Muəllif:

Qayğıdan məhrum Azərbaycan vətəndaşı

Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gözümə sataşdı. Söhbət yaralı yerimizdən getdiyi üçün marağıma səbəb oldu. Sərəncamı açıb oxuyanda isə məlum oldu ki, söhbət bizim pulumuzdan və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin vətəndaşlarından gedir.

Sərəncamda deyilir ki, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilsin.

Və təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılsın.

Bundan başqa, həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Ay nə gözəl. Adamın Azərbaycan vətəndaşlığından çıxıb İslam Əməkdaşlıq dövlətlərindən birinin vətəndaşı olmağı gəlir.

Yeri gəlmişkən, Azərbaycanın öz vətəndaşları üçün Xaricdə təhsil Dövlət proqramı 2 ildir ki, bitib. 2015-ci ildən xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları dövlət hesabına yaradılan şəraitdən yararlana bilmirlər. Proqram 2 ildir ki, yenilənmir. Büdcədən bunun üçün pul ayrılmır. Amma İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin vətəndaşları üçün büdcədən pul ayrılır.

Buna diskriminasiya və ya dövlətin öz vətəndaşına münasibəti kimi yanaşa bilərik.

İkinci məsələ isə həmin təşkilatın üzv dövlətlərinin vətəndaşları üçün nəzərdə tutulan imtiyazlardır. Təsəvvür edin, həmin təşkilatın üzv dövlətlərinin vətəndaşları gəlib Azərbaycanda bizim hesabımıza təhsil haqqısız oxuyacaqlar. Mənzil və kirayə dərdi çəkməyəcəklər, bizim hesabımıza dövlət onları yerləşdirəcək. Gündəlik yeyib, içəcəklər. Kitablarla təmin olunacaqlar. Nəqliyyatdan pulsuz istifadə edəcəklər. Kommunalı biz ödəyəcəyik. Və hətta ürəkləri istəyəndə ildə bir dəfə öz ölkələrinə bizim pulumuzla gedib-qayıda biləcəklər.

Bəs bu imtiyazlar niyə Azərbaycanın öz vətəndaşı olan tələbələrə şamil olunmur?

Azərbaycan universitetlərində təhsil 85% ödənişli əsaslarladır Bu həm də o deməkdir ki, Azərbaycan vətəndaşı olan tələbələrin (Qaçqın və məcburi köçkünlər istisna olmaqla) 85%-i ödənişli əsaslarla təhsil alır.

Azərbaycanda universitet yataqxanalarının adı var, özü yoxdur. Çünki yataqxanalar ya yaşanılası vəziyyətdə deyil, ya da məcburi köçkünlər tərəfindən tutulub. Ya da 1-2 yaxşı vəziyyətdə olan yataqxanada yaşamaq şansın olması üçün rektorluqda tanışın olmalıdır. Bu səbəbdən deyə bilərik ki, Azərbaycan vətəndaşı olan tələbələrin (Bakı, Bakıətrafı, Xırdalan və Sumqayıtda yaşayanlar istisna olmaqla) təxminən 95%-i kirayədə yaşayır. Bakıda minimum kirayə haqqını da yəqin bilirsiz. Əlavə olaraq o kirayə haqqının üstünə kommunal xərcləri də gələ bilərik. Vəziyyət ağırlaşır.

Üstəlik öz tələbələrimizin qayğısının üzərinə gündəlik tələbat olan yemək, qida xərclərini gəlməliyik ki, o tələbələr acından ölməsin. Tələbə dərslik əldə etmək üçün saatlarla kitabxanalarda vaxt keçirməlidir. Yeni ədəbiyyatı cibinin pulu ilə almalıdır. Universitetə gedəndə, qayıdanda, kitabxanaya gedərkən nəqliyyatdan istifadə etmək üçün cibində pulu olmalıdır.

Bir sözlə, Azərbaycanın universitetlərində uşaq oxutmaq hər oğulun işi deyil. Üstəlik adam düşünəndə ki, öz tələbələrimizin ata-anasının verdiyi vergidən, uşağını oxutmaq üçün universitetə ödədiyi təhsil haqqından əcnəbilər yararlanacaq, day deməyə söz tapmırsan.

Ümumiyyətlə biz beləyik də. İdman yarışları keçiririk, yarışlarda iştirak edəcək dövlətlərə səxavətliliyimizi göstərmək üçün onların bütün xərcini öz üzərimizə götürürük.

Var dövlətimizi göstərmək istəyirik, başqa ölkələrin vətəndaşlarına imtiyazlar yaradırıq.

Amma bu səxavətdən, bu var-dövlətdən öz balalarımız olan vətəndaşlarımıza qıymırıq.
Evdə konfeti, yaxşı təamları qonaq üçün saxlayıb, öz uşaqlarımızdan gizlətdiyimiz kimi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 269