Muəllif:

“Vəhşi dəniz”in sahillərində

Çexov, mən və İbrahim Nəbioğlunun gilyakiləri: Saxalin adasından gecikmiş xatirə-reportaj

1984-cü ilin iyun ayında Moskvadan 8 saatlıq uçuşla gəlib Xabarovsk şəhərinə çatdıq. Uçağımız endi. Biz hava limanının qarşısındakı çəmənlikdə toplaşdıq. Kəndçimiz Dadaş kişinin oğlu Əmrahı da orda gördüm. Mən əsgər gedirdim, o, qayıdırdı. Blaqoveşenskdən gəlmişdi. Burdan – Xabarovskdan Moskvaya, ordan da Bakıya uçacaqdı. 8 saat fasiləsiz uçuşdan sonra elə hala düşmüşdüm ki, Əmrahı birdən-birə tanıya bilmədim. Özümü də tanıya bilmirdim. Mən hardan hara gəlmişəm. Hələ bundan sonra iki saat Vladivostoka uçacaqdıq. Orda 4 ay Hərbi Təlim Mərkəzində (Serjant Məktəbində) təlim keçib rütbə alacaq, sonra da Uzaq Şərq Hərbi Dairəsinin məsuliyyət ərazisindəki hərbi hissələrdən birinə gedəcəkdik. Və  məlum olacaqdı ki, “serjant Məktəbi”ndə  Qazaxıstanlı almanlardan —  Ştadlerdən, Bekkerdən,  Qırğızıstanda böyümüş koreyalı Sergey Kimdən və başqırd balası Maqasumovdan öyrəndiklərimizin heç birisi bizə lazım deyil.

Mən də aralarında olmaqla bir dəstə ayırıb aerodroma, ordan AN-24 tipli uçaqla Yujnosaxalinskə yolladılar. Sonra o dəstəni də bölüşdürdülər. Mən bir neçə qazaxla və Orenburqlu alman balası Sartisonla Saxalinin lap şimalına – Oxa şəhərinə gəldik. Burda hər şey mənim üçün yeni  idi və  çox şey təəccübləndirmişdi —  it əti yeyən buryatlar,  Oxa bazarında meyvə satan ağdamlı Valehlə qarşılaşmağım,  baş leytenant Mozjuxinin arvadına hərbi yeməkxanada ad günü keçirməyi, içib dəmləşib “dembel”lərlə dalaşmağı və buna görə alay komandirindən  7 sutkalıq həbs alması, Tundrada  dolaşan ağ ayılardan birinin divizionumuzun idman meydançasına qədər gəlib çıxmağı…

Burda dayaz və dumduru Laquri çayında sayı-hesabı bilinməyən balıqları tutmaq üçün tor da lazım gəlmirdi; sadəcə, əlini suya salıb götürürdün. Heyrətamiz dərəcədə balıq bolluğu vardı. Və yadıma gəlir, o balıqların qarnını yarıb qırmızı kürünü böyük dəmir çəlləklərə necə doldururdular.  Yalnız ikicə ay – o da bol yağışlı yay vardı. İki, ya üç həftə yandırıcı istilər. Sonra sonu görünməyən qış. İyulun əvvəlinə qədər kazarmanın (əsgər yataqxanasının) damını, qarşısındakı meydançanı, yolları qardan təmizləmək lazım gəlirdi. Bəzən qar o qədər yağırdı ki, səhər oyananda birmərtəbəli kazarmanın pəncərəsindən bayır görünmürdü. Qar  uzun müddət qalırdı, axırda saralırdı. Gözümün gördüyünə inana bilmirdim az qala – qar xarab olurdu. Qara qurd düşürdü. Bəzi günlərdə — çovğun çox dəhşətli sürət yığanda kazarma vəziyyəti elan edilirdi və hərbi hissə ərazisində ən azı 3 nəfərlik qrup halında hərəkət etmək əmri qüvvəyə minirdi. Çovğun, dağıdıcı sürətlə əsən külək və 56 dərəcə şaxta  təsəvvür edin. Burda nə yaz vardı , nə də payız. Oxa bölgəsində — Saxalinin ən şimal nöqtəsindəydik və demək olar ki, hər iki-üç həftədən bir zəlzələ ilə silkələnirdik. Hələ burası şükürlüydü; iki ay yarım Kurildə — Kunaşir adasında oldum.  Orda bütün ada, indiki texnoloji dillə desək, davamlı vibrasiya rejimindəydi. Zəlzələ torpaqda nəhəng yarıqlar əmələ gətirirdi. Burda Oxada da — Laquri qəsəbəsində yaşayan yeretik rusların, Stepan Bendera yanlısı kimi İvano-Frankovskdan, Çernovtsıdan, Lutskdan, Lvovdan… buralara sürgün edilmiş ukraynalıların, aborigen yaponların sərxoş xələfləri o yarıqlara düşüb əzilirdilər. Hətta deyilənə görə, ölənlər də vardı. Ona görə buranın sakinləri böyük metal xizəklərin üzərində taxtadan evlər tikib orda yaşayır, istədikləri zaman bu ev-xizəkləri K-700, yaxud DT-75 tipli traktorların arxasına qoşub başqa  yerə sürüşdürürdülər. Əslində bir anlamda Laquri camaatına paxıllığım da tutmuşdu; evlərini lap çox uzağa olmasa da, bu bölgədə hara istəsələr, apara bilirdilər.  Qalan məsələdə paxıllq edəsi bir şey yoxdu. Məsələn, burda araq içib dalaşmaq, iti xizəyə qoşub gəzintiyə çıxmaq, göbələk yığmağa gedərkən vaşaqlara nahar olmaq, göbələkdən zəhərlənmək, arvadı armaturla döymək,  azyaşlı qız uşaqlarını motosikllə gəzdirmək, içib hasarın altında yıxılıb qalmaq və orada donmaq… adi haldı.  Mən ilk dəfə Oxada, sonra da Kamçatka vilayətinin mərkəzi şəhəri olan Petropavlovsk-Kamçatskda  payızın əvvəlindən küçələrə yoğun kəndirlər çəkildiyini görmüşdüm. Bu nə imiş sən demə. Yerli bir yaponun bizə “vəhşi dəniz” deyə tanıtdığı  Oxot dənizindən və onun birləşdiyi Sakit Okeandan gələn qasırğalar elə güclü olurdu ki, insanlar bəzən dükana-bazara getməkdə çətinlik çəkirdilər – bu kəndirlərdən yapışıb hərəkət edirdilər ki, külək onları qaldırıb daşa-divara vurmasın.

Anton Pavloviç Çexov belə bir yerə — Saxalin adasına səfər etmiş və burada bir müddət yaşamışdı. Çexovdan fərqli olaraq mən bura könüllü gəlməmişdim;  Şər İmperiyasının şərq qurtaracağında hava məkanını Amerika SR-71 təyyarələrinin kəşfiyyat uçuşlarından, yapon kreyserlərinin yaxın və orta mənzilli  raketlərindən “qorumaq” üçün gəlmişdim. Mənim hərbi vəzifələrimdən biri də B-52 tipli amerikan bombardmançılarının hərəkət trayektoriyasını izləmək, planşet məlumatlarını radioteleqrafla qərargah mərkəzinə ötürmək idi. Allah göstərməsin, birdən o B-52 öz bomba yükünü tutaq ki, Moskalvo kəndi  üzərində itirsə və bu, mənim diqqətimdən qaçsa, qanım getdi. Bir sözlə, 19 yaşlı qarabağlı balası Hava Hücumundan Müdafiə Qoşunlarının çavuşu olaraq iki superdövlət arasında geostrateji rəqabətin tam ortasında – Soyuq Müharibənin ən sərt hərbi-siyasi buzlağında qalmışdı. Çox ciddi bir yumordur, deyilmi?!

Mən burda evini hara istədi ora daşıyıb aparan Permli tatar Xakimova rast gəldim. Çexovun diqqətini isə gilyakilər cəlb edib. İbrahim Nəbioğlu da ayna.az-da onu yazmışdı ki, bu adamlar – gilyakilər dövlətin onlar üçün saldığı asfalt yolla getmirlər. Özlərinin açdığı çığırlarla, yollarla gedirlər. Çünki başqalarının çəkdiyi yol bəlli bir yerə çıxır. Ancaq sənin öz açdığın yolun səni hara aparacağını və nə ilə qarşılaşacağını da bilmirsən. Bu yol sənin öz başlanğıcındır, bu yol sənin sonuna qədər gedəcək. Sən dövlətin çəkdiyi asfaltla bəlli trayektoriya ilə hərəkət edirsənsə, gilyaki yolunu istənilən vaxt dəyişə, itirə, yenisini aça bilər. Çexovun Saxalindən öyrəndiyi və bizə də çatdırdığı yarımyabanı gilyaki məntiqi bizimkindən tamam fərqlidir.  Burada bizlərdəki o “ortada yeyim, qıraqda gəzim”,  “yedir doyum-ört yatım” fəlsəfəsi keçmir. Buralarda insan özü ilə və təbiətin sərt üzü ilə burun-buruna yaşamaq zorundadır.  Biz bu gün qlobal və məhəlli böhranların sərt burulğanına düşüb fırlanırıq. Bu durumdan  “suda boğulanın xilası öz əlindədir” məntiqi ilə çıxmaq olar. Çağdaş innovasiyalar, texnoloji gəlişmə, informasiya erası, komfort-filan. Bunların arasına bir az da modern gilyaki məntiqi qoysaq necə olar görəsən?! Yox, “babam mənə kor deyib…” anlamında deyil, özümüz üçün, dünya üçün yeni yanaşmalar tapmaq, taleyimizin dalınca deyil, önündə getmək anlamında…

Bir az qəliz oldu deyəsən. Ancaq nə edəsən?! Mürəkkəb məsələlərin sadə həlli olmur axı! Hər bir halda sağ olun Anton Pavloviç, var olun gilyakilər, yaşa İbrahim Nəbioğlu!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 206