Yaza bilmədiyim yazı
“Bu yazını yazım, yoxsa yazmayım?” – deyə xeyli vaxtdır götür-qoy edirəm. Hər ikisinin tutarlı səbəbləri var. Əvvəlcə “yazmayım” fikrinin səbəbləri barədə.
Biz yazıları toplum üçün yazırıq. Amma bu mövzuda fikrim cəmiyyətin çoxluğunun mövqeyi ilə üst-üstə düşmədiyi üçün bir qədər çəkinirəm. Çünki cəmiyyətimiz yazmaq istədiyim və ya yazmağa çəkindiyim bu mövzuya nəinki birmənalı yanaşmır, hətta onları qəbul etmir.
Elə bu yaxınlarda onların hüquqları barədə bir videoblog hazırlamışdım. Videonun şərh bölməsində və inboksumda məni söyənlər, asıb-kəsənlər, ağzına gələni yazanlar az deyildi. Çəkinməyimin başlıca səbəblərindən biri də budur.
Amma mövzu həm də insan haqları olduğu üçün nəhayət daxili senzuramı sındırıb yazmaq qərarına gəldim.
Yəqin ki, bir həftə bundan əvvəl Gəncədə intihar edən 17 yaşlı gəncin ölümünün səbəbini xatırlayırsız. Ən azından içini oxumasaz da, xəbərin başlığını unutmamısız.
“Azərbaycanda 17 yaşlı homoseksual intihar etdi”.
17 yaşlı gənc. 17 yaşlı yeniyetmə. Bir atanın, ananın övladı. Və onu intihara sürükləyən səbəblər.
Cəmiyyətin, yaxınlarının qınağı.
Təxminən 4 il əvvəl analoji hadisə bir dəfə də yaşanmışdı. Azad LGBT təşkilatının sədri İsa Şahmarlı özünü asaraq intihar etmişdi.
Səbəblər eyni.
Amma niyə? Niyə o gənclərin yaşamasına imkan vermir bizim cəmiyyət? O gənclər digər insanların həyatına mane olurmu? Olmursa, niyə cəmiyyət həmin insanların yaşamasına mane olur? Onlar da insandırlar axı. Onların da digər insanlar kimi yaşamaq və digər hüquqları var.
Söhbət yol kənarında dayanaraq özünü satanlardan getmir. Yol kənarında dayanaraq, özünü satan hər kimsə, cinsiyyətindən asılı olmayaraq qınanılmalıdır. Bu bütün dünyada alçaq iş kimi qəbul olunur. Amma söhbət işi-gücü, normal həyat tərzi olan və sadəcə cinsi istək və tələbatları fərqli olan insanlardan gedir. Onlar da insandır. Onların da hüquqları var. Niyə insanlar başqalarının yataq otağını eşələməkdə bu qədər maraqlıdırlar? Axı bu qəbulolunmazdır. Etik deyil. Niyə eşələyib onların həyatını məhv edirsiz? Kiminsə yataq otağından, şəxsi həyatından sizə nə?
Qəribəsi də odur ki, bir gəncin intiharı barədə xəbərin sosial şəbəkələrdə paylaşımından sonra orada yazılan şərhlər də eyni qəbildəndir.
Oktyabrda LGBT icmasının 100-ə yaxın üzvünün kütləvi həbsi barədə xəbərlər yayıldıqda Daxili İşlər Nazirliyinin sözçüsü mediaya bildirmişdi ki, LGBT fərdləri “millətimizə, dövlətimizə və mentalitetimizə uyğun deyil”.
Bu da dövlətin rəsmi orqanının mövqeyi. Mentalitet. Görəsən mentalitet hansı qanunla tənzimlənir? Bəs bu rəsmi mövqe hansı əxlaq kodeksinə sığır? Başqasının yataq otağını eşələmək, şəxsi həyatına burun soxmaq mentalitetə uyğundurmu?
Bir dəfə LGBT fərdlərinin hüquqları ilə bağlı müzakirələrdə homofob insanlardan birinə sual verdim ki, övladınız homoseksual olsaydı, ona nə edərdiniz? Cavabı məni dəhşətə gətirdi. Soyuqqanlılıqla “başını kəsərdim” cavabını verdi.
İndi bildiz o gəncləri öldürən kimlərdir?
Yazını oxuduzsa, təşəkkür edirəm. İndi başlaya bilərsiz söyməyə.