Muəllif:

1000 manatlıq qatillər

Reyhan Məmmədovanın rəngbərəng dünyasını bir məsuliyyətiz sürücü darmadağın etdi. Keçən ilin yayında 22 yaşlı qız avtomobil zərbəsindən yerindəcə keçinmişdi. Təsəvvür eləyin, sürücü Zığ şossesində onu elə piyada keçidinin üzərində vurmuşdu. Reyhanın anası yana-yana eyni sözləri təkrar edirdi: “Axı mənim qızım yolu düz keçmək istəmişdi…”

Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olmuş Reyhan Məmmədovadan danışıram. Onun həyatına son qoyan isə 55 yaşlı Əlifağa Məmmədov idi. Məhkəmədə danışanda çox peşman olduğunu dedi. Hiss olunurdu ki, səmimidir, gerçəkdən vicdan əzabı çəkir: “Bu hadisənin baş verəcəyini əvvəldən bilsəydim, inanın ki, öz canımı ortaya qoyardım. Mən 55 il yaşamışam, o isə cavan adam idi. Övlad itkisinin nə olduğunu bilirəm. Onları necə əzab-əziyyətlə böyüdürük… O qız dövlətimizi təmsil edib, bayrağımızı ucaldıb. O qədər peşmanam ki… Bütün yaxınlarından üzr istəyirəm. Məni bağışlayın…”

Ancaq bu peşmançılıq nə Reyhanı geri qaytara, nə də onun özünü 7 il yarımlıq həbsxana həyatından qurtara bildi…

Reyhanın doğmalarının onu bağışlayıb-bağışlamadığını bilmirəm. Bəlkə də “qəzadır, hamının başına gələ bilər” deyib bağışlamaq olardı. Əgər hadisə başqa şəraitdə olsaydı. Məsələn, sürət həddinin 110-120 olduğu şossedə Reyhan yolu keçmək istəyəndə vurulsaydı. O isə adı üstündə — piyada keçidində vurulmuşdu…

Hollandiyada yaşayan bir dostumuz danışırdı, il ərzində 11 piyadanın ölümü ölkədə səs-küy yaratmışdı. Məsələ parlament səviyyəsində müzakirəyə çıxarılmışdı. Bizdə isə il ərzində təkcə məmur övladlarının maşınla vurub öldürdüyü adamların sayı bəlkə də bundan çox olur.

Bu ilin statistikası hələlik məlum deyil, 2017-ci ildə isə Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində 750 nəfər həlak olub, 2486 min nəfər xəsarət alıb. Ölkənin ərazisi və əhalisinin sayını nəzərə alsaq, dəhşətli rəqəmdir.

Ara-sıra avtobus qəzaları olur, 5-10 nəfər ölür, mövzu da gündəmə gəlir. Dövlət strukturları günahı bir-birinin üstünə atır, iki-üç günə söhbət bağlanır.  Bu yaxında avtobusla qatarın toqquşmasında olduğu kimi. Bir müddət keçir, yenə başqa bir yol terroru…

Hər birimizin ətrafında yol hərəkəti qaydalarından xəbəri olmayan, sürücülük vəsiqəsinə pul hesabına sahiblənən xeyli adam var. Niyə oxumağa bu qədər nifrət edirik? 1000 manatı qazanmaq o 70 səhifəni oxumaqdan daha asandırmı? Kimin üçünsə asandır, on dəqiqəyə qazanan da var. Dərd burasındadır ki, bəzən bu məbləği iki aya qazanan da eyni cür davranır.

Şəxsən mənim üçün 100 min manat verib avtomobil nömrəsi alanı başa düşmək daha asandır. Kabinetlərdə havayı pul gəlir, sadəcə, xərcləməyə yer lazımdır. Günün altında, yağışda, qarda əzab-əziyyətlə qazanılan pul niyə başqasına verilsin ki?! Bax, bunu başa düşmürəm…

Məsələ təkcə 1000 manatı qazanıb-qazanmamaqda deyil. Sürücülük vəsiqəsini pulla alırsansa, deməli, həm də yol hərəkəti qaydalarını bilmirsən və ya çox pis bilirsən. Bəs insan həyatı? Yol hərəkəti qaydalarını bilmədən sükan arxasında əyləşmək nə dərəcədə vicdanlı davranışdır? Piyada həmişə yad adam olmur…

Belə sürücülər qədər məsuliyyətsiz piyadalar da var. Özünə əziyyət verib, yeraltı keçidə düşmür, 20 metr məsafədəki zolaqdan keçmir, öz həyatını da riskə atır, başqalarının da…

Deməli, problem təkcə sürücülük və ya piyadalıq deyil, ümumidir. Bu həm də mədəniyyət problemidir. Adını unutduğum yazarlardan biri deyirdi ki, bu gün ölkənin ən böyük problemi mədəniyyətsizlikdir. Sürücü və ya piyada mədəniyyətsizliyi isə onun bir növüdür. Ölkəyə nəzər yetirəndə görürsən ki, adam haqlıdır. İctimai nəqliyyatda mədəniyyətsizlik, ədəbi-incəsənət mühitində mədəniyyətsizlik, idarəçilikdə mədəniyyətsizlik…

Düzdür, mədəni adam yerə zibil atmaz, söyüş söyməz, üstünü çirk saxlamaz, nə bilim, burnunu qurdalamaz… Ancaq mədəni adam həm də yaltaq olmaz, rüşvət almaz, zəifi əzməz… Siyahını uzatmaq olar. Bunlar təkcə vicdan məsələsi deyil, həm də mədəniyyətdir. O qədər bıçağı sağ, çəngəli sol əlində saxlamaq qaydasını bilib, insanlıqdan bixəbər var ki…

Qayıdıb, sürücü-piyada münasibətlərilə bağlı daha bir müşahidəni yazım. Bəzən adamlar piyada zolağına çatanda maşını saxlayan, onun keçməsinə şərait yaradan sürücülərə təşəkkür edir. Halbuki, adi yol hərəkət qaydasıdır, prinsipcə, sürücüyə təşəkkürə ehtiyac yoxdur. Piyada sanki bununla “çox sağ ol ki, piyada zolağının üstündə vurmadın” demək istəyir.

Elə ölkədə də vəziyyət təxminən belədir. İnsanlar öz qanuni haqlarını əldə edəndə məmurlara nə qədər minnətdarlıq edirlər. Çünki məsuliyyətini, vəzifəsini dərk edən mədəni məmurlara öyrəşməmişik…

Menandr necə deyirdi? Bizə elə gəlir ki, həmişə yalnız başqaları öləcək. Elə deyil, həmişə başqaları ölməyəcək.

Məsələn, 1000 manatlıq qatillər bir gün bizim də yolumuzdan keçə bilər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 333