Muəllif:

Xeyir, yoxsa şər?

Səhər məktəbə gedirdim. Qarşı tərəfdə, sürücünün  yanında orta yaşlı bir kişi oturmuşdu. Maşın yola düşəndən bir qədər sonra sürücü ilə söhbətə başladı. Daha doğrusu o danışır, sürücü  də qulaq asır, hərdən də onun sözlərini təsdiq edirdi, yola diqqət etdiyindən çox az hallarda həmsöhbətinin sözlərinə cavab verirdi, amma adamın danışdıqlarının onun da ürəyindən olduğunu görürdüm. Söhbəti  istər-istəməz mən də eşidirdim. Söylədiklərindən başa düşdüm ki, xaricdə yaşayır, bura da müvəqqəti gəlib, amma burdakı şərait onu əvvəllər olduğu kimi yenə də dilxor edir. Əsas yolla gedirdik , elə bu vaxt qarşıda gedən maşın qəfil saxladı və yoldan bir qədər kənarda dayanan birinə nəsə deməyə başladı, sürücümüz  usta tərpənməsəydi maşınlar toqquşacaqdı. Qonağın dərdi təzələndi, mədəniyyətdən uzaq olmağımızdan tutmuş, müəllimlərin gözdən düşməsindən, onların  hədiyyə, pul düşgünü olmağından, acından ölənlərin, ağzında dişi olmayanların, televiziyalarda yaltaqlanması, yaxşı yaşadıqlarını iddia etməsinəcən hər mövzudan danışırdı. Bir saatlıq yolu sadəcə çatışmazlıqlardan, günahlarımızdan, yaltaqlananlardan danışdı. Düşməmişdən öncə də şoferə , onu dinlədiyinə görə təşəkkür etdi. Hər adamla həmsöhbət olmadığını və ürəyini boşaltdığını etiraf etdi…

Çox mədəni insan təsiri bağışladı. Amma düzü bilmədim ki, o da bildi ki, bir saatdır onu dinləyən bu mehriban, qarayanız oğlan, yəni sürücü, elə Azərbaycanın ən yaxşı, ən xeyirxah, ən təvazökar, ən mədəni  insanlarından biridir? Adətən rayonlararası marşrutlar səfərini  avtovağzalda bitirir,vağzaldan kənara çıxanda isə taksi qiymətinə aparırlar, amma həmin bu sürücü  və  bir neçəsi də daxil olmaqla (Allah canlarını sağ, yollarını açıq, təhlükəsiz  etsin), sərnişinləri həmişə  mənzil başına qədər aparırlar, nabələdi ünvanına çatdırırlar, özü də az qala gəldikləri yolun yarısı qədər də şəhərdə hərlənirlər və  heç vaxt, heç kimdən əlavə haqq tələb etmirlər.

Qayıdaq qonağın söhbətinə. O adam danışdıqca mən də fikirləşirdim… Görəsən, bu adam hansısa pis adama təsir etməklə onun  yaxşı bir insana çevirilməsinə kömək edə bilərmi? Ümumiyyətlə, bu insan xeyirxahlıq edirmi?

Elə bunu düşünürdüm ki, adam dedi:

-“Bir vaxtlar texnikumda dərs deyirdim, amma indi milyon da versələr müəllim işləmərəm, heç kimə də məsləhət  görmərəm. Çünki indiki uşaqlar çox pis tərbiyə olunurlar, müəllimi eşitmirlər, valideyn də uşağının tərəfində durub müəllimi günahlandırır. Sovetin vaxtında belə deyildi, müəllim ən hörmətli adam idi”.

Doğrusu, yavaş-yavaş beynimdə fikirlər çözülməyə başlayırdı. Bəli, heç kimə təsir etməyəcəyini anlayanda, başını götürüb ölkədən gedirsən, amma problem həll olunmamış qalır və sən hər dəfə doğulduğun torpağa bu və ya başqa səbəbdən gəlməli olanda həmin problemlər yenidən sənin qarşına çıxır. Bəlkə bu da bir işarədir?

Fikrimi məşğul edən bu söhbətdən çıxan nəticə nə olacaq? Bax, bunu anlamağa çalışırdım.

Deyəsən tapmışdım, adamın daha bir fikri:“Bir dəfə yaxın adamlarla beləcə söhbət edirdim, biri dedi ki, yəqin vəziyyətin o qədər də yaxşı deyil, ona görə belə danışırsan? Dedim ki, Allaha şükür çox yaxşı dolanışığım var, heç kimə ehtiyacım yoxdur. Amma camaat pis gündədir. Biriləri oğurlayır, talayır, vicdansızlıq edir, o biri də pis yola düşür, acından ölür. Yuxarıdakılar vecinə də almır. Sovetin vaxtında (yenə sovet…) hamını işlə təmin edirdilər, ev verirdilər, amma indi kimin nə vecinədir ki, camaat işləmir, belə getsə bundan da pis -“ujas” olacaq”.

Bəli, doğrudur, pislər hər fürsətdən istifadə edirlər, pislik, vicdansızlıq edirlər, başqalarını da pis yollara çəkirlər və pislər, pisliklər durmadan artır. Pislər bir-birini tapmaqda, pis işlərinə ortaq etməkdə çox “qoçaqdırlar”, odur ki, tarazlıq pislərə tərəf ağır gəlir. Amma bunu yaxşılar haqqında demək olmur. Yaxşılar da bir-birinə dəyər verməyə, həmrəy olmağa ən azı pislər qədər can atmalıdırlar.Düşünürəm, axı niyə yaxşılar da pislər qədər fəal deyillər? Adi bir sürücünün etdiyi xeyirxahlığı, təmənnasız yaxşılığı imkanı olan belə cənablar etmirlər? Pislərdən gileylənmək, onları vicdansızlıqda günahlandırmaq nəyisə dəyişə bilər? İnanmıram! Amma çarəsi var, yaxşılar da yaxşılıqlar, daha çox xeyirxahlıqlar etsinlər, daha çox təmənnasız işlər görsünlər, məsum insanları pislərin təsirindən qurtarsınlar, onlara kömək etsinlər. Elə insanlar var ki, imkanlıdır, heç kiminlə işi yoxdur, pislik də etmir, amma yaxşılıq da etmir, ehtiyacı olana kömək etmir…

Pislər hər yerdədi, müəllim də, sürücü də, direktor da, valideyn də, həkim də, məmur da olur və hər fürsətdə pislik edir, özünə yeni “imkanlar” yaradır, insanlardan istifadə edirlər, aldadırlar və onları durdurmaq çətindir, odur ki, yaxşılar da durmadan yaxşılıq etməlidirlər, kimin imkanı nəyə çatırsa: az olan az, çox olan da çox, yetər ki, tarazlıq yaxşıya doğru dəyişsin.

Sonra qızlarımızın geyimindən də danışdı və dedi:“Xaricdə qadınlar bizdəki kimi geyinmirlər, bizimkilər həddini aşıblar, çox açıq-saçıq geyinirlər”.

Doğrusu bu barədə nə qədər haqlı olduğunu deyə bilmərəm, yəni xaricdəki geyim barədə, amma bu da doğrudur ki, bir çox qızlar seriallara, filmlərə baxaraq aktyorların, müğənnilərin geyimlərini örnək alırlar və yanlış olaraq onları  gündəlik tərz olaraq istifadə edirlər.

Bir məqam da ondan ibarətdir ki, adam əməlli-başlı “sovet həsrəti” yaşayırdı.  Düşündüm  ki, uşaqlığı da, gəncliyi də sovet  dövründə  keçən bu adam , bəs niyə sovet höküməti dövründə istədiyi həyatı qura bilməyib ? Niyə onun verdiyi “gözəl evdə” yaşayıb, ”yaxşı işlərində” işləməyib xaricdə yaşayır?

Getdiyimiz yolun sağı-solu bir vaxtlar pambıq tarlaları olub, amma indi şoranlıqdan ot da bitmir, bəs o pambığı becərən insanların villaları hanı, niyə görünmir?

Kür daşqını zamanı məlum oldu ki, XXI əsrin insanları, vaxtilə pambıq və neft sərvətləri aşıb-daşan bir ölkənin zəhmətkeşləri, çiy kərpicdən tikilmiş evlərdə yaşayırmış, onu da Kür çayı  yuyub apardı. Təbiət belə, bu haqsızlığa dözməmişdi…

Bəli, onu da unutmayaq ki, dünyada xeyirlə şərin mübarizəsi davam edir. Nə xeyiri, nə də şəri yox etmək mümkündür, amma daha çox qazanan qalib olur, odur ki,  biz də xeyiri qalib edək.

Təsəvvür edin ki, hər yerdən görünən böyük ekranlar quraşdırılıb və orda ətraf ərazidəki insanların etdikləri yaxşılıqlar və pisliklər elektron sayları olaraq tez-tez qeyd olunur. Sizcə yaxşılıqların sayı çox olar, yoxsa pisliklərin?

Bəli, əməllərin qeydiyyatı davam edir, xeyir, yoxsa şər, yaxşılıq, yoxsa pislik?

Yaxşılıq edək, sonra gec olar!!!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 297