində ölmüşdü.
Dəyişikliklər bundan ibarət idi. Gəncə nə lazımdır? Əyləncə, çal-çağır, yeyib içmək, qlamur həyat. Amma tələbəyə əsas lazım olan elm və təhsil məsələsində yenilik olmadı. Görə bilmədik. Çatışmayan ədəbiyyat, çatışmayan mütəxəssislər məsələsi həll olunmadı. Yəni dəyişiklik, sözün əsl mənasında, elə kosmetik oldu.
Bir qədər sonra, elə rektorluğunun ilk illərində Abel Məhərrəmov haqda bir qədər əvvəl sadaladığım yaxşı xüsusiyyətlər də itdi, batdı. Məsələn, 2001-2002-ci illərdə rektor tələbələr üçün nəinki əlçatmaz, hətta gözəgörünməz olmuşdu. Rektor universitetə gələndə dəhlizlər tələbə və müəllim heyətindən təmizlənərdi. Onun keçdiyi yola və pillələrə qırmızı xalı salınardı. Rektorun kabinetinin qarşısındakı dəhliz bağlı saxlanardı. Heç bir tələbə o dəhlizdən istifadə edə bilməzdi. Heç bir tələbəni şəxsən qəbul etməzdi. Onun sözünün qarşısına heç kim söz deyə bilməzdi. Bu hələ yaxşı günlər imiş. Mən də elə həmin yaxşı günlərdə universiteti bitirdim.
Daha sonra isə eşitdiklərim, gördüklərim məni daha da heyrətləndirdi. Fərqli fikirli tələbələrin bir çoxu universitetdən xaric olundu. Haqqını tələb edən tələbələr küncə sıxışdırıldı. Fərqli fikirli müəllimlər də işdən çıxarıldı. Auditoriyalarda “dövlətçilik” təbliğ olundu. Və sair, və ilaxır.
Universitetin müəllim-tələbə heyəti tapşırıqla Hafiz Hacıyev kimi namizədlərin təbliğat mitinqlərinə qatıldılar. Qatılmayan rəhbərlik səviyyəsində cəzalandırılacaqdı.
Bax belə.
İndi bir neçə gündür media, sosial şəbəkələrdə rektorun vəzifəsindən azad olunmasından yazırlar. Əksəriyyət sevinir, onu tənqid edir. Və bir nəfər də yazıb ki, dünyanın heç bir yerində hansısa rektorun işdən uzaqlaşdırılması bu qədər ajiotaj yaratmayıb. Haqlıdır. Çünki dünyanın bir çox yerində universitet rektorları təyin olunmur. Müəllim-tələbə heyəti tərəfindən seçilir. Rektor da bilir ki, işini düzgün qurmasa, etimadı doğrultmasa, seçiciləri tərəfindən bayıra atılacaq. Bizdə isə rektor təyin olunur. Və işindən atılır. Çox hallarda isə vəzifəyə gedir. Abel Məhərrəmovun öncülləri kimi. Bu məsələdə Abel müəllimin bəxti gətirmədi.
Daha bir nəfər də haqlı yazmışdı. Guya ki, Abel müəllim işindən çıxarıldı və bir başqası rektor təyin olundu. Nə dəyişəcək? Məncə bunu yazan da haqlıdır.
Məncə beyinlərdə, fikirlərdə, idarəetmədə, sistemdə, siyasi iradədə dəyişiklik olmazsa, kim olmasından asılı olmayaraq vəzifədən çıxarıb, yerinə başqasını təyin etməklə dəyişiklik ancaq kosmetik olacaq.