Muəllif:

Səs

 

«Dünya, bizi niyə eşitmirsən? Bizi incidirlər, əzirlər, öldürürlər». Elə istəyirdim ki, giley-güzarımı  dünyanın üstünə tökməkdə davam edim, dünyadan səs gəldi:”Sən məni eşidirsənmi? Dünya qanunlarla idarə olunur, sən qanunun nə olduğunu bilirsənmi?”.

Düzü, çaşıb qaldım, söhbət hansı qanunlardan gedir?! Astadan dedim:”Mən dünyanın insanlarına səslənirdim, sən hansı dünyanın səsisən?”. Cavab gəldi:”Elə mən də dünyanın insanlarının səsiyəm, özü də qanunlarla yaşayan insanların. Hüququn, ədalətin keşikçisi olan insanların səsiyəm. Əgər bizim səsimizi duymaq, sizə kömək etməyimizi  istəyirsənsə, o zaman sən də qanunları, insan hüquqlarını   daha önəmli hesab edib, onların qorunmasına çalışacaqsan. İşlərini qanunlarla görəcəksən”.

Mən cavab verdim:

— Axı bu cür yaşamaq çox çətindir, hamı qanunlara hörmət və itaət etmir, onları yeganə müdafiəçisi saymır. Mən təkbaşına nə edə bilərəm?

— Buna görə onları inandırmağa çalışmalısan.

— Axı necə?

— Təbii ki, öz dürüstlüyün, çalışqanlığın, fədakarlığınla.

— Əgər mən beləyəmsə, amma insanlar yenə də mənə inanmırlarsa, onda necə?

— Hər halda inandırmağın yollarını axtaracaqsan, ağıllı, bacarıqlı insanlardan kömək istəyəcəksən. Çünki bacarıqlı insanların həmrəyliyi, birliyi çox vacibdir.

Düşündüm, çox ümidsiz vəziyyətdir, amma hər halda, yəqin ki, mümkündür.

Yenə həmin səsi eşitdim:

— Dünyanın bir çox yerlərində qanunlarla idarə olunan dövlətlər var, səncə onlar çox asanlıqlamı bu həddə çatıblar?

— Yəqin ki, yox…

— Əlbəttə ki, yox. Bu dövlətlərin insanları nə zəhmətlər, nə fədakarlıqlar, nə qurbanlar hesabına bu həddə çatıblar.  Yararsız olanlardan imtina ediblər, onlardan qorxmayıblar. Övladlarına güvəniblər, bacarıqlarına inanıblar, onların savadlı, bilikli olmalarına kömək ediblər. İndi o insanların  neçə nəsil övladları bu rifahdan, bu rahatlıqdan faydalanırlar. Çünki onların ata-babaları bu günləri düşünərək fədakarlıqlar ediblər, ediblər ki, sonrakı nəsillər rahat yaşasınlar, əziyyət çəkməsinlər, qanunsuzluqların girdabında məhv olub getməsinlər. İndi onların nəvə-nəticələri də qanunlara hörmət edirlər, onları qoruyurlar ki,  övladları da bu ənənələri yaşatsınlar və gələcək nəsillərə ötürsünlər.

Elə istəyirdim ki, səsə cavab verim, yuxudan ayıldım. İndi oturub qara-qara düşünürəm, bizim insanlar niyə övladları üçün fədakarlıq etmək istəmirlər?

Suallar beynimi sanki döyəcləməyə başladı: Yaşadığın torpaqları qorumaq üçün çoxlu silahın olması vacibdir, yoxsa qanunlarla idarə olunan bir dövlətin? İllərdir çoxlu silahımız var, amma işə yaramır… Çünki “hüquq”, “qanun” deyib yolumuzu kəsənlər çoxdur. Xalq çarəsiz, hökümətin dili gödək…

Əslində hər bir çarəsiz durum, yeni çarələr üçün fürsət deməkdir. Ağılla, məntiqlə qərar verməyin zamanıdır, yəni fədakarlıq etməyin.

P.S. Sovet dönəmində Azərbaycan üçün çox xain və iyrənc planlar qurulurdu, ali məktəblər, idarələr rüşvətləşdirilirdi, özü də qəsdən, bilərəkdən. Bu isə həm ölkənin məhv edilməsi — təhsilin, səhiyyənin, sənayenin, kənd təsərrüfatının çürüdülməsi idi, həm də ermənilərin əlində bəhanə olacaqdı ki, “biz bu dövlətdə yaşamaq istəmirik, çünki Azərbaycanda hər şey rüşvətlə həll olunur”. Bu bəhanə də qanuniləşdirildi və ermənilərə “ öz müqəddəratını” həll etmək “haqqı” verildi. Sizcə də, eyni vəziyyətdə deyilikmi? Sabah da ruslar, ya qeyriləri eyni bəhanələrlə “hüquq” deyib bar-bar bağırsalar, hansı qanun bizə kömək edə biləcək? Onu bilirəm ki, biz hüquqlarımızı bilmədikcə və qorumadıqca, “hüquq”, “qanun” deyib, bizə dərs verənlər çox olacaq. Çünki qanunları bilməyənlərə, məhz qanunlarla “oyun” oynayarlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 245